YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Numan Kurtulmuş: Azərbaycanla Türkiyənin münasibətləri yüksək səviyyədədir

“Azərbaycanla Türkiyənin münasibətləri yüksək səviyyədədir. Hər iki ölkənin hakim partiyaları olan AK Parti və YAP arasında əlaqələr də çoxşaxəlidir və səfərimiz bunu bir daha təsdiqləyir. Biz Azərbaycana səfərimizin ilk günündəyik.  İlk olaraq ulu öndər Heydər Əliyevin məzarını, Azərbaycanın istiqlalı uğrunda uğrunda canlarını qurban vermiş azərbaycanlı şəhidlərin məzarını ziyarət etdik. Eyni zamanda, 1918-ci ildə Bakının işğaldan azad edilməsi uğrunda döyüşən azərbaycanlı qardaşlarımıza yardım edən, bu yolda canlarını qurban vermiş  Qafqaz İslam Ordusunun əsgərlərinin şərəfinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət etdik. Bütün şəhidlərimizi rəhmətlə, şükranlıqla anırıq”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyətinin rəhbəri, AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş jurnalistlərə müsahibəsində deyib.

Numan Kurtulmuş bildirib ki, Türkiyə ilə Azərbaycan arasında mükəmməl münasibətlər uğurla inkişaf edir: “Xüsusilə, 44 günlük İkinci Qarabağ savaşında Türkiyə dövləti və xalqı bütün gücü, imkanları ilə azəbaycanlı qardaşlarının yanında yer aldı. Türkiyə Prezidenti Rəcəb Tayyib  Ərdoğanın ilk andan bu dəstəyi ifadə etdi, Türkiyə Azərbaycanın erməni işğalına son qoyulması mübarizəsinə dəstək oldu. Allahın izni ilə Prezident İlham Əliyevin qətiyyətli, qərarlı duruşu ilə, azərbaycanlı qardaşlarımızın cəsarəti ilə uzun illər davan edən işğal sona çatdı, Qarabağ azadlığına qovuşdu. Bu münasibətlə Azərbaycan xalqını bir daha təbrik edir, şəhidləri böyük ehtiramla yad edirəm”.

Onun sözlərinə görə, iki ölkə arasında olan yüksək münasibətlər hakim YAP və AK Parti əlaqələrinin gücləndirilməsini də zəruri edir: “Pandemiya şərtlərinə rəğmən iki partiya arasında çox sıx əməkdaşlıq gerçəkləşib. Daha əvvəl onlayn konfranslar keçirmişik. Ən son konfransımız ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuşdu. Həmin onlayn konfransda ABŞ-da uydurma “erməni soyqırımının” gündəmə gəlməsi, İkinci Qarabağ savaşından sonra bölgədəki vəziyyəti müzakirə etdik. Çox böyük və geniş müzakirə apardığımız bir konfrans oldu. Ardınca isə YAP Sədrinin müavini Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə səfər etdi. Biz də bu səfərimiz zamanı bu gün rəsmi görüşlərimizi keçirəcəyik. Sabah günortadan sonra Gəncəyə səfər edəcəyik. Çərşənbə günü isə Gəncədə üz-üzə konfrans keçirəcəyik. Konfransın mövzusu da ortaq mədəni dəyərlər üzərindən iki ölkənin daha da  bir birinə yaxınlaşması imkanları ilə bağlı olacaq. Dil, din, tarix, mədəniyyət kimi təməl ortaq dəyərlərimizlə Azərbaycanla Türkiyə arasında “tək millət, iki dövlət” olaraq var olan bu qərarlılığımızı bir daha nümayiş etdirəcəyik”.

“Biz Azərbaycana böyük nümayəndə heyəti ilə gəlmişik. İki partiya arasında səmimi əlaqələri daha da zənginləşdirəcəyimizə, gücləndirəcəyimizə inanırıq. Bu, hər iki dövlət üçün də xeyirli olacaq. Xüsusilə, bundan sonrakı dönəmdə Qarabağın, regionun  sülh və əməkdaşlıq bölgəsi olması üçün səylərimizi daha da gücləndirəcəyik”,-deyə AK Parti Sədrinin birinci müavini vurğulayıb.