YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin cəsarəti düşünülmüş siyasətinin və zəkasının təzahürüdür

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Düşünürəm ki, region və regionda baş verən hadisələr fəal dəyişdiyinə görə siyasi gündəmimiz də dəyişməkdədir. Bu da istər Azərbaycan dövlət orqanlarının, istərsə də cənab Prezident İlham Əliyevin çox məhsuldar iş günləri və həftələri keçirməsinə səbəb olmaqdadır. Müqayisə olunmayacaq qədər gərgin iş qrafiki əlbəttə, dövlətimizin inkişafı, cəmiyyətimizin tərəqqisi üçündür.

Əlbəttə, vətənimizin hər qarışı gözəldir və bizə əzizdir. Hacıqabul rayonu dedikdə hər birimizin ağlına o qədər də çox əhalisi olmayan, torpağın məhsuldarlığının yüksək olmadığı, isti və quraq mühitə malik bir rayonumuz gəlir. Hacıqabula cənab Prezidentin cari səfərinin məhz Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət etməsi ilə başlanması özü belə müstəqil Azərbaycanın banisinin bu gün də bir tarixi fenomen kimi yaşamasına sübutdur. Bu gün bu rayon aqrotexniki imkanları, iki geniş aqroparkı, sənaye zonaları ilə paytaxtla regionlar arasında sosial-iqtisadi fərqin azaldılması sayəsində olan inkişaf tendensiyası nəticəsində böyük tərəqqi yolu keçmişdir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı illər öncə verilmiş qərarlar, imzalanmış fərman və sərəncamlar bütün ölkə ərazisində olduğu kimi Hacıqabulda da özünün müsbət nəticələrini verməkdədir.

Böyük bir zəfərin çarçılarıyıq və bu zəfər yolunu heç də asanlıqla keçməmişik. İndi dövlətimizin qarşısında dayanan əsas məqsəd digər regionlarımızla yanaşı işğaldan azad olunan ərazilərin bərpasını ən qısa zamanda həyata keçirməkdən ibarətdir. Müharibənin bitməsindən yarım il keçməsinə baxmayaraq artıq infrastruktur layihələr başlamışdır. Özü də azad olunmuş ərazilərdə daş üstə daş qalmamışdır. Hər bir layihə sıfırdan başlamalı və yenidən qurulmalıdır. Ölkəmizin gücü, qüdrəti bütün bu layihələrin öhdəsindən gəlməyə qadirdir.

Qısa zaman ərzində azad olunmuş ərazilərdə başlanılmış və artıq həyata keçirilmiş onlarla layihələr vardır. Füzuli Beynəlxalq Hava Limanının tikintisi artıq başlayıb. Növbəti  Zəngilan və Laçın Beynəlxalq Hava Limanları isə artıq layihələndirilmişdir. Əlbəttə, həyata keçirilməsi üçün münbit hava şəraiti və reylef də olmalıdır. Kəlbəcərin Murov dağlarından çox çətin şəraitdə elektrik xəttləri çəkilməkdədir. Şuşaya çəkilən “Zəfər yolu” artıq yekunlaşmaq üzrədir ki, bu yol bütün Qarabağda iqtisadi inkişafı təmin edəcəkdir. Bərdə-Ağdam, daha sonra Xankənkəndiyə qədər uzanacaq dəmiryolu xətti, Horadiz-Zəngilan-Zəngəzur avtomobil yolu və dəmiryolu xətti layihəsi, Şuşanı elektrik enerjisi ilə fasiləsiz təminatı regionda əsaslı işlərin getməsinə bariz sübutdur.

Bərpa prosesində öz şirkətlərimizlə yanaşı, xarici şirkətlər də fəal iştirak etmək istəyirlər ki, bu da çox təqdirəlayiq haldır. Hələ müharibənin ən qaynar fazasının davam etdiyi zamanlarda belə cənab Prezident xüsusi qeyd etmişdir ki, ədalətli və haqlı mövqeyimizi müdafiə edən dost, qardaş ölkələrlə yaxşı münasibətlər, strateji əməkdaşlıqlar daha da böyük şövqlə davam edəcəkdir. İşğaldan azad etdiyimiz ərazilər kifayət qədər böyük bir landşaftı əhatə edir. Hətta cənab Prezident öz çıxışlarında müqayisə üçün işğaldan azad olunmuş ərazilərin dörd Lüksemburq Hersokluğunun ərazisinə bərabər olduğunu ifadə etmişdir. Əlbəttə, mən Luksemburq müqayisəsinin özünün belə təsadüfi olmadığını anlayıram və təqdir edirəm. Bu geniş ərazilərin sıfırdan bərpası həm böyük maliyyə vəsaiti, həm də zaman tələb edir. Bizim isə tək rəqibimiz zamandır.

Qarabağın yenidən bərpası prosesində dünya praktikasının öyrənilməsi vacib amildir. “Ağıllı kənd, ağıllı şəhər” layihələrinin həyata keçirilməsi, şəhərlərin, rayonların baş planlarının hazırlanması və digər həyata keçiriləcək işlərdə ən yaxşı təcrübələr öyrənilir və həyata keçirilir. Biz tariximizi, dini məbədlərimizi, milli adət-ənənələrimizi bu bərpa prosesində unuda bilmərik. İki yüz ilə yaxın təhrif olunan, Qarabağda silinməyə çalışılan izlərimizi, dağıdılan məbədlərimizi, müzeylərimizi yenidən bərpa edərkən analoji dağıntıların bərpası ilə bağlı dünya praktikasını da öyrənib, tədbiq edirik.

Heç kimə sirr deyil ki, müharibə bitsə də biz bir neçə sferada açıq mübarizəmizi davam etdiririk. İnformasiya, hüquq və hərbi gücümüzün artırılması istiqamətində məqsədyönümlü işlər davamlı həyata keçirilir. Məhz bu səbəbdən müxtəlif bəyanatlar verən ölkələr, beynəlxalq qurumlar, təşkilatlar verdikləri açıqlamalar üçün daha etyatlı bir ritorika seçməlidirlər. Cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də çox səlis bir şəkildə özünü ifadə etmişdir. Onun fikirlərini olduğu kimi başa düşmək qarşı tərəfin heç şübhəsiz ki, xeyirinə addım olardı. Çünki cənab Prezidentin cəsarəti düşünülmüş siyasətinin və zəkasının təzahürüdür.

Ermənistan cəmiyyəti və dünyada olan ermənidən daha çox ermənilik edənlər Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı narahatçılıq hissi keçirirlər. Əlbəttə, təbiidir. Bir qara qəpiksiz milyonlarla dollar dəyərində silahları verəsən Ermənistana, sonra da muzey eskponatı kimi Bakıda onları seyr edəsən. Etiraf edim ki, bütün bunları qəbul etmək çox ağırdır. Lakin bu bizim yaratdığımız reallıqdır. Qarabağda 90-cı illərin əvvəllərində başımıza gətirilən oyunları unudacağımızı zənn edənlər yəqin ki, bir az sadəlövh olublar. Biz Hərbi Qənimətlər Parkı və yəqin ki, gələcəkdə açılacaq çoxsaylı açıq hava müzeyləri ilə başımıza gətirilənləri unutmayacağıq. Gənc nəsillərin real tarixi səhnələrlə tədris və tərbiyə olunmaları daha çox faydalıdır.

Son iki yüz ildə başımıza çox böyük faciələr gətirilmişdir. Buna rəğmən biz özümüzə erməni xalqını və cəmiyyətini düşmən bilmirik. Dünyanın müxtəlif yerlərində iki xalq istəyəndə və əlavə müdaxilə edilməyəndə mehriban yaşamaqdadırlar. Biz dəmir yumruğumuzla erməni faşizminin başını əzmişik. Bundan sonra da milli müdafiəmizi və təhlükəsizliyimizi təhdid edən hər hansı bir cəhd olarsa, onun da qarşısı heç şübhəsiz alınacaqdır. Bu, dövlətimizin, dövlət başçımızın rəsmi və qəti mövqeyidir. Bu gün real əməkdaşlıq mühitinin formalaşdığı bir zamanda kimlərsə yenidən Ermənistan ordusunun inkişafı haqqında xam xəyallara düşməkdədirlər. Bu, ermənilər üçün növbəti faciənin başlanğıcı hesab olunmalıdır. Erməni cəmiyyəti özü buna qarşı çıxmalıdır. Bilinməlidir ki, Qarabağa göndərilən hər bir erməni əsgəri ya terrorçu kimi məhv ediləcək, ya da cinayətkar kimi Azərbaycan məhkəmələri qarşısında cavab verəcəkdir.

Heç bir müharibə sonsuza qədər davam etmir. Biz bu müharibədən istədiyimiz və ən ədalətli nəticəni əldə etmişik. İndi yaranmış yeni reallıqlar fövqündə yeni istiqamətimiz inkişaf və tərəqqidir. Zəngəzur dəhlizi bizim yeni iqtisadi, sosial inkişaf və əməkdaşlıq üçün hədəfimizdir. Buna mane olmaqla yüz bir il əvvəl əlimizdən alınan torpaqlarımızda yaşamaq hüquqlarımızı da məhdudlaşdırmaq cəhdləri bu dəfə baş tutmayacaqdır. Müasir Azərbaycan Respublikası nə Azərbaycan Xalq Cümhuriyyəti, nə də Azərbaycan SSR-dir. Bizim qüdrətli dövlətçiliyimiz, güclü ordumuz, zəngin iqtisadiyyatımız və hücum diplomatiyamız əlimizdən alınan bütün tarixi torpaqlarımızda fərdi yaşama hüququmuzu geriyə qaytarmağa qadirdir.

Cənab Prezidentin “İsgəndər-M” raketi ilə bağlı suallarına cavab verməyə çalışılsa da bu cavabı qəbul etmək mümkün deyildir. Bu suallara cavab tapılması əvəzinə Rusiya cəmiyyətində sistemli şəkildə Azərbaycana qarşı qəbul olunmaz ittihamların səslənməsi düşünmürəm ki, qeyri-peşəkarlığın nəticəsidir. Biz dəfələrlə faktlar təqdim edərək müharibə dövründə qaçaqmalçılıqla silahların Ermənistana Rusiyadan daşındığını lazımi qurumlara bildirmişik. Silah növləri, sayları, uçuş reyslərinin nömrələrinə qədər açıq informasiyaları rəsmi orqanlara təqdim etməyimizə rəğmən Rusiya telekanallarında guya “İsgəndər-M” raketinin Türkiyə və Azərbaycan ortaq dırnaq arası fəaliyyəti nəticəsində Şuşaya gətirilməsi ilə bağlı dövlətimizə yaraşmayan ittihamın irəli sürülməsi qəti qəbul edilməzdir. Əlbəttə, bu qeyri-rəsmi mənbələrin və qeyri-rəsmi şəxslərin boş, cəfəng fikirləridir. Ölkəmizə qarşı bu cür şərəfsiz ittihamlar irəli sürmək ən yumşaq qiymətləndirmə ilə vicdansızlıqdır.

Rusiya cəmiyyəti heç bir zaman unutmamalıdır ki, Rusiya Azərbaycanın strateji tərəfdaşıdır və Rusiyanın sülhməramlı missiyasının Qarabağa gətirilməsi Azərbaycanın razılığı ilə həyata keçirilmişdir. Rusiya bütün hallarda Azərbaycan kimi faydalı bir tərəfdaşı itirməməlidir.