YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb

Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildikdən və Ermənistan Respublikası ilə dövlət sərhədləri işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən bu ərazilərdə sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildiriblər ki, aprelin 1-də Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bununla əlaqədar təşkil olunmuş mərasimdə DSX rəisinin birinci müavini general-leytenant Rəşad Sadiqov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Çıxışda Vətən müharibəsində düşmən üzərində tarixi Qələbənin əldə olunmasında Azərbaycan sərhədçilərinin şərəflə iştirak etmələri və qarşıya qoyulmuş döyüş tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirmələri, dövlət sərhədlərimizin işğaldan azad olunmasından sonra qısa müddətdə bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkilinin böyük əhəmiyyət kəsb etməsi qeyd olunub.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dövlət sərhədlərimizin mühafizəsinə göstərdiyi yüksək etimadı doğrultmaq üçün səy və bacarıqlarını əsirgəməyən Azərbaycan sərhədçilərinin düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığının təmin edilməsi vəzifəsinin öhdəsindən də layiqincə gələcəklərinə əminlik ifadə olunub.

Yeni hərbi hissə kompleksinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana kompleksinə, anbar, silah və texniki vasitələrə, avtomobil texnikasına baxış keçiriblər. Kompleks daimi işıq və istilik sistemi, zəruri avadanlıqlar, mebel və məişət əşyaları ilə təmin edilib.

Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş hərbi qulluqçular təltif olunublar.