YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Avropanın qaz təchizatına kömək edəcək

“Ekonomika” internet qəzeti Ukraynanın populyar və nüfuzlu “Ekonomiçeskiye izvestiya” portalında dərc edilmiş “Azərbaycan Avropanın qaz təchizatına kömək edəcək” sərlövhəli məqaləni yanvarın 30-da öz saytında yerləşdirib.
Materialda qeyd edilir ki, Xəzər regionundan Avropaya qaz nəqlini təmin edəcək infrastrukturun yaradılması tezliklə gerçəkləşəcək və bu infrastruktur başqa ölkələr üçün də əlyetərli olacaq. Bu layihə keçən il Avropadan qaz almağa başlamış Ukrayna üçün də maraqlıdır.
Ukraynalı jurnalistlər qeyd edirlər ki, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi ilə bağlı əsas işlər cari ildə və yaxın üç ildə aparılacaq. “Şahdəniz” yatağından hasil edilən qaz ilk növbədə Avropa bazarına daxil olacaq. Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qaz Cənubi Qafqaz qaz kəmərinin genişlənməsi, Transatlantik qaz kəmərinin (TANAP) və Transadriatik qaz kəmərinin (TAP) inşa edilməsi yolu ilə Türkiyəyə (ildə 6 milyard kubmetr), habelə İtaliya, Yunanıstan və Bolqarıstan bazarlarına (25 il müddətində hər il 10 milyard kubmetr) ixrac ediləcək.
Qəzet xatırladır ki, bu layihə üzrə son investisiya qərarı 2013-cü il dekabrın 17-də Bakıda qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bu layihə Azərbaycana həm iqtisadi, həm də siyasi xarakterli böyük dividendlər gətirəcək.
Məqalədə Avropa Komissiyasının ovaxtkı prezidenti Joze Manuel Barrozunun aşağıdakı sözləri sitat gətirilir: “Bu sazişin imzalanması bir daha təsdiq etdi ki, 2019-cu ilin sonundan başlayaraq Avropa bu layihə çərçivəsində ildə 10 milyard kubmetr qaz alacaq. Bu qərar Avropanın enerji təhlükəsizliyini daha da gücləndirməyə yol açan strateji addımdır. Avropanın enerji təchizatının şaxələndirilməsi yolunda bu mühüm mərhələ istehlakçılar və müəssisələrin rifahına xidmət edəcək”.