YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Azərbaycan dövlətinin uzaqgörən siyasəti qələbəmizi şərtləndirən əsas amillərdən biridir

“Azərbaycanın bu siyasi qələbəni qazanmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Eyni zamanda, son illər ərzində ölkəmizdə aparılan inkişaf siyasəti, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. İqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı təmin etdi. Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqilik ordumuzu gücləndirmək üçün imkan yaradıb. Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir”. Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq, Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin inkişafına mühüm təsir edir.

“Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsində vacib rol oynadı. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan ötən illər ərzində bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Məhz aparılan bu uğurlu siyasət nəticəsində Azərbaycan bugünkü qələbəyə nail oldu”,-deyə E.Məmmədov vurğulayıb.