YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Siyasət Akademiyasının "Azərbaycan Respublikasının gender bərabərliyi siyasəti" mövzusunda videokonfrans formatında növbəti kursu keçirilib

YAP-ın Siyasət Akademiyasının "Azərbaycan Respublikasının gender bərabərliyi siyasəti" mövzusunda videokonfrans formatında növbəti kursu keçirilib.

Kursun rəhbəri, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov tədbir iştirakçılarını salamlayaraq, ölkəmizdə gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, respublikamızda kişi və qadın bərarbərliyinin təmini, gender balansının qorunması istiqamətində görülən işlərdən bəhs edib.

Mövzu ilə bağlı geniş məruzə ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova öz nitqində bildirib ki, Azərbaycanda ailə institutunun tarixi çox qədimdir və milli-mənəvi dəyərlərə bağlı olan sosial bir qurum kimi müasirliyə də hər zaman açıq olub. Ailə cəmiyyətin sosial əsasıdır. Ailənin cəmiyyət və dövlət həyatında özünəməxsus yeri və rolu var. Ailədə həm adət-ənənə, həm idarəçilik, həm birgə təsərrüfat vərdişləri aşılanır. Eyni zamanda, bunların hamısı sosial-psixoloji təminatlara bağlıdır. Bu təminatların mövcudluğu obyektiv və subyektiv səbəblərə bağlıdır və iqtisadi vəziyyətin təsiri burada daha çox hiss olunur.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsi olaraq bu gün ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində əsaslı nailiyyətlər əldə olunmuşdur. Xüsusilə də bu sahədə bir sıra mühüm qanunlar qəbul edilmiş və davamlı islahatlar həyata keçirilmişdir. Nəticədə ölkədə qadın və uşaq hüquqları daha da inkişaf etdirilmiş, bu sahələrdə əhalinin məlumatlılıq səviyyəsi artırılmış, erkən nikahların sayı azalmışdır.

Xüsusi vurğulanıb ki, ailə institutunun möhkəmləndirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi digər aidiyyəti qurumlarla birlikdə milli-mənəvi dəyərlərin əhali arasında düzgün təbliği, qadın və uşaq hüquqları sahəsində maarifləndirmənin zəruriliyi, gənc nəslin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. Lakin bütün bunların fonunda ailə institutuna təsir göstərən bir sıra mənfi hallar həm cəmiyyətimiz, həm də dövlətimiz üçün aktual olaraq qalmaqdadır. Bütün dünyada olduğu kimi, son illər nikahların azalması, boşanmaların artması, məişət zorakılığı zəminində xüsusi amansızlıqla qətl hadisələrinin baş verməsi, doğulan uşaqların sayının, ümumnəsilvermə əmsalının aşağı düşməsi, o cümlədən, doğulan uşaqlar arasında cins nisbətinin pozulması ailədaxili münasibətlərin tənzimlənməsi sahəsində bir sıra boşluqların olmasını sübut edir. Bu tendensiyanın davam etməsi gələcəkdə bir sıra demoqrafik problemlərin, eyni zamanda, genefonda mənfi təsirlərin və daha ağır fəsadların yaranmasına səbəb ola bilər.

Daha sonra kurs iştirakçılarının sualları cavablandırılıb.