YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amerikalı siyasi icmalçı Ermənistan hökumətinə öz xalqı və ölkənin suverenliyi barədə düşünməyi tövsiyə edir

Amerikada çıxan “The Hill” qəzetində siyasi icmalçı Ceyson Katsın “Cənubi Qafqazda regional inkişafa maneələr haqqında” sərlövhəli məqaləsi dərc edilib (http://thehill.com/blogs/congress-blog/foreign-policy/228812-impediments-to-regional-development-in-the-south-caucasus). Müəllif bu məqalədə region ölkələri arasında iqtisadi əməkdaşlığı təhlil edir və vurğulayır ki, Ermənistan regional layihələrdən və qlobal inkişafdan kənarda qalan yeganə dövlətdir.
Kats yazır ki, Cənubi Qafqaz postsovet məkanında ən zəngin təbii ehtiyatlara malik olan region, Avropanın qazla təchiz edilməsi üçün alternativ mənbədir. Müəllif vurğulayır ki, bu yaxınlarda Qarsda Türkiyə, Azərbaycan və Gürcüstanın xarici işlər nazirlərinin görüşü olub. Elmar Məmmədyarov, Tamar Beruçaşvili və Mövlud Çavuşoğlunun iştirakı ilə sayca dördüncü olan bu üçtərəfli sammitdə regional inkişaf məsələləri müzakirə edilib. Bu sammitdə və ümumiyyətlə energetika və iqtisadiyyat sahələrində regional inkişaf layihələrinə dair bütün müzakirələrdə iştirak etməyən Ermənistan isə regional tərəqqinin artması prosesindən kənarda qalır. Nə üçün? Ona görə ki, Ermənistan başqa yol seçib, bu yol onun müstəqilliyinin və suverenliyinin itirilməsinə doğru aparır. Beləliklə, öz xalqının mənafelərinə zidd mövqe tutan Ermənistan özü-özünü vassal dövlətə çevirib. Ermənistanda iqtisadi şəraitin dözülməz olmasına görə ölkə əhalisi sürətlə mühacirət edir.
Ermənistanın özünü çıxılmaz vəziyyətə salmasından bəhs edən Kats yazır ki, Ermənistan-Azərbaycan müharibəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik rayonlar Ermənistan tərəfindən işğal edilib. Bir milyona qədər azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu insanları öz doğma yurdlarından qovmuş Ermənistan həmin ərazilərdə ikinci erməni dövləti yaratmaq istəyir. Kats Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu sözlərini sitat gətirir: “Münaqişənin nizamlanması üçün baza beynəlxalq sazişlər olmalıdır”.
Müəllif daha sonra yazır ki, Ermənistan hökuməti ölkənin suverenliyini tamamilə itirməmək üçün müvafiq tədbirlər görməlidir. O, ilk növbədə işğal olunmuş əraziləri azad etməli, məcburi köçkünlərin öz doğma evlərinə qayıtmalarına imkan verməlidir. Bu halda etnik ermənilər müdafiə olunacaq və Ermənistan-Azərbaycan sazişinə uyğun olaraq onlara Azərbaycan vətəndaşları ilə bərabər hüquqlar veriləcək. Saziş əldə ediləndən sonra Türkiyə Ermənistanla sərhədi açacaq və diplomatik münasibətləri tam bərpa edəcək. Birinci Dünya müharibəsi dövrünün hadisələri ilə bağlı faktların müəyyən edilməsi üçün Türkiyə və Ermənistan tarixçilərindən ibarət qrup yaradılacaq. Bundan əlavə, erməni diasporu Birinci Dünya müharibəsi dövrünün hadisələri və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hazırda lobbiçilik üçün nəzərdə tutulan xərclərin məqsədəuyğun olub-olmaması məsələsinə yenidən baxmalı və həmin vəsaitləri Ermənistanın iqtisadi cəhətdən dirçəldilməsi üçün investisiyalara yönəltməlidir. Müəllif məqalənin sonunda qeyd edir ki. Ermənistan yalnız bu yolla indiki və gələcək regional layihələrin iştirakçısı ola bilər.