YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Biz dünyanın ən güclü komandalarına qalib gəlmişik

“Azərbaycan yunan-Roma güləşi üzrə dünya kubokunun sahibidir. Bu, böyük tarixi qələbədir. Bu, doğrudan da tarixi qələbədir. Çünki yunan-Roma güləşçilərimiz ilk dəfədir ki, dünya kubokunun sahibi olurlar. Bu, bir daha Azərbaycanın güləş məktəbinin nə qədər güclü olduğunu göstərir.”Bu fikirləri fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yunan-Roma güləşi üzrə İranda keçirilən dünya kuboku yarışlarında qalib gəlmiş milli komandamızın üzvlərini qəbul edərkən söyləmişdir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, dünya kubokunda dünyanın ən güclü komandaları iştirak etmişlər. Biz dünyanın ən güclü komandalarına qalib gəlmişik. Bizim milli bayrağımız qaldırılmışdır, sizin şərəfinizə dövlət himnimiz səsləndirilmişdir. Doğrudan da bu, hər bir Azərbaycan vətəndaşını sevindirən hadisədir, böyük tarixi qələbədir.

Dövlət başçımız bildirmişdir ki, bu qələbə bir daha Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücünü göstərir. Onu göstərir ki, Azərbaycan gənci nə qədər istedadlıdır, güclüdür, Vətənə sədaqətlidir. Çünki qələbəni əldə etmək üçün sadəcə olaraq peşəkar güləşçi olmaq kifayət deyildir. Gərək qələbə əzmi olsun, gərək Vətən sevgisi olsun, vətənpərvərlik ruhu yüksək səviyyədə olsun. Bütün bunlar var. Azərbaycan gəncləri bu gün milli ruhda tərbiyə olunurlar. Azərbaycan gənci öz dövlətinə, xalqına sadiqdir. Bu gün Azərbaycan gənci bizim sərhədlərimizi qoruyur. Bu gün Azərbaycan gənci düşmənə sarsıdıcı zərbələr vurur. Bu gün Azərbaycan gənci dünya miqyasında Azərbaycanın idman şöhrətini ucaldır. Bu, məni Prezident kimi və Milli Olimpiya Komitəsinin prezidenti kimi sevindirir. Çünki gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər. Onlar vətənpərvər, bilikli, savadlı, fiziki cəhətdən güclü olmalıdırlar ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin. Belə qələbələr əlbəttə ki, bu inamı daha da gücləndirir. Ona görə, mən bu qələbəyə çox böyük əhəmiyyət verirəm.