YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir

    “10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın  imzalanmasından 7 ay keçməsinə   baxmayaraq, işğalçı  Ermənistan sənəddən irəli gələn tələbləri kobud şəkildə pozmaqda davam edir. Tarixi Zəfərimizlə ölkəmizin həyatında başlanan yeni dövrün- işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin uğurla həyata keçirilməsi torpaqlarımızın  minalardan təmizlənməsindən asılıdır. Ermənistan minalanmış sahələrin xəritələrini verməməklə prosesin uzanmasına səbəb olur. Təcavüzkar dövlət bu addımı ilə yenə də "Müharibə qurbanlarının müdafiəsi haqqında"  Cenevrə konvensiyalarının,  "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini, "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəlarını pozur. Bu  konvensiyalara  əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür. 30 ilə yaxın dövrdə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayaraq Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına, sonda Azərbaycanın “dəmir yumruq” əməliyyatını uğurla apararaq 44 gündə ərazi bütövlüyünü bərpa, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etməsinə səbəb olan Ermənistan görünür Vətən müharibəsindən aldığı dərsi unudub. İşğaldan azad edilmiş torpaqlarımızda minaya duşənlərin sayının  artmasından hiddətlənərək  beynəlxalq təşkilatlara, dünyanın güc mərkəzlərinə ünvanlanan müraciətlərdə  səsləndirilən tələblər reallığı görmək istəməyənlərə çağırışdır.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

     M.Həsənov qeyd edib ki, Ermənistan minalanmış sahələrin xəritələrini qeyd-şərtsiz Azərbaycana təqdim etməli olduğu halda havadarlarının dəstəyini görərək  prosesi uzadır: “Məqsəd bəllidir. Mənfur düşmən  postmünaqişə dövründə daha çox azərbaycanlının ölümünə nail olmaq, keçmiş məcburi köçkünlərin öz dogma yurd-yuvalarına  qayıtmasına maneə törətməkdir. İyunun 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun, Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin işğaldan azad edilmiş bu  rayonun ərazisində vəzifə borclarını yerinə yetirərkən minaya düşərək həlak olmaları Ermənistanın növbəti hərbi cinayətidir. Təcavüzkarın   minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinin heç bir hüquqi, siyasi və hərbi əsası yoxdur. Dünyanın güc dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, amma 28 ildə fəaliyyətsizlikləri ilə diqqət çəkən ATƏT-in Minsk qrupunun həmsədrləri   mina qurbanlarının sayının artması ilə bağlı çalınan həyəcan təbilinə cavab vermək barədə düşünsünlər. Təkcə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə baş verənlərə, xüsusilə iki dəfə Gəncədə, sonra Bərdə və Tərtərdə ermənilərin törətdikləri insanlığa qarşı cinayətlərinə  və dünyanın baş verenlərə sadəcə seyrçi  mövedə dayanmasına diqqət yetirmək kifayətdir ki, 30 ilin vaxt itkisinin səbəbləri açıqlansın. Azərbaycan 30 ildə bu laqeydliyi, havadarlarının  Ermənistan üçün vaxt qazanmasını görürdü və ən yüksək tribunalardan bəyan edirdi. Amma dünya hüquq problemini yaşadığından, ikili siyasətdən xilas ola bilmədiyindən  hadisələri görməzdən gəlirdi. Rəşadətli Azərbaycan Ordusu görməyən gözləri, eşitməyən qulaqları açdı, beynəlxalq hüququn mövcudluğunu sübut etdi.  Ermənistan və ona dəstək göstərənlər unutmasınlar ki, dəmir yumruq yerindədir.”

    “Möhkəm hüquqi baza Azərbaycanın döyüş meydanında Qələbəsinə yol açan amillərdəndir” söyləyən millət vəkili vurğulayıb ki,  bu gün də  dövlətimiz beynəlxalq hüquqa əsaslanaraq minalanmış sahələrin xəritələrinin verilməsini tələb edir: “Bunun üçün dünya birliyi ədalətli yanaşma nümayiş etdirərək Ermənistandan bu xəritələrin alınmasına yardımçı olmalıdır.  44 günlük İkinci Qarabağ müharibəsinin nəticələrinin diktə etdiyi reallıqlar gündəmdədir. Bölgədə sülhə, əmin-amanlığa, təhlükəsizliyə, iqtisadi əlaqələrin genişlənməsinə xidmət edən əməkdaşlıq  formatlarının yaradılmasında maraqlı olan dövlətlərin hər biri Ermənistanın  mina xəritələrini verməsi  istiqamətində səylərini daha da artırmalıdır.”-deyə, Milli Məclisin deputatı Malik Həsənov bildirib.

    Malik Həsənov  diqqəti bu günlərdə erməni polkovniki Koryun Qumaşyanın etiraflarına da  yönəldərək bildirib ki, açıq-aşkar  erməni silahlılarının  işğaldan azad olunmuş ərazilərimizdə xeyli sayda mina basdırdıqları təsdiqlənir. Təəssüf ki, dünya qarşı tərəfin bu etiraflarını da qəbul etmək istəmir, növbəti cinayətlərinə yol açır.

   “Bütün bu hallara baxmayaraq Azərbaycan qalib ölkə kimi sahibinə qovuşan torpaqlarında bərpa və quruculuq işlərini böyük qürurla həyata keçirir. Artıq Ağdam şəhərinin Baş Planının təqdimatı oldu. Şuşa şəhərinin Baş Planı hazırlanır. “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri çərçivəsində beynəlxalq standartlara uyğun bərpa ediləcək ərazilərimiz öz inkişafı ilə dünyanın diqqətində olacaq”,- deyə millət vəkili vurğulayıb.