YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Prezident İlham Əliyevin Moskva səfəri çərçivəsində keçirilmiş üçtərəfli görüş 10 noyabrda imzalanan sənədin 9-cu maddəsinin icra mexanizminə yönəlik bir görüşdür

“Bu günlərdə dünya mətbuatının əsas manşetləri hələ də ABŞ-da Tramp tərəfdarlarının etiraz aksiyaları və bu aksiyalardan qaynaqlanan hadisələr olsa da, bizim üçün ən vacib hadisə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin yanvarın 11-də Moskvada keçirilən görüşü oldu. Hər iki tarixi hadisə bir-biri ilə heç bir cəhətdən oxşar və əlaqəli olmasa da, ölkəmizdəki radikal və antimilli qüvvələrin iç üzünün bir daha ifşa olunması üçün ciddi bir müqayisədir. Vaşinqtonda baş verənlərə elə ilk dəqiqələrdən dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatları, tanınmış politoloqlar və ekspertlər tərəfindən müxtəlif rəylər bildirildi. Hələ də mətbuatın ana gündəmi olan Vaşinqtonda baş verənlərə sözsüz ki, heç kəs sevinmir. Hərçənd ki, belə bir olayın cüzi hissəsi Azərbaycanda baş versəydi, ermənipərəst dünya liderləri və erməni diasporunun maliyyəsi ilə fəaliyyət göstərən bir qrup qərəzli beynəlxalq təşkilatlar bunu inqilab adlandırar, hələ üstəlik ona bir rəng də vurardılar. Əslində, Vaşinqton hadisələri o qədər dolaşıq və qarışıqdır ki, ona ancaq göy qurşağı adı vermək olar. Əlbəttə, “Başqalarına külək arzulayanda, özündə fırtına baş verər” demişdi atalarımız. Bütün bunlara baxmayaraq, əminik ki, ABŞ dövləti və ABŞ demokratiyası baş vermiş bu qaranlıq hadisələrdən güclüdür və tezliklə hər şey yoluna düşəcək, qazanan isə Amerika xalqı olacaq”. Bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Məlahət İbrahimqızı bildirib ki, ən təəccüblüsü Amerikada, bəlkə də Konqresin çox yaxınlığında yaşayan və ermənipərəst konqresmenlərlə iş birliyində olan radikal və antimilli azərbaycanlı ziyalıların susqunluğudur. Daha doğrusu, burunlarının ucunda baş verənlərə qarşı susqunluq göstərdikləri halda min kilometrlərlə uzaq məsafədə baş verən hadisələrdə dil boğaza sığmır. Onsuz da onların və onlar kimilərin rəyi nə ABŞ-da, nə Avropada, nə də Azərbaycanda əhəmiyyəti olmayan gərəksiz söz yığını kimi qəbul edilir və ciddiyə alınmır. Lakin bu qüvvələr yerli-yersiz Azərbaycan hakimiyyətinin hər bir işinə və ölkədə baş verənlərə qara şüşədən baxaraq savadsız və qərəzli fikir yürütməklə qaranlıq otaqda qara pişik axtarışındadırlar.

Millət vəkilinin sözlərinə görə, xarici ekspertlər Azərbaycan Prezidenti İlham Əliyevin Moskva görüşündən məmnun, Ermənistanın baş naziri Nikol Paşinyanın isə “qanıqara” qayıtmasını xüsusi vurğuladıqları halda, antimilli qüvvələr bu görüş haqqında ağız büzürlər. Azərbaycanın radikal müxalifətinin görüş ətrafında qaldırdığı ajiotaj erməni diasporunun Moskva görüşü ərəfəsindəki aksiya və etirazlarla harmoniya təşkil etməsi də hər iki qüvvənin vahid mərkəzdən - anti-Azərbaycan və anti-Türkiyə mərkəzindən idarə olunduğunu sübut edir. Bu mənada, həm Paşinyanın, həm də Azərbaycan müxalifətinin danışıqların Minsk formatına daşınması məqsədi bütün mətləbləri ortaya qoyur. Radikal müxalifətin Azərbaycana yeni güzəştlərin qəbul etdiriləcəyi və guya Rusiyanın hərbi mövcudluğunu gücləndirəcəyi iddiası isə Moskva görüşünün nəticələri ilə daban-daban ziddir. Prezident İlham Əliyevin Moskva səfəri çərçivəsində keçirilmiş üçtərəfli görüş əslində 10 noyabrda imzalanan sənədin 9-cu maddəsinin icra mexanizminə yönəlik bir görüşdür. Mətbuata verilmiş ətraflı məlumatda da deyildiyi kimi, bu görüş Ermənistanın kapitulyasiyasından sonra dayanıqlı və etibarlı təhlükəsizliyin, ticari, iqtisadi və kommunikasiya məsələlərinin müzakirəsi və həllinə həsr edilmişdir. Vaşinqtonda baş verən hadisələrə münasibət bildirilməməsinin səbəbi isə aydındır. Beşinci kolon ilə sinxron fəaliyyətdə olan, Soros və Soros kimi ermənipərəst təşkilatlara köləlik edən radikal müxalifət kölə olduqları ağalarına bir daha sadiqlik göstərdilər. Bu təşkilatların maliyyəsi ilə uzun illərdir ABŞ və Avropada yaşayan həmin qüvvələr aldıqları pulların əvəzini vermək üçün Azərbaycan hakimiyyətinə qarşı davamlı olaraq şər-böhtan dolu açıqlamalar verirlər. Həmin qüvvələr bu gün Avropada, okeanın o tayında törədilən qanunsuzluqlara, haqsızlıqlara tətbiq edilən məhdudiyyətlərə susqundurlar. Bizim heç bir ölkənin daxili işinə qarışmaq niyyətimiz yoxdur. Hər dövlət və hər xalq öz seçimində suverendir. Lakin söhbət bizim antimilli şuranın bir qrupunun Azərbaycan iqtidarının əldə etdiyi uğurlara qərəzli və düşmənçilik mövqeyindən gedir.

“Daha çox qrant almaq düşüncəsi ilə SOROS-a satılmış bu qüvvələr ağızlarına gələni, hətta karantin qaydalarının demokratiyaya zidd olduğunu deyərək Azərbaycan iqtidarını heç bir çərçivəyə sığmayan sözlərlə tənqid edirdilər. Dünyanın heyran olduğu Azərbaycanın Vətən müharibəsindəki mübarizəsinə və qazanılmış Zəfərə, hətta xalqın müqəddəs dəyərlərinə və müqəddəs duyğularına, şəhidlərimizin ruhuna toxunan antimilli qüvvələr ermənipərəst açıqlamalar verməkdən hələ də usanmırlar. Sözsüz ki, bu gün radikal müxalifətin nəyə və kimə xidmət etdiklərini ictimaiyyət, bütövlükdə isə xalq çox gözəl bilir. Bu qüvvələr, heç olmasa, Azərbaycan tarixinin Zəfər səhifələrini yazmış xalqın bir gün onları mühakimə edəcəyindən qorxsunlar”,-deyə deputat qeyd edib.