YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdə “Azərbaycan günü” adlı tədbir keçirilib

Fevralın 27-də Parisdə “Azərbaycan günü” adlı tədbir başlayıb. Tədbirin əsas məqsədi Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsi, birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirməkdir.
“Kampüs Frans” Agentliyinin direktoru Antuan Qrassən “Azərbaycan günü” tədbirini açıq elan edərək, onun əhəmiyyətini diqqətə çatdırıb. A.Qrassən Fransa-Azərbaycan təhsil əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirib, “Azərbaycan günü” çərçivəsində ölkələrimiz arasında təhsil sahəsində fikir mübadiləsinin aparılacağını qeyd edib. Tədbirdə ilk dəfə Azərbaycanın 10-a yaxın aparıcı universitet rəhbərlərinin təmsil edildiyini və bunun təhsil sahəsindəki əməkdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdıran A.Qrassən Azərbaycan ilə Fransa arasında 2013-cü və 2014-cü illərdə təhsillə bağlı iki forumun keçirildiyini xatırladıb, “Kampüs Frans”ın Bakıda nümayəndəliyinin açıldığını vurğulayıb.
Sonra Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov çıxış ediblər. Çıxışlarda Fransa Prezidenti Fransua Ollandın və Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı səfərləri nəticəsində bir çox sahələrdə, o cümlədən təhsil sahəsində ölkələrimiz arasında yüksək səviyyədə əməkdaşlığın qurulduğunu və son illər nəzərəçarpacaq irəliləyişlərin əldə edildiyini vurğulayıb, Azərbaycanda Fransa İnstitutunun fəaliyyətə başlamasının bu əməkdaşlığın bariz nümunəsi olduğunu bildiriblər.
Strasburq Universitetinin prezidenti Alen Beretz dialoq mühitində keçirilən bu tədbirdə ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi və elmi tədqiqatlar sahəsində əməkdaşlıq imkanlarından söhbət açıb. A.Beretz tədbirin davamı olaraq bu ilin mart ayında Fransa təhsil işçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini diqqətə çatdırıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək, “Kampüs Frans” Agentliyinin rəhbərliyinə belə bir tədbirin təşkilinə görə təşəkkürünü bildirib. Nazir müavini qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən ölkələrimiz arasında, xüsusilə də mədəniyyət və təhsil sahəsində dinamik və məhsuldar əməkdaşlığın təməli qoyulub. Son illər Azərbaycan-Fransa əlaqələrinin inkişaf etdiyini bildirən F.Qurbanov ümummilli lider Heydər Əliyevin Fransa ilə əməkdaşlığa xüsusi önəm verdiyini, bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, əlaqələrimizin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da mühüm rol oynadığını vurğulayıb.
Nazir müavini ölkəmizin sosial-iqtisadi yüksəlişi, xüsusilə son 10 ildə qazanılan uğurlar barədə geniş məlumat verib. Son illər təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işləri, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirləri, ali təhsil sahəsində ən mühüm təşəbbüslərdən olan SABAH qruplarının yaradıldığını nəzərə çatdıran F.Qurbanov bu qruplarda fransız dilinin tədrisi imkanlarının araşdırıldığını deyib. Nazir müavini Azərbaycanla Fransanın ali təhsil sahəsindəki əməkdaşlığını, azərbaycanlı gənclərin dünyanın aparıcı universitetlərində, xüsusilə Fransanın ali məktəblərində də təhsil aldığını qeyd edib. Eyni zamanda, gənclərin xaricdə təhsili üzrə yeni dövlət proqramının hazırlandığını, Azərbaycanın bu proqram çərçivəsində Fransa ilə əməkdaşlıqda maraqlı olduğunu nəzərə çatdırıb.
F.Qurbanov Azərbaycanda ali təhsil sisteminin inkişaf etdirilməsi ilə yanaşı, gənclərə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaları üçün geniş imkanlar yaradıldığını xüsusi vurğulayıb.
Azərbaycan nümayəndə heyətinin bu səfərinin iki ölkənin təhsil sahəsində əlaqələrinin inkişafına güclü təkan verəcəyini deyən nazir müavini bu istiqamətdə fikir mübadiləsinin, ikitərəfli məsləhətləşmələrin aparılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət üzrə attaşesi Vinsan Loranzini elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə ölkələr arasında təhsil sahəsində əməkdaşlığın rolundan, Fransanın ali təhsil ocaqlarının fəaliyyətindən bəhs edib.
Azərbaycan Dillər Universitetinin xarici əlaqələr üzrə prorektoru Jalə Qəribova, Monpelye Universitetinin xarici əlaqələr bölməsinin sədr müavini Fransua Hen və “Total” şirkətinin ölkəmizdəki nümayəndəsi Natali Komatitic təmsil etdikləri ali təhsil müəssisələrində və şirkətdə tələbələrin təhsilindən, bu istiqamətdə görülən işlərdən, gənc mütəxəssislərin yetişdirilməsi ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsindən danışıblar.
Sonra Fransa universitetləri nümayəndələrinin ölkələrimizin təhsil sahəsindəki əməkdaşlığına dair sualları cavablandırılıb.
Tədbirdə “Kampüs Frans” Agentliyinin və Fransa ali təhsil müəssisələrinin rəhbər şəxsləri Fransada təhsil almaq imkanları, mövcud əməkdaşlıq layihələri barədə təqdimatlarla çıxış edib, imkanların dəyərləndirilməsində maraqlı olduqlarını nəzərə çatdırıblar.
“Azərbaycan günü” tədbirində iştirak edən Fransa universitetlərində oxuyan azərbaycanlı gənclərdən Alı Xələfli, Vüsal Hüseynov və Leyla Ömərova təhsil aldıqları ali məktəblərin fəaliyyət istiqaməti barədə məlumat veriblər.
Tədbirdə Nis Universiteti, ölkəmizdə fəaliyyət göstərən Xarici Universitetlərə Hazırlıq Mərkəzi və Azərbaycandakı Fransız İnstitutu arasında birgə əməkdaşlığa dair sənəd imzalanıb.
Sonda Azərbaycanın ali təhsil ocaqları ilə Fransa universitetləri arasında əməkdaşlıq və tələbə-müəllim mübadiləsi barədə fikir mübadiləsi aparılıb.
 

DİGƏR Xəbərlər Arxiv