YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətimizin qüdrəti ən ali mövqeləri belə xeyirimizə dəyişməyə qadirdir

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatinin sədri 

90-cı illərin əvvəllərində təxminən belə bir ifadə var idi. Harda olsaq bu ifadəni insanlar arasında tez - tez eşidərdik: "Biz kiçik dövlətik, biz heç nəyi özümüz həll etmirik. Hamısı böyük dövlətlərin əlindədir." Əminəm ki, bu cür fikirlərlə o vaxt yaşayanlar tez-tez qarşılaşırdı. Bu gün artıq xöşbəxtlikdən belə düşünənlərin sayı xeyli azalıb. Fikirlərimiz təxminən belə formalaşır: "Prezident deyibsə, mütləq alınacaq. Dünya bizimlə hesablaşmalıdır. Kimdir axı onlar, biz suveren dövlətik. Ordumuz istəsə İrəvanı da azad edər." Əslində bu iki cümləlik müqayisə dövlətimizin son otuz ildə keçdiyi inkişaf mərhələsini özündə ehtiva edir. Görün, biz necə də böyük bir tərəqqi yolu keçmişik.

Gəlin, bir müqayisədə aparaq. 100 il əvvəl Naxçıvanı xilas etmək naminə Türkiyənin imzaladığı "Qars müqaviləsi” ilə təxminən bir ay əvvəl imzalanmış "Şuşa bəyannaməsini" müqayisə edərkən böyük bir inkişaf yolu keçildiyini görəcəyik. Elə 98 il əvvəl süni şəkildə yaradılmış, heç bir siyasi, tarixi və etnik əsası olmayan ləğv olunmuş "Dağlıq Qarabağ" vilayətinin məhz yaradıldığı gün 7 iyul 2021-ci il tarixdə iqtisadi zona olaraq belə tarixdən silinməsi, Qarabağ və Şərqi Zəngəzur İqtisadi Zonalarının yaradılması özü də bizim xalq olaraq, millət olaraq keçdiyimiz tarixi inkişaf yolunun göstəricisidir.

Əlbəttə, tarixi mərhələlərdən bəhs etmək və hər kəsin bildiklərini təkrarlamaq kimi bir fikrim yoxdur. Lakin hamı inkişafın Azərbaycan modeli haqqında düşüncəyə malik olmalı və istər Vətən Müharibəsində qələbəmizin, istərsə də iqtisadi tərəqqimizin əsasında mahir siyasi xadim hörmətli İlham Əliyevin dayandığını bilməlidir. Cənab Prezidentin ölkəmizin qərb bölgəsinə sonuncu səfəri bir daha göstərir ki, 2004-cü ildə başlamış, tərəqqinin Azərbaycan "möcüzəsini" həyata keçirən və ölkəmizin mənzərəsini tamamilə dəyişən məhz "Regionların sosial-iqtisadi inkişaf proqramı" ardıcıl həyata keçirilməkdədir. Baxmayaraq ki, ölkə böyük bir müharibədən çıxıb və azad olunmuş şəhərlərimizin, kəndlərimizin bərpasına milyardlarla manat vəsait lazımdır, biz digər regionların inkişafını da diqqətdə saxlayaraq paralel və balanslaşdırılmış iqtisadi inkişafı təmin etməkdəyik.

Xüsusi ilə, qeyri-neft sektorunun inkişafı, bütün dünyada tənəzzül edən sənayenin dirçəlişi, ixracla idxal arasında müsbət saldonun əldə olunması hər bir məsuliyyətli və vətənpərvər vətəndaş kimi məni də sevindirir. Bu gün  üzərində Azərbaycanın milli ornamentlərinin qeyd olunduğu qızıl əşyalar dünya bazarına çıxarılır, ölkəmizin yüksək dağlıq ərazilərindən birində ən müasir qızıl istehsal edən müəssisələr fəaliyyət göstərir. Bu gün valyuta ehtiyatlarımız xarici borclarımızdan ən azı 6 dəfə çoxdur. Xarici kreditlərimizi istədiyimiz an ödəmək imkanlarımız bizim suveren daxili və xarici siyasət aparmağımıza əsasdır. Heç bir dövlətdən və təşkilatdan asılılığımızın olmaması milli və dövlət maraqlarımızın daha güclü müdafiəsinə zəmin yaradır.

Dövlət başçımızın qərb regionuna səfəri zamanı istər iqtisadi, istər hümanitar, istərsə də sosial istiqamətli obyektlərin açılması və istifadəyə verilməsi əlbəttə, tərəqqimizin bariz nümunələrindəndir. Tibbi və idman turizminin ölkəmizdə çox böyük inkişaf potensialı vardır. Goranboyda açılmış ölkə ərazisində 48-ci müasir İdman kompleksi və Naftalanda Mərkəzi Tibbi Bərpa Sanatoriyası bu sahədə görülən işlərin nəticəsidir. Əlbəttə, post-pandemiya dönəmində turizmin intensiv inkişafına hesablanmış bu kimi addımlar özünün məhsuldar töhvələrini verəcəkdir.

Biz cəmiyyət olaraq inteqrasiyaya meyilliyik. Dövlətlərin suveren hüquqlarını tanıyırıq, daxili və xarici siyasətin, beynəlxalq münasibətlərin subyekti olan ölkələrin azad və müstəqil olmalarını dəstəkləyirik. Bu mütərəqqi ideyalar Azərbaycanın xarici siyasətinin əsas konturlarını Qoşulmama hərəkatına üzv olmamışdan çox əvvəllər də təşkil etməkdə idi. 2019-cu ilin oktyabrından bu təşkilata sədrlik edən Azərbaycan Respublikasının Prezidenti ilk gün vurğulamışdır ki, biz status xatirinə sədrliyi qəbul etmirik. Doğurdan da ötən illər bir daha sübut etdi ki, Azərbaycan nəinki Qoşulmama hərəkatının  əsas mahiyyətinə sadiq qaldı, o eyni zamanda da təşkilatın 60 illik fəaliyyəti dövründə ona böyük nüfuz qazandırdı. İstər müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində, istərsə də təşkilata üzv olan dövlətlərin hüquqlarının müdafiəsi istiqamətində real işlər görüldü. Tarixində ilk dəfə Avropa İttifaqının yüksək çinli nümayəndələri hərəkatın işində iştirak etdilər. Müxtəlif qurumlarla ciddi əməkdaşlıq cəhdləri uğurla baş tutdu. Koronavirusla mübarizə dövründə ölkəmizin öz milli sərvətlərini və ehtiyatlarını dünya ölkələri ilə paylaşmağı həm dünyada koronavirusla mübarizədə Azərbaycan modelini yaratdı, həm də dünya miqyasında ölkəmizin nüfuzunu artırdı. Biz həm Qoşulmama hərəkatı çərçivəsində, həm də dünya miqyasında milli vaksinləşməyə qarşı ən ciddi mübarizə aparan dövlətik. Tam məsuliyyətlə deyə bilərəm ki, Azərbaycanın sədrliyi dövrü Qoşulmama hərəkatının tarixinə ən məhsuldar və ən böyük nüfuza sahib olduğu mərhələ kimi qızıl hərflərlə yazılmış oldu. Baxın, bu səbəblərdəndir ki, Azərbaycanın təşkilata sədrliyinin bir il daha uzadılması üçün dövlət başçımıza təvəqqe edilmişdir.

Biz dünyada milli maraqlarımız naminə bütün leqal qurumlar, təşkilatlar, dövlətlərlə əməkdaşlıq etməyə hazırıq. Dövlətimizin dünyanın müxtəlif ölkələrində yaxşı, ləyaqətli və Azərbaycanın haqq işini dəstəkləyən dostları var. Avropa İttifaqı və ümumiyyətlə Avropa cəmiyyəti Azərbaycan üçün heç də yad deyildir. Bu gün Aİ-da birləşən dövlətlərin 1/3-i Azərbaycanı özünə strateji tərəfdaş hesab edir. Bu, nadir rast gəlinən haldır. Cənab Şarl Mişelin ölkəmizə səfəri zamanı Azərbaycanı regionun enerji və nəqliyyat şəbəkəsinin əsas bir parçası kimi qəbul etməsi, bu istiqamətdə müzakirələr aparması təqdir olunmalı haldır. Amma daha vacib məqam hələ Bakıya gəlməzdən əvvəl İrəvanda səfərdə olarkən işlətdiyi məqbul ifadələr əsas verir deyək ki, Avropa İttifaqı bizimlə yaxın əməkdaşlıqda maraqlıdır. Cənab Mişelin Bakıda hesablanmış, ehtiyatlı, düşünülmüş, ciddi dövlət xadiminə yaraşan açıqlamaları məqbul hesab oluna bilər. Belə görünür ki, dövlətimizin qüdrəti ən ali mövqeləri belə xeyirimizə dəyişməyə qadirdir.

Keçmiş Dağlıq Qarabağ münaqişəsi bitmişdir. Bu ifadə məhz bu münaqişə ilə bağlı idi. Hesab edirəm ki, xalqımızın ən layiqli təmsilçisinin, rəhbərinin də dediyi kimi nə bizim, nə tarix, nə də coğrafiya elminin bu adda bir iqtisadi, siyasi, inzibati ərazi vahidi mövcud deyildir. Əvəzində bizim Şərqi Zəngəzur və Qarabağ iqitisadi zonalarımız vardır. Bəli, vaxtı ilə müharibə olmasın, insanlar ölməsin və torpaqlarımız sülh yolu ilə qayıtsın deyə “status” məsələsi aktual olmuşdur. Bu gün isə üç min şəhid vermiş qalib xalqın müzəffər Ali Baş Komandanı heç vaxt “status” məsələsi ilə razılaşa bilməz. Beləliklə, dırnaqlar arasında sıxılıb qalmış status sözünün belə heç bir gələcəyi olmazkən ölkəmizin ayırlmaz bir hissəsi olan Qarabağa cəmi 25 min adam üçün lüzumsuz bir statusun verilməsi qəbul olunmazdır. Amma əlbəttə, bu məsələdə canfəşanlıq edənlər buyurub öz ərazilərində istədikləri ən yüksək statusu hətta Dağlıq Qarabağ adı ilə verə bilərlər. Azərbaycanın ərazisində isə belə uğursuz cəhdlərə qəti imkan verilməyəcəkdir.