YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı Ağalar Vəliyevin dəstəyi ilə bu günlərdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin ərazisində bütün müasir standartlara cavab verən subartezian quyusunun qazılması işləri başa çatdırılıb

Su təsərrüfatı, xüsusilə əhalinin içməli su ilə təmin olunması hər zaman ölkəmizdə prioritet sahələrdən biri olub. Prezident İlham Əliyev daim bu sahəyə böyük diqqət ayırıb və su infrastrukturunun təkmilləşdirilməsi istiqamətlərində yeni vəzifələr müəyyənləşdirib.

Həmişə seçicilərinin sosial sifarişlərinə həssaslıqla yanaşan 97 saylı Goranboy- Ağdam- Tərtər Seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyevin rayon rəhbərliyinin iştirakı ilə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində seçicilərlə keçirdiyi növbəti görüşlərin birində qəsəbənin içməli suya tələbatının ödənilməsi ilə bağlı görüləcək işlər müzakirə olunmuşdu.

Goranboy rayonunun  böyük yaşayış məntəqələrindən olan Qızılhacılı qəsəbəsinin ağsaqqallarının, ziyalılarının, şəhid ailələrinin və Qarabağ qazilərinin bir qrupunun iştirak etdiyi, səmimi və işgüzar şəraitdə keçən görüşdə millət vəkili ölkə əhalisinin içməli su ilə təminatının və kənd təsərrüfatı sahələrinin suvarma suyu ilə təchizatının yaxşılaşdırılması istiqamətlərində dövlət başçısı tərəfindən həyata keçirilən tədbirləri, o cümlədən Goranboy rayonunda aparılan işləri xüsusi vurğulamışdı.

Həmin görüşdə Ağalar Vəliyev 8 mindən artıq əhalisi olan Qızılhacılı qəsəbə sakinlərinin içməli su ilə təchizatının yaxşılaşdırılması ilə bağlı seçicilərinin çoxsaylı müraciətlərini nəzərə alaraq  qəsəbədə yeni artezian quyusunun qazılmasını təşkil edəcəyini  bildirmişdi.

Millət vəkilinin maliyyə dəstəyi ilə bu günlərdə qəsəbə ərazisində bütün müasir standartlara cavab verən subartezian quyusunun qazılması işləri başa çatdırılıb və artezian quyusu əhalinin istifadəsinə verilib. Tamponajlı subartezian quyusunun qazılmasına dövlət vəsaiti sərf olunmayıb.

Bununla da Milli Məclisin üzvü tərəfindən seçicilərinin daha bir sosial sifarişinin yerinə yetirilməsi və rayonun ən iri yaşayış məntəqəsinin içməli suya olan tələbatının əhəmiyyətli dərəcədə ödənilməsi təmin edilib.

Qızılhacılı qəsəbə sakinləri Goranboy rayonunun əhalisinə dövlətimiz tərəfindən göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.