YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Biz bu gün tarixi ədaləti bərpa edirik

“Azərbaycanın  xarici siyasətinin prioritet məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində dövlətin qətiyyəti, xalqın iradəsi, Ordunun gücü, beynəlxalq dəstək  əhəmiyyətli rol oynayır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Dağlıq Qarabağın Azərbaycanın  ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması öz əksini tapıb. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan  dünyanın ikili siyasətinin yaratdığı problemlərdən, ən əsası  münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyindən bəhs edərək Azərbaycanın dəyişməz mövqeyini hər an bəyan edir: “Ərazi bütövlüyümüz  danışıqlar mövzusu deyil və  ola da bilməz. Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək.” 27 sentyabrdan bu günə   Ermənistan silahlı qüvvələrinin təcavüzünə cavab olaraq Azərbaycan Silahlı Qvvələrinin  davamlı əks-hücum əməliyyatları nəticəsində  yaşayış məntəqələrimizin, strateji yüksəkliklərimizin, Cəbrayıl rayonunun  işğaldan azad edilməsi, Ordumuzun döyüş ruhunun daha da yüksələrək  qarşıdakı günlərdə işğal altında olan bütün torpaqlarımızda zəfər bayrağımızı qaldıracaqlarını  əminliklə  ifadə etmələri buna bariz nümunədir. Bu gün Azərbaycan Ordusu tarix yazır.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

   M.Həsənov qeyd edib ki, sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları ilk gündən bir neçə yaşayış məntəqəmizin və strateji yüksəkliklərin azad edilməsi ilə tarixə yazıldı: «Oktyabrın 3-ündə isə onların sırasına yeni qələbələrimiz daxil oldu. Bu xoş xəbərləri dövlətimizin başçısı İlham Əliyev  “Tvitter səhifəsində paylaşaraq öncə Azərbaycan Ordusunun Madagizdə  bayrağımızı  qaldırdıgı sevincini, sonra isə Madagizin tarixi adının bərpa edildiyini, bundan sonra  Suqovuşan adlandırılacağını, həmçinin Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyini çatdırdı.  Oktyabrın 4-də isə  ölkə Prezidenti  Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etdiyini paylaşdı.  Qələbə xəbərlərimizin davamlı olması  qalib gələcəyimiz günün  yaxınlıqda olduğuna  əminliyi artırır.”

     Millət vəkili diqqəti dövlətimizin başçısı İlham Əliyevin Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndinin  işğaldan azad edilməsi münasibətilə bütün Azərbaycan xalqına müraciətində səsləndirdiyi bəyanata yönəldib: “Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”

    Möhtərəm Prezidentimizin istər xalqa müraciətində, istərsə də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində  problemin uzanma, təxribatların törədilmə  səbəblərini, beynəlxalq hüququn normaları,  beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından Azərbaycanın  çox geniş dəstəyinin olmasını açıqladığını qeyd edən M.Həsənov vurğulayıb ki, Ermənistan hazırda atəşkəsin bərpa olunması ilə bağlı diz çöküb yalvarır. Azərbaycanın qarşısına şətrlər qoyan Ermənistanın baş naziri Nikol Paşinyan  bu gün düşdüyü acınacaqlı vəziyyətdən çıxmaq üçün  dünya dövlətlərindən, nüfuzlu təşkilatlardan dəstək istəyir. Dövlətimizin başçısının bir şərti var- Ermənistan işğalçı qüvvələri torpaqlarımızdan çıxsınlar, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə: “Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik.”

    M.Həsənov  bu gün dünyanın hüquq problemini yaşadığını da xüsusi qeyd edib: “Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmur, beynəlxalq təşkilatların, xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilmir, işğalçı dövlətə bununla bağlı heç  bir sanksiya tətbiq olunmur. Bu gün dünya dövlətləri, nüfuzlu təşkilatlar cəbhə xəttində döyüşlərin dayandırılmasını, sülh danışıqlarının davam etdirilməsini istəyir, amma Ermənistanın qarşısına heç bir şərt qoymur, qərar və qətnamələrin icrasını tələb etmirlər. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, otuz il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir. İyirmi yeddi il ərzində  danışıqların bütün dövrlərində konstruktiv, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb.”

     Millət vəkili  bu məqama da diqqət çəkib ki,  Azərbaycan dövləti, xalqı kağız üzərində qalan bəyanatların real həyatda öz əksini tapması ilə bağlı çağırışlar edəndə  o zaman həmin dövlətlər, təşkilatlar susurdu: “Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu həmsədrləri hazırkı həlledici mərhələdə də neytrallığı qorumur, verilən bəyanatlarla rəsmi Bakının haqlı narazılığına səbəb olurlar.  Fransa prezidenti Emmanuel Makron bəyanatında bildirir ki, Qarabağın yenidən "ələ keçirilməsini" qəbul etməyəcəyik. Vasitəçilik missiyasını yerinə yetirən bir dövlət işğalçı Ermənistana dəstəkdən irəli gələn bu bəyanatı ilə  nəyə çalışır? Neytrallığı qorumayan, birtərəfli mövqe nümayiş etdirən həmsədrdən münaqişənin həllində ədalətli mövqe gözləmək sadəlövhlük olar.  Qarabağ Azərbaycan torpağıdır. Torpaqlarımızın azad olunması bizim haqqımızdır. Artıq cəmiyyətdə ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsi kimi tələblər səsləndirilir.   Dövlətimizin başçısı bildirir ki,  Minsk qrupunun həmsədr ölkələrinə, həmsədr olan səfirlərə, digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə dəfələrlə demişdim ki, Ermənistana təsir edin, sanksiyalar tətbiq edin, təzyiq edin.  Əgər güclü təsir olmasa, Ermənistan daha da azğınlaşacaq, daha da quduracaq, yeni iddialar ortaya atacaq: “Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?! Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə biz danışıqlarmı aparmalıyıq? Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirmişdir. Baxım görüm, indi andiçmə mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıb siçan kimi gizlənib. Çıxsın ortalığa! Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq.”

   “Möhtərəm Prezidentimiz bir daha bildirdi ki, bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır” söyləyən millət vəkili bu inamı ifadə edib ki, Azərbaycan Ordusunun şücaəti nəticəsində bütün işğal altında olan torpaqlarımız azad olacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu günlər Azərbaycan tarixinə qələbə səhifələri kimi yazılacaq. Biz tarixin ən şərəfli anlarını yaşayırıq.  Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

 

DİGƏR Xəbərlər Arxiv