YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Vəliyev: Dünya ictimaiyyətinin doğru məlumatlandırılması üçün keçirilən konfranslar olduqca vacibdir

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrin keçirilməsi II Qarabağ müharibəsindən sonra keçirilən silsilə konfransların davamıdır”. 

Bu fikirləri “Yeni TV”-nin canlı yayımında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev deyib.

Onun sözlərinə görə, keçirilən konfranslar dünyada ictimai fikrin formalaşdırılması baxımından olduqca vacibdir: “Azərbaycan 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vurub və nəticəsi olaraq 10 noyabrda bəyannamə imzalanıb. Amma hələ də Ermənistan dünya ictimaiyyətinin fikirlərini çaşdırmaq üçün müəyyən yollardan istifadə edir. Yəni siyasi arenada “bilək güləşi” davam edir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra belə bir ifadə işlətdi ki, biz məsələnin hərbi yolla olan hissəsini bitirdik, indi siyasi mərhələyə keçirik. Bu baxımdan da Ermənistanı dəstəkləyən dövlətlərin tezislərinə qarşı əks tezislə çıxış etmək, dünya ictimaiyyətinin doğru məlumatlandırılması baxımından keçirilən konfranslar vacibdir”.

C.Vəliyev vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistana əməkdaşlıq təklif edir: “Təəssüflər olsun ki, Ermənistan bu məsələni öz daxili siyasi probleminə çevirib. Bu, Ermənistanın daxili siyasətində mübarizə halına gəlib. Ermənistanda Paşinyanın təkliflərinə qarşı heç bir alternativ təklif irəli sürülmür. Məsələn, Koçaryan deyir ki, biz diplomatik yolla Şuşanı və Hadrutu geri alacağıq. Azərbaycan ordusu cəbhədə uğur qazanıb. Beynəlxalq aləmdə 30 illik mübarizəsinin nəticəsində uğurlar qazanıb. İndi Azərbaycan diplomatik yolla beynəlxalq aləmdə tanınmış ərazilərini Ermənistana verəcək? Açıq desəm, onlar nə etmək istədiklərini bilmirlər. Bunun əsas səbəbi istər daxili, istər xarici, istərsə də təhlükəsizlik siyasətini erməni ideologiyasının qurbanı halına gətirmələridir. Amma onlar 100 ildir bunun əziyyətini çəkirlər. Əgər o düşüncələrini dəyişdirməsələr, bundan sonra 100 il də bunun əziyyətini çəkəcəklər”.