YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçında 2500 müxtəlifcinsli ağac əkilib, 500 kiloqrama yaxın palıd toxumu səpilib

Bu gün Laçının işğaldan azad edilməsinin bir ili tamam olur . Həmin münasibətlə IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" kampaniyası çərçivəsində Laçının Güləbird kəndinin iki müxtəlif ərazisində ağacəkmə aksiyaları keçirilib. Tədbirdə Ekologiya və Təbii Sərvətlər, Müdafiə və Daxili İşlər nazirliklərinin nümayəndələri, “Azərenerji” ASC-nin "Güləbird" Su Elektrik Stansiyası əməkdaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, aksiya zamanı 2500-ə yaxın müxtəlifcinsli ağaclar əkilib: "Bu müqəddəs torpaqda təşkil edilən aksiya çərçivəsində rayonun florasında əsas yer tutan şərq çinarı ağacına üstünlük verilib. Bundan əlavə, dağdağan, qarağac, göyrüş əkilib, 500 kiloqrama yaxın palıd toxumu səpilib".

Vaxtilə Laçında 33 min hektara yaxın meşə fondu ərazisinin mövcud olduğunu vurğulayan nazir müavini digər rayonlarda olduğu kimi Laçında da meşə fondu ərazisinin bir neçə min hektarının erməni vandalları tərəfindən "yaşıl soyqrıma" məruz qaldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, burada vaxtilə Laçın Dövlət Təbiət Yasaqlığı da fəaliyyət göstərib. Həmin yasaqlığın da fauna və florası böyük zərbələrə məruz qalıb.

"Ətraf mühitin bərpası tədbirlərinin miqyasını genişləndirməklə vurulan yaralara məlhəm olmaq, təbiətimizin sağalmasını daha da tezləşdirmək istəyirik. Dövlət başçısının tapşırığına uyğun olaraq "Böyük Qayıdış"ın tərkib hissələrindən biri də məhz ətraf mühitin bərpası istiqamətində görülən işlərdir. Tezliklə bu torpaqların sakinləri öz yurdlarına qayıdacaqlar. İstəyirik ki, onlar qayıdana qədər müvafiq işləri vaxtında görək. Odur ki, bərpa, yenidənqurma işlərinin günbəgün miqyası genişlənir", - deyə F.Əliyev qeyd edib.