YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın arzu və istəklərini gerçəkləşdirən partiya

Bəxtiyar Sadıqov

Milli Məclisin deputatı

Yeni Azərbaycan Partiyası xalqın və dövlətin ən çətin günlərində, taleyüklü bir dönəmdə yaradıldı. Elə bir dövrdə ki, deklorativ müstəqilliyini elan edən Azərbaycan kompassız və yelkənsiz gəmini xatırladırdı. Dövləti dağılmaqdan qurtarmaq, düzgün inkişaf yolunu müəyyənləşdirmək, xalqı səfərbərliyə alaraq mövcud təhlükələri dəf etmək təxirəsalınmaz zərurətə çevrilmişdi. Maymaq və qorxaqların, səriştəsiz və təcrübəsizlərin ölkə rəhbərliyinə gəlməsi, naşı və uzağı görməyən siyasət yeritməsi, üstəlik, xalqın etimadını itirmələri ölkəni real fəlakət həddinə çatdırmışdı.

Bu məqamda Azərbaycan xalqı öz taleyini yalnız yaxşı tanıdığı, sevdiyi və sınaqdan çıxardığı övladına etibar edə bilərdi.

Ulu Öndər Heydər Əliyev ona müraciət edən xalqın səsinə biganə qala bilməzdi. Çünki özü də vəziyyətin mürəkkəbliyini, Azərbaycana yönələn təhdidləri, nəinki müstəqilliyimizi, hətta dövlətimizi təqib edən real təhlükələri yaxşı görürdü. Lakin Azərbaycan artıq bazar iqtisadiyyatı və demokratik inkişaf yolunu seçdiyindən hakimiyyətə qayıdış da sivil, demokratik yolla gerçəkləşdirilə bilərdi.

Bir qrup ziyalının Ulu Öndərə müraciəti bu dahi şəxsiyyət tərəfindən müsbət qarşılandı. Beləliklə, yeni bir partiyanın - yeniləşməkdə qərarlı olan Azərbaycanın siyasi həyatında mühüm rol oynayacaq partiyanın quruculuğu prosesinə başlanıldı.

Partiyanın adını və rəmzini də Ulu Öndərimiz özü seçdi.

Azərbaycan xalqı Heydər Əliyevin adı ilə bağlı olan yeni bir partiyanın yaradılmasını böyük sevgi ilə qarşıladı. O dövr müxalifətçilərinin yaratdıqları bütün maneələrə, hədələrə və əngəllərə baxmayaraq, imzatoplama mərasimi respublikanın bütün guşələrində sürətlə getdi. İnsanlar böyük həvəslə yeni partiyaya üzv olacaqlarını imzaları ilə təsdiqləyirdilər. Xalqın arzularını və ümidlərini doğuracaq yeni partiya 22 noyabr 1992-ci ildə təsis konfransını keçirərək həyat vəsiqəsi aldı.

Ümummilli Lider Heydər Əliyevin sədirliyi ilə keçirilən bu konfransda YAP-ın proqram və nizamnaməsi də qəbul olundu.

Bu gün Azərbaycan müstəqil, hüquqi-demokratik və oturuşmuş bir dövlətdir. Onun yeni Konstitusiyası qəbul olunmuş, demokratik təsisatları yaradılmışdır. Hakimiyyət bölgüsü aparılmış, dünya dövlətləri, beynəlxalq qurum və təşkilatlarla bərabərhüquqlu münasibətlər qurulmuşdur. Azərbaycan milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür, öz sözünü aydın və ucadan deyir. Artıq dövlətimiz yerləşdiyi regionda və dünyada böyük nüfuz sahibinə çevrilib, hətta ən ağır və mürəkkəb problemi olan Qarabağ münaqişəsini də 44 günlük Zəfər müharibəsi ilə həll edib!

Yeni Azərbaycan Partiyası yaradılanda isə bütün bunların hamısı arzu, çatılası çətin və uzaq görünən hədəflər idi. Üstəlik, YAP-ın özü belə müxalifət partiyası, iqtidara gəlmək iddiasında olan partiya sayılırdı. Proqramında isə bütün bunların hamısı əhatəli və dəqiqliklə göstərilmişdi.

Yeri gəlmişkən, bir vacib məqamı da qeyd edək. YAP müxalifət partiyası kimi fəaliyyət göstərdiyi müddətdə əsl müxalifət partiyası necə olar və nə sayaq səmərəli çalışa bilər nümunəsini də ortaya qoydu.

YAP bir dəfə də dağıdıcılıqla məşğul olmadı, milli maraqların əleyhinə getmədi, hakimiyyətə gəlmək naminə xalqın maraqlarına, dövlətin mənafeyinə qarşı çıxmadı, onun imicinə və təhlükəsizliyinə xələl gətirəcək addımlar atmadı. Açıq mübarizə apardı, demokratik prinsipləri pozmadı, qanunların tələblərinə ciddi əməl etdi.

Bu gün Cənubi Qafqazın ən böyük partiyası olan YAP-ın yüksək nüfuzunun səbəblərindən biri də müxalifətdə olanda və sonrakı dövrlərdə demokratiyanın və qanunun tələblərinə dönmədən əməl etməsi, milli maraqları daim öndə tutması, quruculuqla məşğul olması, xalqın istəklərini mərhələlərlə gerçəkləşdirməsidir.

Yeni Azərbaycan Partiyasının özəlliklərindən biri də odur ki, partiya iqtidara öncə seçkilər yolu ilə gəlmədi. Xalqın çağırışı ilə müstəqilliyimizi məhvolma, Azərbaycanı isə kiçik xanlıqlara bölünmə təhlükəsindən xilas etmək üçün Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdı. 4 ay sonra keçirilən seçkilərdə isə xalqın birmənalı mütləq dəstəyi ilə YAP sədri Ulu Öndər Heydər Əliyev Azərbaycan Prezidenti seçildi. Beləliklə, YAP da iqtidar partiyasına çevrildi. Əslində, Yeni Azərbaycan Partiyasının proqramında qoyulan bütün hədəflər və vəzifələr müstəqil Azərbaycan dövlətinin qarşısında duran və həllini gözləyən problem və vəzifələrlə tam üst-üstə düşürdü. Başqa sözlə, mahiyyətcə dövlətin və partiyanın yaxın və uzaq hədəfləri eyni idi.

Artıq həmin hədəflərin, demək olar ki, hamısı fəth olunmuşdur. Dövlət idarəçiliyində varislik, müstəqillik, qanunçuluq, vətəndaş həmrəyliyi, konstruktiv əməkdaşlıq, sosial ədalətin bərpası prinsipləri uğurla həyata keçirilmişdir. Bu gün xalqımızı birləşdirən azərbaycançılıq ideologiyası həyat tərzimizə çevrilmiş, 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəni təmin edən başlıca amillərdən biri olmuşdur.

Ötən 30 ildə Azərbaycan cəmiyyətində də çox böyük dəyişikliklər baş vermiş, Azərbaycan bütün mənalarda - həm mahiyyətcə, həm də quruculuq baxımından çoxsaylı nailiyyətlər qazanmışdır. Hakimiyyət bölgüsü aparılmış, Milli Məclisə və yerli özünüidarə orqanlarına çoxsaylı demokratik seçkilər keçirilmiş, müasir parlament ənənələri formalaşmış, ölkə başdan-başa yenidən tikilib qurulmuş, Azərbaycan öz tarixinin ən qüdrətli dövlətinə çevrilmişdir. Bütün bu nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının və onun üzvlərinin də danılmaz fəaliyyəti, zəhmət payı vardır.

Bütövlükdə, fəaliyyətə başladığı ilk günlərdən “Yeni, müstəqil Azərbaycan uğrunda” çağırışını özünə deviz seçən YAP Ulu Öndərimizin apardığı müdrik, uzaqgörən, məqsədyönlü və dəqiq hədəflərə hesablanmış siyasət nəticəsində xalqın etimadını doğrultdu, müstəqilliyimizin əbədiliyə və dönməzliyə çevrilməsinə, dövlətimizin nüfuz və qüdrətinin yüksəlməsinə sanballı töhfələr verdi.

Həyat bir yerdə dayanmır, daim inkişaf edir, yeni çağırışlar və sınaqlar meydana gəlir. Cənab İlham Əliyevin YAP-ın I qurultayında partiyanın sədr müavini, daha sonralar isə birinci müavini və sədri seçilməsi təşkilatın həyatında böyük siyasi hadisə oldu. Siyasi varislik ənənəsinə sadiq qalaraq prezidentliyi və partiyaya rəhbərliyi dövründə Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev dövlətin və partiyanın inkişafı istiqamətində möhtəşəm uğurlara imza atdı. “Müasir, qüdrətli və zəngin Azərbaycan naminə” çağırışını irəli sürməklə bərabər, onun reallaşmasına dəyərli töhfələrini də verdi. Tarixən qısa bir dövrdə Azərbaycan özünün enerji və nəqliyyat təhlükəsizliyini təmin etdi, öz imkanları hesabına nəhəng transmilli layihələr reallaşdırdı, üstəlik, Avropanın enerji təchizatında etibarlı tərəfdaşa çevrildi.

Bu gün Azərbaycan dünyada həm də müasir demokratik imici olan ölkə, logistika mərkəzi, mühüm nəqliyyat dəhlizinin keçdiyi məkan sayılır. İnkişaf, dəyişiklik və yeniləşmə bütün sferanı əhatə etmiş, insanların, dövlətin həyatında, ictimai-siyasi proseslərdə dərin iz buraxmışdır. Heç bir mübaliğəyə yol vermədən deyə bilərik ki, son 30 il ərzində Azərbaycan əsrə bərabər inkişaf yolu keçmişdir. Paytaxt Bakı yenidən, əsaslı şəkildə təzədən tikilib qurulmuş, ərazisi genişlənmiş, yeni küçə və xiyabanlar, məhəllələr salınmış, gözəl memarlıq nümunələri ilə bəzədilmişdir. Bakının gözəlliyi buraya gələn qonaqları valeh edir, barəsində ən xoş təriflər səsləndirilir. Ölkə paytaxtı həm də nüfuzlu beynəlxalq tədbirlərin, bəşəriyyətin taleyi ilə bağlı mühüm və qlobal problemlərin müzakirə olunduğu nüfuzlu tədbirlərin keçirildiyi məkan hüququnu da qazanmışdır. Paytaxtımız həm də ilk Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyununun, habelə Avropa və dünya birinciliklərinin, nüfuzlu beynəlxalq idman yarışlarının keçirildiyi ən arzuolunan məkan statusunu da qazanmışdır. Bu, təkcə zəruri idman arena və qurğularının mövcudluğu ilə deyil, həm də möhtəşəm tədbirlərin uğurlu təşkili təcrübəsi və xalqımızın qonaqpərvərliyi ilə də bağlıdır.

İndiyədək regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət tərəfindən qəbul edilən dörd dövlət proqramının qəbulu və icrası isə Azərbaycanın bütün bölgə və guşələrinin hərtərəfli inkişafını təmin etmişdir. Bu gün paytaxt Bakıdan çıxaraq respublikanın hansı regionuna üz tutsan, rahat yolların, bir-birindən yaraşıqlı fərdi və ictimai binaların, evlərin tikildiyinin, park və meydanlar salındığının, olimpiya idman komplekslərinin, “Asan xidmət” mərkəzlərinin inşasının şahidi olarsan.

Kəndarası yolların təmiri, yenidən qurulması və təzələrinin çəkilməsi prosesi əsasən başa çatmış, qazlaşdırma isə yekunlaşmaq üzrədir. Regionlarda kənd təsərrüfatının inkişafı ilə yanaşı, sənaye müəssisələrinin açılışına, yeni iş yerlərinin yaradılmasına xüsusi diqqət yetirilir. Sahibkarlığın inkişafına dövlət tərəfindən daim dəstək verilir, emal müəssisələrinin yaradılması, fermerlərə güzəştli şərtlərlə gübrə satışı və subsidiyalar ödənilməsi təmin olunur.

Qazanılan nailiyyətlər sırasında multikultural dəyərlərin qorunması və inkişafı xüsusi yer tutur.

Azərbaycan tarixən çoxmillətli və çoxkonfessiyalı olub. Bu zənginlik və rəngarənglik dövlətin və mədəniyyətin inkişafına dəyərli töhfələr verib. Ulu Öndər Heydər Əliyevin “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq” tezisi daim qüvvədədir və gündəlik həyatımızda özünü təsdiq edir. Bir-birinin dini dəyərlərinə, mədəniyyətinə qarşılıqlı hörmət, maneyə və çətinliklərin birlikdə dəf edilməsi, yad ünsürlərə və düşmənə qarşı birgə mübarizə uğur və qələbələri artıran məqamlardandır. Dünyada milli və etnik zəmində qarşıdurma baş verdiyi, ikili standartların mövcudluğu şəraitində Azərbaycan xalqının bu birliyi hamı üçün nümunəyə çevrilmişdir. Özünün qədim və tarixi multikultural dəyərləri ilə dünyaya çıxan Azərbaycan bu sahədə örnəkdir. Artıq bütün dünya bunu görür, bilir və öyrənməyə çalışır.

Azərbaycan xalqının son illərdə qürur duyduğu məqamlardan biri də milli birliyin təmini və taleyüklü məsələlərin həllində bu birliyin mühüm amillərdən birinə çevrilməsidir.

Ötən otuz ildə ölkəmizdə mətbuat və söz azadlığı, insan haqlarının qorunması təmin olunmuş, çoxpartiyalı sistemə keçid baş vermiş, fikir plüralizmi bərpa edilmişdir. Azərbaycanda qəzet təsis etmək, sayt açmaq, partiya yaratmaq yolunda bütün bürokratik əngəllər aradan qaldırılmışdır. İnsanlar öz fikirlərini sərbəst ifadə edir, mövqe və mülahizələrini çəkinmədən bildirirlər. İnternet istifadəçilərinin sayının ölkə əhalisinin 90 faizi civarında olması, sosial şəbəkələrdə istənilən fikrin maneəsiz söylənməsi, hətta bəzən ölkə vətəndaşlarının məsuliyyətsiz söz azadlığından əziyyət çəkməsi belə günümüzün yeni reallıqlarındandır. Lakin Azərbaycanın hazırkı iqtidarı bu sahədə heç zaman heç bir məhdudiyyət tətbiq etmir və etməyəcəkdir. Yeganə istək hamının demokratik prinsiplərlə yanaşı, qanunun aliliyinə də hörmətlə yanaşmasıdır.

Şübhəsiz, ötən 30 ilin ən böyük uğur və nailiyyəti iki əsrdir davam edən Qarabağ münaqişəsinin qələbə ilə həlli, alçaq ermənilərin doğma torpaqlarımızdan qovularaq ərazi bütövlüyümüzün bərpasıdır!

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin möcüzə təsiri bağışlayan qələbəsi bütün dünyada şok effekti doğurdu, Azərbaycan xalqına mübariz, döyüşkən, qəhrəman xalq kimi sonsuz hörmət qazandırdı.

Əslində, Qarabağ uğrunda Vətən müharibəsindəki möhtəşəm qələbə Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə 30 ildə Azərbaycan dövlətinin və cəmiyyətinin keçdiyi yolun, bütün sahələrdə qazandığı nailiyyətlərin yekunu, həm də qiymətləndirilməsi sayıla bilər!

Bu qələbə göstərdi ki, Heydər Əliyev yolu yeganə doğru yoldur ki, ölkənin milli maraqlarını qorumağı və təminini, sürətli və davamlı inkişafını, ən çətin və mürəkkəb problemlərin uğurlu həllini təmin edə bilir.

Bu qələbə göstərdi ki, müstəqil Azərbaycan düzgün istiqamət tutaraq vaxtında zəruri islahatların aparılmasını, xalqın sosial rifahının durmadan yaxşılaşdırılmasını və vətəndaş məmnunluğunu təmin etməklə qısa müddətdə möcüzələr belə yaratmağa qadirdir!

Bu qələbə göstərdi ki, YAP-ın rəhbərliyi və fəaliyyəti, azərbaycançılıq ideologiyasının real həyatda yer tutması, gənc nəslin təlim-tərbiyəsinin düzgün qurulması və ölkə daxilindəki bütün sağlam qüvvələrin bir istiqamətə yönəldilməsi sayəsində yeni vətənpərvər gənclər nəsli yetişdirmək, mətin və güclü ordu qurmaqla ən mənfur düşməni belə qısa zamanda məhv etmək mümkündür!

Bu qələbə göstərdi ki, xalqın sevdiyi və güvəndiyi rəhbər, ölkə vətəndaşlarının arzu, istək və maraqlarının ifadəçisi olan partiya öz qarşısına ən çətin və mürəkkəb vəzifələri qoyduqda belə cəmiyyətin böyük əksəriyyətini təşkil edən sağlam qüvvələri birləşdirməyə və dəqiq hədəflərə çatmağa nail olur.

Öz proqramında “Yeni, müstəqil Azərbaycan uğrunda!” çağırışını irəli sürən Yeni Azərbaycan Partiyası xalqın birliyi və doğru inkişaf yolu hesabına tarixən qısa müddətdə bütün məqsədlərinə nail oldu! Həm müasir, hüquqi-demokratik dövlət quruldu, həm də Azərbaycan xalqının seçdiyi və arzuladığı cəmiyyət formalaşdırıldı.

Həyat yerində durmur, daim inkişaf edir, yenilənir! Bu yeniləşmə öz sıralarında 800 min nəfərə yaxın üzvü birləşdirən, daim inkişafa, yeniliyə və mütərəqqi dəyişikliklərə can atan partiyadan da yan keçə bilməz! YAP-ın uğurlarını təmin edən ən mühüm məqamlardan biri də məhz budur ki, o, daim hər yeniliyə açıqdır, qlobal çağrışlara cavab verməyə, hadisələri qabaqlamağa hazır və qadirdir!

Bütün bunlar nəzərə alınmaqla partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə yeni proqram işlənib hazırlanmış və təsdiq edilmişdir.

Budəfəki deviz isə partiyamızın möhtərəm sədri cənab İlham Əliyev tərəfindən Vətən müharibəsi dövründə irəli sürülən, xalqın milli və monolit birliyinə səbəb olan “Biz birlikdə güclüyük!” devizidir!

Bəli, Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır, öz hədəflərinə xalqın birliyi və dəstəyi sayəsində nail olur!

Yeni proqramda əvvəlki dövrdə qələbəyə gətirən ideya-siyasi, nəzəri təcrübənin, habelə nailiyyətlərə çatdıran üsul və vasitələrin, sınaqdan çıxmış metodların davam etdirilməsi nəzərdə tutulur. Başqa sözlə, ideya-siyasi varislik prinsipinə əsaslanmaqla partiyanın əvvəlki proqramında əksini tapmış və müasir dövrün tələblərinə cavab verən ideoloji vasitələr də qorunub saxlanılır.

Partiyanın yeni proqramı beş fəsildən ibarətdir. “Partiyanın inkişafı və uğurları” adlanan birinci fəsildə YAP-ın inkişaf yoluna nəzər salınır. Konkret faktlar və misallar əsasında, yığcam şəkildə YAP-ın qət etdiyi uğurlu yoldakı ürəkaçan nailiyyətlər sadalanır. Eyni zamanda yeni proqramın prizmasından gələcəyə də baxılır: “YAP-ın VII qurultayı (5 mart 2021-ci il) Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələr qoyur. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. VII qurultayda bir daha aydın oldu ki, YAP Azərbaycanın hərtərəfli inkişafına töhfə verən böyük sosial bazaya, güclü siyasi-intellektual potensiala malikdir. Bu isə partiyanın məqsəd və vəzifələrini gələcəkdə də şərəflə yerinə yetirəcəyini şərtləndirir”.

“Siyasi dəyərlər və prinsiplər” adlanan ikinci fəsildə Heydər Əliyev yolunun mahiyyəti və xüsusiyyətləri yığcam və əsaslı şəkildə təhlil olunur. Burada “Heydər Əliyev yolu” nədir sualına da tam cavab tapa bilərik.

“Heydər Əliyev yolu:

* milli maraqların üstünlüyü;

* güclü, müstəqil, hüquqi, demokratik dövlət;

* inkişaf edən şaxələndirilmiş iqtisadiyyat;

* idarəçilikdə və milli ideologiyada varislilik;

* azad insan, azad cəmiyyət, xalq-hakimiyyət vəhdəti, inkişaf etmiş vətəndaş cəmiyyəti, söz və mətbuat azadlığı, siyasi plüralizm, multikulturalizm, tolerantlıq kimi dəyərlər üzərində qurulub”.

Bu yolun əsas üstünlüklərindən biri də budur ki, milli çağırışların qlobal çağırışlarla uzlaşdırılmasını təmin edir.

Üçüncü fəsildə “Partiyadaxili münasibətlərin və partiyanın əsasları”ndan danışılır, peşəkarlıq, işgüzar münasibətlər, sağlam rəqabət, innovativ inkişaf və kreativlik, elmlik, müasirlik prinsipləri və digərləri önə çəkilir. Bu tələblərin hər birinin vacibliyi göstərilir, əhəmiyyəti vurğulanır: “Yaradıcı təfəkkür, kreativ düşüncə, təşəbbüskarlıq və innovativ inkişaf müasir dünyada peşəkar fəaliyyət meyarıdır. Səmərəlilik, rasionallıq, çeviklik, müasirlik və aktuallıqla səciyyələnən kreativ yanaşma siyasi münasibətlərə də sirayət edir.

Özündə siyasi baxışları əks etdirən konseptual sənədlərin hazırlanmasında, siyasi müzakirələrin və təbliğat xarakterli tədbirlərin təşkilində kreativ yanaşma xüsusi yer tutur.

Müasir dövrdə rəqəmsal texnologiyaların müxtəlif sahələrdə, o cümlədən siyasətdə tətbiqi artacaqdır. Dünyada sürətlə gedən rəqəmsal transformasiya prosesləri və inkişaf edən “rəqəmsal cəmiyyət” formasiyası konkret sahələr üzrə tədricən yeni fəaliyyət qaydaları yaradacaqdır”.

“Partiyanın əsas hədəfləri” fəsli öz əhatəliyinə və genişliyinə görə diqqəti cəlb edir. Bu fəsildə “Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Ordu quruculuğu”, “İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdış” və digər vacib bölmələr vardır.

Yeni Azərbaycan partiyasını digər partiyalardan fərqləndirən əsas xüsusiyyətlərdən biri də odur ki, partiya yaxın və perspektiv müddətdə dövlətin qarşısında duran hədəflərə çatılmasını özünün prioriteti hesab edir, bütün imkanlarını səfərbərliyə alaraq qüvvələri problemlərin daha tez və səmərəli, uğurlu həllinə yönəldir. Başqa sözlə, partiya resurslarını dövləti vəzifələrinin yerinə yetirilməsinə müvəffəqiyyətlə tətbiq etməyi bacarır.

Hazırkı mərhələdə əsas məqamlardan biri Vətən müharibəsindən qələbə ilə çıxmış dövlətin Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşən insanların doğma torpaqlarına qayıdışını təmin etməsidir.

Şübhəsiz, YAP bu prosesdən kənarda qala bilməz. Odur ki, yeni proqramda iqtidar partiyasının bu sahədə qarşıya qoyduğu vəzifələr də əksini tapıb:

“ * layiqli yaşayışın bərpası üçün işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin aparılması;

* bu ərazilərin ölkənin ən abad guşələrindən birinə çevrilməsi;

* bu ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi;

* regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması;

* regionun sürətli iqtisadi inkişafının təmin olunması üçün stimullaşdırıcı tədbirlərin görülməsi;

* “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının hazırlanması və həyata keçirilməsi”.

Beşinci fəsil lakonikliyi ilə diqqəti cəlb edir.

“Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlanan bu fəsildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsində qazandığı zəfərdə onun güclü liderlik keyfiyyətlərinin, yüksək intellekti və diplomatik məharətinin, qətiyyət və prinsipiallığının, xarici siyasətdə qazandığı nailiyyətlərin mühüm rol oynaması xüsusi vurğulanır. Xalqımız üçün bu ağır sınaq dövründə xalq-dövlət birliyinin, milli həmrəyliyin mövcudluğu və möhkəmliyi şanlı qələbəni təmin edən mühüm amillərdən biri olduğu göstərilir.

YAP-ın ümumxalq partiyası olması onu gələcəkdə də aparıcı siyasi qüvvə kimi gücləndirən meyardır, partiyada tanınmış ziyalılar, elm, mədəniyyət, incəsənət xadimləri, gənclər və qadınlar, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin geniş şəkildə təmsil olunması xalqımızın Heydər Əliyevin yaratdığı partiyaya böyük etimadının ifadəsidir.

Dünya sürətlə dəyişir, qloballaşma prosesi yeni çağırışlara meydan açır. Bu inkişaf və yenilənmə dövründə İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan daim öz maraqlarını qorumağı, xalqın sosial rifahını yüksəltməyi, müstəqil dövlətimizi tərəqqi yolu ilə uğurla aparmağı bacarır. Azərbaycan xalqı əmindir ki, xalq-iqtidar birliyi, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi sayəsində yeni hədəflər də fəth olunacaq, daim yenilənən  Yeni Azərbaycan Partiyası yeni proqramında qarşıya qoyduğu vəzifələri şərəflə yerinə yetirəcəkdir!