YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehriban xanım Əliyevanın nümunəvi fəaliyyəti xalqa layiqli xidmət örnəyidir

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Bir əsrdə iki dəfə müstəqillik əldə etmiş Azərbaycanın müasir dövrdə güclü və nüfuzlu dövlət kimi mühüm tarixi nailiyyətlər qazanmasını şərtləndirən bir çox amil var. Ölkəmizin dünya miqyasında sabitlik adası, inkişaf məkanı kimi tanınmasını, beynəlxalq müstəvidə mövqeyinin davamlı olaraq möhkəmlənməsini təmin edən əsas faktor, heç şübhəsiz, uğurlu daxili və xarici siyasət kursunun həyata keçirilməsidir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın qələbəyə və tərəqqiyə nail olmasını təmin edib. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti bu baxımdan müstəsna əhəmiyyət daşıyır.

Azərbaycanın davamlı inkişafına mühüm töhfələr verən genişmiqyaslı fəaliyyət

Mehriban xanım Əliyevanın çoxşaxəli, məqsədyönlü fəaliyyəti həm ölkəmizdə ayrı-ayrı sahələrin inkişafı, həm Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmləndirilməsi, həm də milli birliyin gücləndirilməsi baxımından böyük önəm kəsb edir.

Mehriban xanım Əliyeva hələ Birinci vitse-prezident təyin edilməmişdən öncə ölkənin siyasi həyatında fəal iştirakı ilə Azərbaycanın inkişafına, sosial məsələlərin həllinə mühüm töhfələr verib. Mehriban xanım Əliyeva millət vəkili kimi fəaliyyət göstərərkən xalqa və dövlətə ləyaqətlə xidmət edərək milli maraqları daim üstün tutub, mühüm təşəbbüslərlə çıxış edib. Təsadüfi deyil ki, Azərbaycan xalqı Mehriban xanım Əliyevanın həm də millət vəkili kimi fəaliyyətini yüksək qiymətləndirib, ona yüksək etimad göstərib. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə çox genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilib. Yeni tibb ocaqları, məktəblər, uşaq bağçaları, internat məktəbləri istifadəyə verilib. Mehriban xanım Əliyeva, həmçinin Milli Məclisdə Amnistiya aktının qəbul olunması təşəbbüsləri  ilə çıxış edib və bunun sayəsində minlərlə məhkum azadlığa qovuşub.

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Ulu Öndərimizin əbədiyaşar ideyalarına əsaslanır

Bununla yanaşı, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərimizin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fondun fəaliyyəti Azərbaycanın inkişafına, milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr verir, ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz layiqli töhfəsini verir.

Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmləndirilməsi daim diqqət mərkəzindədir

Eyni zamanda, Mehriban xanım Əliyevanın fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur. Digər tərəfdən, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində ölkəmizdə mötəbər tədbirlərin uğurla keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasına töhfələr verib. Paralel olaraq onun təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın mədəni irsinin, milli mədəniyyət nümunələrinin dünya miqyasında təbliği istiqamətində çox mühüm addımlar atılır.

Ən mühüm məqamlardan biri budur ki, artıq tarixdə qalmış Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin təbliği, Xocalı soyqırımının tanıdılması ilə əlaqədar görülən işlər Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini şərtləndirib və tarixi Qələbəmizi təmin edən çox mühüm amillərdən biri olub.

Ölkəmizin milli qüdrətinin artmasına xidmət edən məqsədyönlü işlər

Mehriban xanım Əliyeva, həmçinin fəaliyyətini Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini kimi uğurla davam etdirir. Partiyanın güclənməsində, inkişafında xüsusilə, gənclərin, qadınların partiyaya üz tutmasında Mehriban xanım Əliyevanın rolu çox böyükdür.

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi uğurlu və genişmiqyaslı fəaliyyəti isə ölkəmizin inkişafı, vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsi, idarəetmədə çevikliyin və funksionallığın artırılması, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bütün bunlar isə respublikamızın milli qüdrətinin artmasına xidmət edir.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən işlər Vətən Müharibəsində qazanılmış qələbənin möhkəmləndirilməsi və milli birliyin gücləndirilməsi baxımından çox önəmlidir

Ümumiyyətlə, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən işlər Vətən Müharibəsində qazanılmış qələbənin möhkəmləndirilməsi və milli birliyin gücləndirilməsi baxımından çox önəmlidir. Xüsusilə də, yeni layihələr əsasında ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralananların xüsusi tibbi xidmətlərlə təmin olunmaları, əlillərə, müharibə veteranlarına, qazilərə, şəhid ailələrinə və erməni vandalizmindən, müharibədən əziyyət çəkən digər kateqoriyadan olan insanlara sosial dəstək xarakterli işlərin görülməsi və yüksək mənəvi dəstək verilməsi cəmiyyətdə böyük rəğbətlə qarşılanır, olduqca yüksək dəyərləndirilir. Eyni zamanda, Azərbaycanın Vətən Müharibəsində qazandığı tarixi Zəfərdən  sonra 12-13 may 2021-ci il tarixində Şuşanın Cıdır düzündə Prezident İlham Əliyevin təşəbbüsü və Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının keçirilməsi də böyük Qələbəmizin, zəngin mədəniyyətimizin nümayiş etdirilməsi və milli birliyin gücləndirilməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Mehriban xanım Əliyeva dünya miqyasında yüksək nüfuza malikdir

Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. O. indiyə qədər mədəniyyətin təbliği, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, humanizm prinsipinə sadiqliyinə görə müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Çoxsaylı təltiflər məhz Mehriban xanım Əliyevanın beynəlxalq əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.

Əminliklə söyləmək olar ki, Mehriban xanım Əliyeva cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi bundan sonra da ölkəmizin inkişafı naminə yorulmaz fəaliyyətini uğurla davam etdirəcək, Azərbaycan tarixi nailiyyətlər qazanaraq yeni strateji zirvələr fəth edəcək.