YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş redaktor Cabbar Şıktaş: Jurnalistlərin həlak olmasını sükutla qarşılayanların insan haqlarından danışmağa mənəvi haqqı yoxdur

Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarını başdan-başa minalaması müharibə cinayətidir. Minalanmış ərazilərin xəritələrini Azərbaycana verməmək isə bu cinayəti daha da ağırlaşdırır. Beynəlxalq ictimaiyyət hər iki hala görə kəskin etiraz səsi ucaltmalıdır.

Bu fikirləri  Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun iyunun 4-də Kəlbəcərdə minaya düşərək şəhid olması ilə bağlı fikirlərini bölüşən Türkiyədə fəaliyyət göstərən “Yeşil İğdır” və “15 Temmuz” qəzetlərinin təsisçisi və baş redaktoru, görkəmli publisist Cabbar Şıktaş ifadə edib.

Şəhid jurnalistlər və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olması xəbərini dərin kədər hissi ilə qarşıladığını, şəhidlərin doğmalarının acısını paylaşaraq başsağlığını ifadə edən baş redaktor Cabbar Şıktaş deyib: “Dinc əhaliyə qarşı məqsədyönlü cinayətlər, eləcə də ölüm riskləri yaratmaq insanlığa qarşı nifrətdir. Ermənistan dövlətinin davam etdirdiyi mina terroru bağışlanmaz cinayətdir. Təcavüzkar tərəf unutmamalıdır ki, dünyadakı ikili standartların hələ də davam etməsinə baxmayaraq, beynəlxalq hüquq mövcuddur. Mülki insanların, eləcə də iki jurnalistin minaya düşməsini sükutla qarşılayanların isə insan haqlarından, söz və mətbuat azadlığından danışmağa mənəvi haqqı yoxdur”.

Xatırladaq ki, haqqında bəhs etdiyimiz qanlı terror aktı ilə bağlı hadisədən dərhal sonra görkəmli publisist Cabbar Şıktaş “Ermənistan atəşkəs anlaşmasına əməl edib minalanmış ərazilərin xəritələrini vermir” sərlövhəli məqalə ilə çıxış edib. Ermənistanın mina terrorunun növbəti qurbanına dair məqalə Türkiyə mediasında geniş yayılıb.