YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Bu gün Türkiyə və Azərbaycan sevincini və kədərini paylaşan iki dövlətdir

“Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu 102 il bundan əvvəl sentyabrın 15-də Bakını erməni-bolşevik işğalçılarından azad edib. Məhz həmin gün o vaxt müstəqilliyini elan edən gənc bir dövlətin özünü təsdiq etməsində mühüm əhəmiyyət kəsb edir. Çox mürəkkəb və çətin bir şəraitdə Azərbaycanın köməyinə qardaş Türkiyə çatıb. 1918-ci il sentyabrın 15-i bizim üçün dönüş günü olub. Maraqlıdır ki, 1915-ci ildə Çanaqqala döyüşlərində minlərlə azərbaycanlı Türkiyəyə, öz doğma qardaşlarına yardımını əsirgəməyib. Bu faktlar onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə bir-birinin yanındadır.

Bu gün Türkiyə və Azərbaycan sevincini və kədərini paylaşan iki dövlətdir. Məhz bu tarixi hadisələr Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü “Bir millət, iki dövlət” prinsipinin əsl mahiyyətini göstərir. Elə müasir dövrdə də Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə olub”.

Bu fikirləri  Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib.

Hicran Hüseynova qeyd edib ki, müstəqilliyimizin çətin anlarında, Ermənistan tərəfindən torpaqlarımızın işğal edildiyi zaman Türkiyə Azərbaycana dəstək olub, haqq səsimizi bütün səviyyələrdə ictimailəşdirib. Eyni zamanda, bu dost və səmimi münasibətlər o qədər inkişaf edib ki, hətta müxtəlif tədbirlərdə belə ölkələrimiz bir-birinin yoxluğunu auditoriyaya hiss etdirmir. Belə nümunələr çoxdur. Bir neçə gün əvvəl Prezident İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Şərqi Aralıq dənizi regionunda Türkiyə ilə Yunanıstan arasında baş verən gərginliyə münasibətini bildirib. Dövlətimizin başçısı Türkiyənin Azərbaycan üçün təkcə dost və tərəfdaş deyil, həm də qardaş ölkə olduğunu vurğulayıb. Prezident İlham Əliyevin bu münasibəti digər dövlətlər üçün də bir mesajdır.

H.Hüseynova qeyd edib ki, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələri böyük əhəmiyyətə malikdir və hər iki ölkənin parlamentləri bu istiqamətdə səmərəli fəaliyyət göstərir.

Sentyabrın 10-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyəyə ilk rəsmi səfəri də bunu deməyə əsas verir. Spiker ölkələrimiz arasındakı ənənəyə sadiq qalaraq bu vəzifədə ilk xarici səfərini Türkiyəyə edib. Səfər çərçivəsində S.Qafarova Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla yüksəksəviyyəli görüşlər keçirib, hərtərəfli fikir mübadiləsi aparıb.

“Ümumiyyətlə, bu gün qlobal və regional müstəvidə beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük, humanitar böhran, eləcə də COVID-19 pandemiyası ümumi vəziyyəti daha da ağırlaşdırıb. Bütün bunlara baxmayaraq, Azərbaycan minimum itkilərlə öz iqtisadiyyatını qoruyub saxlayıb, vətəndaşların rifahının daha da yaxşılaşması üçün tədbirlər davam edir. Prezident İlham Əliyevin müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın Cənubi Qafqaz regionunun aparıcı, ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Onun rəhbərliyi ilə həyata keçirilən enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, dinlər və mədəniyyətlər arasında dialoqun səmərəli inkişafı üçün təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Hazırda “Bakı Prosesi” bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir”, - deyə deputat bildirib.

H.Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri nəticəsində Azərbaycan bu gün beynəlxalq birlik tərəfindən çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Ölkə rəhbərliyinin prinsipial mövqe nümayiş etdirməsi, müstəqil siyasət aparması həm xalqımızın, həm də dövlətimizin maraqlarını təmin edir, eyni zamanda, bir çox tərəfdaşlar üçün əlavə imkanlar yaradır.