YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq-iqtidar birliyi və milli həmrəyliyimiz 2020-ci ili Zəfər ilinə çevirdi

Azərbaycan xalqı bu il 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü daha böyük qürur və sevinc hissi ilə qeyd edir. Çünki başa vurmaqda olduğumuz 2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi düşdü. Bu il Azərbaycan Ordusu ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, xalqımızın güclü dəstəyi ilə təntənəli zəfər yürüşü etdi. Nəticədə torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olundu. Bu, dünya azərbaycanlılarının ən böyük arzusunun gerçəkləşməsidir. Eyni zamanda, xalqımızın şanlı ən böyük qəhrəmanlıq salnaməsinin tarixin yaddaşına həkk olunmasıdır.

Dəmir yumruq kimi birləşən Azərbaycan xalqı öz qüdrətini bütün dünyaya göstərdi

Prezident İlham Əliyev dünya azərbaycanlılarına müraciətində qeyd etdi ki, “Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”. Bəli, bu qələbənin əldə olunması xalq-iqtidar  birliyi, dünya azərbaycanlılarının Ali Baş Komandanımızın ətrafında  sıx birləşməsi və milli həmrəyliyimiz çox vacib rol oynadı. Azərbaycan xalqı, sözün əsl mənasında, vahid amal uğrunda dəmir yumruq kimi birləşdi, öz hədəfinə çatdı. Əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının həmrəyliyi öz sözünü dedi, bütün dünya, o cümlədən işğalçı Ermənistan və onun havadarları gücümüzü, qüdrətimizi gördü. Elə dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər paradı da Azərbaycan dövlətinin gücünü, xalqımızın mübarizə əzmini, ordumuzun qüdrətini nümayiş etdirdi.

 Burada haşiyə çıxaraq xatırlatmağı borc bilirəm ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilməsi böyük tarixi əhəmiyyətə malikdir. O zaman Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət etmişdi. Dekabrın 25-də isə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etmişdi. Ümummilli liderimiz “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı ilə milli mənsubluğumuzla, milli kimliyimizlə qürur duymağı aşılamışdı. Onun əsasını qoyduğu müasir azərbaycançılıq ideologiyası Azərbaycan xalqının birliyini, həmrəyliyini təmin edən məfkurəyə çevrildi. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi isə milli birliyimizi zirvəyə daşıdı və qeyd etdiyim kimi, Vətən müharibəsində biz bunun canlı şahidi olduq.

 Qüdrətli Azərbaycan bir daha öz fərqini ortaya qoydu

Yola salmağa hazırlaşdığımız 2020-ci ildə dünyada koronavirus pandemiyasının tüğyan etməsinə, inkişaf etmiş ölkələr sosial-iqtisadi və səhiyyə böhranına düçar olmasına baxmayaraq, Azərbaycan bir daha öz fərqini ortaya qoydu. Dövlətimiz öz vətəndaşlarının sağlamlığını qorumaq üçün bütün zəruri addımları atdı, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən vacib tədbirlər gördü. Bu, bir daha Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanması reallığını göstərdi. Həmçinin Azərbaycan pandemiyaya qarşı mübarizə çərçivəsində mühüm təşəbbüslər irəli sürdü, qlobal həmrəyliyə öz vacib töhfəsini verdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə sözügedən qurumların COVID-19-a qarşı mübarizəyə həsr olunmuş videoformatda Zirvə görüşü baş tutdu. Dekabr ayının 3-4-də Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü əsasında və 150-dən artıq dövlətin dəstəklədiyi BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirildi. Bütün bunlar Azərbaycanın dünyada etimad göstərilən nüfuzlu dövlət olduğunu bir daha təsdiqlədi.

Əlbəttə, uğurlarımızın sayı çoxdur və onları istənilən qədər sadalamaq olar. Amma bütövlükdə, bu il Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı nailiyyətlər, Azərbaycanın sabitlik və inkişaf yolunda addımlaması, beynəlxalq mövqeyinin möhkəmlənməsi və digər amillər gələcəyi nikbin baxmağımıza əsas verir.

Bütün soydaşlarımızı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Yaşasın qüdrətli Azərbaycan dövləti! Yaşasın həmrəy Azərbaycan xalqı! Yaşasın Müzəffər Ali Baş Komandanımız! Biz birlikdə güclüyük!

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri,

YAP İdarə Heyətinin üzvü