YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: YAP-AKP münasibətlərinin dinamik şəkildə inkişafı Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir

“Azərbaycan və Türkiyəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf edir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir.  Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, böyük öndər Mustafa Kamal Atatürkün dediyi kimi, sevincimiz də, kədərimiz də bir olub. Eyni zamanda, Ümummilli Liderimiz Heydər Əliyevin əbədiyyətə qədər yaşayacaq “Biz bir millət, iki dövlətik” kəlamı qardaşlıq şüarı kimi daim iftixarla səslənir. Azərbaycan və Türkiyə arasında əlaqələrin bu  səviyyədə yüksək inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Dövlətlərimizin rəhbərləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətlərinin yüksək səviyəsində olması da iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafında başlıca amillərdən biridir.

Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibə zamanı dost, qardaş Türkiyə Cümhuriyyətinin xalqımıza siyasi və mənəvi dəstəyi Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsində əhəmiyyətli rol oynadı: “Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Dövlətimizin başçısının vurğuladığı kimi: “Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq. İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər və əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı. Çünki müharibənin ilk saatlarından başlayaraq Türkiyə və onun Cümhurbaşqanı bizə mənəvi və siyasi dəstək vermişdir. Bu mənəvi və siyasi dəstək müharibənin son gününə qədər göstərildi”. Əlbəttə, postmüharibə dövründə yaranmış yeni reallıqların fonunda Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması baxımından strateji önəm kəsb edir. Başqa sözlə, iki qardaş ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı faydalı işbirliyinin dərinləşməsində, strateji inteqrasiyanın daha intensiv xarakter almasında vacib rola malikdir. Bu gün işğaldan azad edilmiş ərazilərimizin bərpasında Türkiyə şirkətləri fəal iştirak edir. Eləcə də, yaxın gələcəkdə reallaşdırılacaq Zəngəzur dəhlizi də Azərbaycanla Türkiyənin regiondakı inkişaf, əməkdaşlıq və təhlükəsizlik məsələlərində  həlledici rolunu gücləndirəcək. Bütövlükdə isə, bütün sahələrdə uğurla inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib. Reallıq budur ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil. Yeni mərhələdə də sıx təmaslar və intensiv əlaqələr dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan, ən yüksək zirvədə olan münasibətlərin uğurla davam etdirilməsində xüsusi rol oynayır”.

Pərvin Kərimzadə diqqətə çatdırıb ki, yeni mərhələdə siyasi münasibtlərin inkişafında hər iki ölkənin hakim partiyalarının əlaqələri də mühüm əhəmiyyətə malikdir. Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın genişləndirilməsi tərəflər üçün olduqca faydalıdır. “Bir neçə gün öncə YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri və səfər zamanı keçirilən görüşlər ölkələrimiz və partiyalarımız arasında siyasi münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. YAP ilə AKP arasında əməkdaşlığın perspektivləri ilə bağlı geniş fikir mübadiləsinin aparılması, əməkdaşlığın səmərəliliyini artırmaq üçün koordinasiyanın yaradılması imkanlarının müzakirə olunması, iki partiya arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması və digər bu kimi məqamlar olduqca mühüm əhəmiyyət daşıyır. Bütün bunlar həm də onu göstərir ki, dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, YAP-AKP münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edir. Ən əsası, qeyd etdiyimiz kimi, YAP ilə AKP arasında səmərəli münasibətlər hər iki ölkənin əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.