YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi zəfərdən böyük qayıdışa

İlqar İlyasov,

YAP Laçın rayon təşkilatının sədri

Azərbaycan Respublikasının müzəffər Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 günlük  Vətən müharibəsi rəşadətli ordumuzun tarixi qələbəsi ilə başa çatdı. Erməni vandalları 30 illik işğal ərzində Qarabağda daşı-daş üstə qoymamışdılar. Bu dəhşəti görənlərin hamısı bir fikirdəydilər: bu ərazilərin bərpası 10 illəri əhatə edəcək. Amma, Qarabağda – işğaldan azad olunmuş ərazilərimizdə reallaşdırılan infrastruktur layihələri və tədbirlər onu sübut edir ki, düşmən tapdağı altında olmuş torpaqlarımız qayıdışa çox böyük sürətlə hazırlaşır. Qayıdış üçün qısa müddət ərzində bütün mümkün addımlar atılır və imkanlar səfərbər olunur. Artıq bərpa-quruculuq prosesinə koordinasiya olunan tərzdə, vahid mərkəzdən idarə edilərək başlanılıb. Ölkə başçısı bu torpaqlarda aparılan işlərin ardıcıllıqla həyata keçiriləcəyini, birincisi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün ərazilərin minalardan təmizlənəcəyini, erməni vandallarına qarşı beynəlxalq səviyyədə təzminat davasının açılması üçün onların vurduqları ziyanın qiymətləndiriləcəyini, lazımi inventarlaşdırma, pasportlaşdırma işlərinin aparılacağını, əhalinin infrastruktur layihələrinin icra ediləcəyini xatırladıb. Bu işlər paralel şəkildə həyata keçirilir.

Ərazilərin bərpasında avtomobil yollarının salınması xüsusi önəm daşıyır. Çünki yol həm iqtisadi, həm də sosial baxımdan düşməndən təmizlənən torpaqlara yeni həyatın qaytarılmasını şərtləndirir. Bu mənada nəqliyyat infrastrukturunun bərpası, ilk növbədə, avtomobil yollarının çəkilməsi təsadüfi deyil.

Ölkə Prezidenti cənab İlham Əliyevin Füzulidən Şuşaya çəkilən 101,5 kilometrlik avtomobil yolunu “Zəfər yolu” adlandırması da təsadüfi deyil. Bu yolboyu torpaqların hər qarışına şəhid və qazilərimizin qanı qarışıb. Əsrlər ötəcək, amma bu yol Azərbaycan tarixində şanlı qələbəyə aparan müqəddəs yol kimi xatırlanacaq.

Bu il yanvarın 14-də Füzuli rayonunda təməli qoyulan Beynəlxalq Hava Limanının ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Deməli regiona turist axını da təşkil olunacaq. Həmçinin, 2022-ci ilin ilk aylarında Zəngilan rayonunda gerçəkləşdirilən ağıllı kənd layihəsinin Agalı kənd sakinlərinin istifadəsinə verilməsi planlaşdırılır. Artıq bir necə elektrik stansiyasının istismara verilməsi burada məskunlaşacaq əhalinin elektrik enerjisinə olana tələbatını da ödəyəcək. Bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır ki, artıq heyvandarlıq, arıcılıq təsərrüfatları tədricən işğaldan azad edilmiş ərazilərə qaytarılır. Təsərrüfatların məskunlaşdırılması prosesinə Kəlbəcər və Laçın rayonundan başlanması isə xüsusi ilə diqqəti çəkir. Ermənilər bu rayonlarda Azərbaycanlıların yenidən məskunlaşmayacağı qənaətində idi. Amma xalqımız bütün çətinliklərə dözərək öz ata-baba yurdlarına qayıtmağa hazırdır.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının dediyi: “Mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq” - fikirləri artıq reallığa çevrilib. Artıq bu bir reallıqdır ki, sürətlə gerçəkləşdirilən quruculuq, bərpa işləri Qarabağın xoş günlərinin müjdəçisidir.