YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Xəlilova: Azərbaycan artıq yeni strateji mərhələyə daxil olur

“Son 17 ildə sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçən Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf edib, beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, cəmiyyətdə dövlətçilik ənənələri güclənib. Geniş sosial-iqtisadi infrastruktur layihələrinin uğurla həyata keçirilməsi ölkənin hərbi qüdrətinə də müsbət təsir göstərib. Torpaqlarımızın işğaldan azad edilməsində və ölkəmizin ərazi bütövlüyünün bərpasında bu amillərin həlledici rolu olub. Azərbaycanın hərb və diplomatiya sahəsində əldə etdiyi uğurlar bu gün yeni, sistemli və davamlı islahatlara yol açır". Bu fikirləri Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Hicran Xəlilova deyib. 

H.Xəlilova bildirib ki, müstəqil və suveren Azərbaycan dövləti artıq yeni - 2021/2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur: "Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı Sərəncam məhz bu mərhələdə qarşıda duran ən ümdə vəzifələr müəyyənləşdirilib. Bu sənədlə dövlətin növbəti 5 strateji prioritetlərini müəyyən edilib. Ölkənin sosial-iqtisadi inkişafına yönəldilən həmin prioritetlərin birincisi dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyata nail olmaqdır. İkinci hədəf dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılmasıdır. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması prioritetlərin üçüncü sırasında dayanır. Dördüncü taleyüklü məsələ işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin olunmasıdır. Nəhayət, beşinci prioritet Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi də şöhrətlənməsidir".

YAP Qaradağ rayon təşkilatı Qadınlar Şurasının sədri bildirib ki, yeni mərhələdə müəyyən edilmiş strateji hədəflərə çatmaq üçün hazırlanan konseptual dövlət sənədində nəzərdə tutulan tədbirlər həddindən artıq geniş və çoxşaxəlidir. Bu da bir çox dövlət orqanları qarşısında mühüm vəzifələr qoyur: "Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə qazanaraq tarixi torpaqlarımızı azad etdi. Artıq yeni dövr başlayıb, öz doğma torpaqlarından köçkün düşən insanların dayanıqlı məskunlaşmasının təmin edilməsi və bu ərazilərin ölkənin iqtisadi-sosial həyatına qoşulması üçün işlər həyata keçirilməkdədir. Məhz bu məqsədlə Milli Prioritetlərin ən mühüm hədəflərindən biri də Böyük Qayıdışa uyğun proqramların hazırlanması və icrasıdır. Bu hədəf üzrə işlər tamamilə yeni reallıqlar əsasında Azərbaycanın inkişafında yeni bir mərhələnin başlanması deməkdir. Qarabağ bölgəsi zəngin iqtisadi sərvətlərə, istehsal, ixrac üzrə rəqabətqabiliyyətli istehsal drayverlərinə, eyni zamanda, geoiqtisadi və strateji logistika, nəqliyyat imkanlarına malik bölgədir. Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür. İşğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa ediləcək, bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevriləcək, ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olacaqdır. Nəticədə bu bölgədə yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcək”.

"Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda addımlayan qüdrətli Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar hər birimiz tərəfindən böyük iftixarla qarşılanır, təqdir edilir", - deyən H.Xəlilova əlavə edib ki, ölkə başçısının xalqın güzəranının, sosial-rifah halının artırılmasına xidmət edən məqsədyönlü siyasətinin davamı olan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqram da məhz vətəndaşların sosial rifahını, uzunömürlülüyünü, sağlam həyat tərzini, təhsilini, təmiz ekoloji mühitini təmin edilməsinə böyük töhfələr verəcək: "Bu da Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğundan xəbər verir. Son dövrlərdə dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artmışdır. Dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir".

YAP Qaradağ rayon təşkilatı Qadınlar Şurasının sədri qeyd edib ki, dövlətin davamlı inkişafını şərtləndirən amillərdən biri də yüksək səviyyəli təhsil sistemidir: "Azərbaycanda XXI əsrin tələblərinə uyğun olan təhsil sisteminin formalaşmasında dövlətin iqtisadi potensialının payı mütləq artırılmalıdır. Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətə davamlığı təmin olunmalıdır".