YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət strukturunda rəhbər vəzifələrin təxminən 70 faizini gənclər təşkil edir

Səməd Seyidov

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri

Azərbaycanda müstəqillik illərindən sonra həyata keçirilən gənclər və idman siyasətinin prioritet istiqaməti gənc nəslin fiziki-mənəvi potensialının möhkəmləndirilməsinə xidmət edən kompleks tədbirlərin gerçəkləşdirilməsidir. Əsası Ulu [ndər Heydər Əliyev tərəfindən qoyulan bu strateji xətti uğurla davam etdirən Prezident İlham Əliyev daim gənclərə imkanları çərçivəsində geniş meydan verilməsinə, gənc nəslin zəruri tələbat və ehtiyaclarının ödənilməsinə çalışmışdır. Dövlət başçısının bu çevik sosial zümrəyə diqqət və qayğısı ümummilli lider Heydər Əliyevin möhkəm təməllərlə əsasını qoyduğu gənclər siyasətinin məntiqi davamıdır. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2007-ci ilin “Gənclər İli” elan olunması da ölkəmizdə gənclər siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını təsdiqləyir. Bu, bir tərəfdən gənclərə daha geniş şərait yaratmaq, digər tərəfdən onların potensialından dövlət quruculuğu prosesində maksimum istifadə etmək məqsədi daşıyır. Xüsusi olaraq qeyd edim ki, bir çox MDB və dünya dövlətlərində Gənclər və İdman Nazirliyi adlı hansısa qurum yoxdur. Azərbaycanda 1994-cü ildən belə bir nazirliyin mövcud olması və gənclərlə iş sahəsində uğurla fəaliyyət göstərməsi təsdiqləyir ki, respublikamızda gənclər və idman siyasəti daim diqqət mərkəzindədir.

Dövlət strukturunda rəhbər vəzifələrin təxminən 70 faizini gənclər təşkil edir. Hazırda daha çox müasir bilikləri və yeni informasiya texnologiyalarını mənimsəmiş gənclərə ehtiyac var. Mən deyə bilərəm ki, sevindirici haldır ki, müasir Azərbaycan gəncliyi beynəlxalq aləmdə layiqincə təmsil olunur, Respublikamız getdikcə beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilir. Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.

Ölkə başçısının gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsini hər zaman əsas hesab edib. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində zəruri tədbirlər həyata keçirilir. Gənclər dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışıblar. Bunun ən gözəl nümunəsi olan 44 günlük Vətən müharibəsini qeyd edə bilərik. Gəncliyimiz düşmən qarşısında canını sipər etdi, torpaqlarımızı əsarətdən qurtardı. Sonda qeyd edim ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət də öz növbəsində sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.