YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətənpərvərlik, mərhəmət və xeyirxahlıq missiyası

Tofiq Cahangirov

YAP İdarə Heyətinin üzvü

2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradıldı. Bu, dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, idarəetmədə səmərəliliyin artırılması istiqamətində mühüm addım idi. 2017-ci il fevralın 21-də isə Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi. Bu təyinat dövlət idarəetməsində effektivliyin artırılması baxımından çox uğurlu qərar idi. Ötən 5 il ərzində Birinci vitse-prezidentlik institutunun çoxşaxəli və uğurlu fəaliyyəti də bunu təsdiq edir. Sözügedən dövrdə əldə olunan müsbət nəticələri nəzərə alaraq, əminliklə deyə bilərik ki, Birinci vitse-prezidentlik institutu Azərbaycanda idarəetmə sahəsində səmərəlilik və çevikliyi xeyli artırıb.

2017-ci il fevralın 21-də Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev demişdi: "Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatında mühüm və fəal rol oynayır. Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır. Deputat kimi çox böyük işlər görüb. Təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli işində böyük addımlar atıb. Seçicilərlə daim təmasdadır və onun deputat kimi fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır. Deputat kimi onun geniş beynəlxalq fəaliyyəti də var. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb".

2004-cü ildən Mehriban Əliyevanın ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidenti olduğunu xatırladan Prezident İlham Əliyev onu da bildirmişdi ki, Heydər Əliyev Fondu Mehriban xanımın rəhbərliyi altında nəinki Azərbaycanın, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilib: "Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihələrə, proqramlara start verilmişdir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində son 13 il ərzində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Digər layihələr ölkəmizin hərtərəfli inkişafına xidmət göstərmişdir. Heydər Əliyev Fondunun xətti və dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilmişdir. Bir çox hallarda bu məsələlər ictimaiyyət üçün açıqlanmır. Fondun fəaliyyəti məhz o məqsədi güdür ki, ehtiyacı olan insanlara yardım etsin və ən az müdafiə olunan vətəndaşlara imkan daxilində öz dəstəyini göstərsin".

Doğrudan da, Vətən və xalq naminə mühüm işlər, müasir Azərbaycanın inkişafı, ölkədə mövcud olan sosial məsələlərin həlli,  təhsil və səhiyyə sahəsində vacib layihələr, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı, xeyirxahlıq, qayğı və şəfqət Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsidir.

Sadalananlarla yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti əvvəllər olduğu kimi, son 5 ildə də keçmiş məcburi köçkünlərin problemləri ilə yaxından maraqlanıb, onların diqqət və qayğı ilə əhatə olunmalarına mühüm töhfə verib. Xatırlayırsınızsa, Mehriban xanım Birinci vitse-prezident kimi öz ilk müşavirəsini məhz keçmiş məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etmişdi. Mehriban xanım Əliyeva həm ölkə daxilində sosial problemlərin həlli, həm də ölkə xaricində Azərbaycanın təbliğ edilməsi istiqamətində də çox mühüm layihələr reallaşdırıb və bu istiqamətdə işlər hazırda da davam etdirilir.

Həmçinin Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın mədəni irsinin qorunması, dünyada təbliği, işğaldan azad edilmiş ərazilərdə mədəni abidələrimizin, məscidlərimizin təmir və bərpası istiqamətində mühüm işlər görülür.

Uzun illərdir ki, Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi qeyri-maddi mədəni irsin təbliği və qorunması missiyasını şərəflə yerinə yetirir. Eyni zamanda, ISESCO-nun da xoşməramlı səfiri olaraq Azərbaycan tarixini və mədəni irsini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində davamlı fəaliyyət göstərir. Məhz bu səylərin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Bundan başqa, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib.

Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi ilk çıxışında bildirmişdi ki, gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır: "Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

Öz fəaliyyətində insansevərlik, mərhəmət, xeyrixalıq kimi yüksək mənəvi dəyərləri üstün tutan Mehriban xanım Əliyeva daim əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həllinə xüsusi diqqət ayırır. Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına həsr edən Mehriban xanımın tapşırıqları əsasında həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlərin görülməsinə başlandı. Nəticədə qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı.

Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Aprel döyüşləri zamanı, eyni zamanda, 44 günlük Vətən müharibəsində ağır yaralanan qazilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin müharibədə sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən Heydər Əliyev Fondu Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası istiqamətində də mühüm işlər görüb. Yanvarın 16-də Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında çıxışı zamanı bu məsələyə toxunaraq bildirdi: "Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm ki, Fond digər layihələrdə də fəal iştirak edəcək. Bildiyiniz kimi, məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almışdır və mənim iştirakımla Qobu qəsəbəsində bir neçə böyük, çoxmərtəbəli evlərin inşası təmin edilmişdir".

32 ildən sonra Şuşada, Cıdır düzündə Heydər Əliyev Fondu tərəfindən təşkil olunan “Xarıbülbül” Musiqi Festivalı, Fondun təşəbbüsü ilə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusunun, “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusunun hazırlanması da Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin təşviqi və qorunması işinə dəyərli töhfələrdir.

Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-dan çox uşaq müəssisəsi əsaslı təmir edilib.

Əhalinin sağlamlığı məsələsi də daim Mehriban Əliyevanın diqqət mərkəzindədir. Onun təşəbbüsü olan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu layihələr çərçivəsində Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən layihələri  yalnız ölkəmizin hüdudları ilə məhdudlaşmır. Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fonddu Vatikanda, Fransada, Pakistanda, Cibutidə, Bosniya və Herseqovinada, Misirdə, Hindistanda və digər ölkələrdə önəmli layihələr icra edib.

Mehriban Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti yalnız Azərbaycanda deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı... Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban xanım Əliyeva hesab edir ki, onun ən böyük mükafatı xalqın sevgisi, inamı və etimadıdır. Onun dediyi kimi, “illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.