YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Makron Cənubi Qafqazda sülh uğrunda deyil, Fransadakı erməni seçicilərinin səsi uğrunda mübarizə aparır

“İşğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması dövlətimizin beynəlxalq hüquqla təsbit olunmuş haqqıdır. 30 ilə yaxın müddət ərzində münaqişənin sülh yolu ilə həll edilməməsinin, Ermənistanın təcavüzkar siyasətinə son qoyulmamasının əsas səbəblərindən biri vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin tutduğu mövqedir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, həmsədrlər fəaliyyəti dövründə heç zaman işğalçı Ermənistana təzyiq göstərməyib, əksinə tərəflər arasında bərabərlik yaradıb və ümumiləşmiş bəyanatlar səsləndirib. Azərbaycanın çağırışlarına baxmayaraq, həmsədrlər erməni tərfinin təxribatlarına, beynəlxalq cinayətlərinə münasibət bildirməyib. Onun sözlərinə görə, belə bir halda Fransa Prezidenti Emanuel Makronun cəbhədə hərbi əməliyyatların başladığından bəri tutduğu mövqe və verdiyi bəyanatlar bu həmsədr  ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır: “ATƏT-in mandatına uyğun olaraq vasitəçilik edən dövlət münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək verə, tərəflərə yanaşmada balansı nümayişkarcasına poza bilməz, Fransa prezidenti isə bu gün məhz bu yolu tutub. Makronun heç bir diplomatik və vasitəçilik missiyasına cavab verməyən mövqeyi, həm də, Fransada qarşıdan gələn seçkilərlə bağlıdır və bu ölkədə yaşayan erməni diasporunun səslərinin qazanılmasına yönəlib. Bu gün Makron münaqişənin nizamlanması üçün vasitəçiliklə deyil, seçki kampaniyası ilə məşğuldur. O, Cənubi Qafqazda sülh uğrunda deyil, Fransadakı erməni seçicilərinin səsi uğrunda mübarizə aparır”.

Deputat söyləyib ki, Dağlıq Qarabağdakı separatçı rejimi dəstəkləmək qəbulolunmazdır: “Əgər Azərbaycan Breton, Korsika və Basklar ölkəsindəki separatçıları dəstəkləsəydi, buna Fransanın və onun prezidentinin münasibəti necə olardı? Separatçılara münasibət bütün dünyada eyni cür olmalıdır. Digər tərəfdən, Makron iddia edir ki, guya Suriyadan gətirilən terrorçular Azərbaycan tərəfindən döyüşür. Əvvəla, bu tamamilə dezinformasiyadır. Digər tərəfdən, Fransa Suriya hakimiyyətinə qarşı döyüşənləri demokratik qüvvələr adlandırırdı. İndi isə həmin döyüşçüləri terrorçu hesab edir. Bu ikili standarlardır. Yəni Fransa bu məsələyə öz maraqlarına uyğun yanaşır. Məhz bu cür ikili standartlar vəziyyəti bu həddə gətirib çıxardı”.  

Millət vəkili xatırladıb ki, tarixən Fransa müstəmləkəçi siyasət həyata keçirərək bir sıra qətliamlar, soyqırımlar törədib. Ötən əsrdə Əlcəzair xalqının başına gətirilən faciətləri xatırlatmaq yerinə düşər. Bu dövlətin müasir dövrdə Liviyada yürütdüyü siyasət də hər kəsə məlumdur.

S.Fətəliyavın fikrincə, E.Makronun davranışı və açıqlamaları göstərir ki, o, Avropanın ən nüfuzlu dövlərlərindən birinə başçılıq etmək üçün tələb olunan keyfiyyətlərə malik deyil. Aşağı səviyyəli sarı mətbuatın yaydığı feyk xəbərlərin Fransa kimi ölkənin başçısının dilindən səslənməsi, ilk növbədə, Fransa xalqı üçün başucalığı gətirmir. Vaxtilə De Qoll kimi şəxsiyyətin lideri olduğu ölkəyə bu gün sarı mətbuatın xəbərlərinin təbliğatçısı səviyyəsinə enən Makronun rəhbərlik etməsi təəssüf doğurur.

Azərbaycanın daim Fransa ilə dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu deyən deputat ölkəmizdə  fransızdilli orta və ali məktəbin fəaliyyət göstərdiyini, Fransa şirkətlərinin Azərbaycandakı neft müqavilələrinin iştirakçıları olduğunu qeyd edib: “Məlumdur ki, Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə Prezident kimi ilk səfərini məhz Fransaya etmişdi, Prezident İlham Əliyev də 2003-də dövlət başçısı kimi ilk səfərinin Fransaya edib. Bundan əlavə, Azərbaycan Fransadakı tarixi abidələrin bərpası və yenidənqurulması prosesində fəal iştirak edir. Bütün bunların fonunda Makron hökumətinin tutduğu mövqe təəssüf doğurur və ilk növbədə, Fransanın maraqlarına ziddir”.