YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: COVID-19-la mübarizədə müsbət dinamika bundan sonra da qorunub saxlanılacaq

   «Koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri öz müsbət nəticəsini verir. Dövlətimizin ilk gündən tətbiq etdiyi təcrübə təqdir olunmaqla yanaşı, hazırkı müsbət dinamikaya yol açdı. Əsas məqsəd insanların sağlamlığını təmin etmək, COVID-19-a az itki ilə qalib gəlmək, postpandemiya dövrü üçün müəyyənləşdirilən sosial və iqtisadi inkişaf strategiyasını reallaşdırmaqla davamlı inkişafı sürətləndirməkdir. Möhtərəm Prezidentimiz İlham Əliyev  avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalın açılışında videoformatda iştirakı zamanı pandemiya dövründə atılan qətiyyətli addımlardan, koronavirusla mübarizənin vacib şərtlərindən bəhs edərək bu əminliyi ifadə etmişdir ki, birgə səylər nəticəsində, həm də bundan sonra dövlətin qətiyyətli və düşünülmüş ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq.»

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

  M.Həsənov qeyd edib ki, ölkəmizdə  COVID-19-a  görə mövcud olan epidemioloji vəziyyət bu infeksiyanın qeydə alındı­ğı digər ölkələrlə müqayisədə çox qənaətbəxşdir: «Bunun əsas səbəblərindən biri  koronavirus  infeksiyası ilə mübarizəyə başlandığı gündən  dövlətimizin başçısının  ölkədə məhdudlaşdırıcı tədbirləri opera­tiv şəkildə  tətbiq etməsidir. Müqayisəli təhlil aparsaq, han­sı ölkədə  bu tədbirlər gecikmiş şəkildə  həyata keçirilibsə, o dövlətlərdə  vəziyyət acına­caqlıdır. Yəni  xəstəliyə yoluxma və ölüm hallarının səviyyəsi yüksəkdir. Bu məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizdə karantin rejiminin yumşaldılması ilə  məhdudiyyətlərin bir qismi ara­dan qaldırıldığı halda  virusa yolux­manın qarşısını almaq, müsbət dinamikanı qorumaq üçün əsas tələblərdən olan kütləvi tədbirlər keçirilməsinə  qadağalar öz qüvvəsini saxlayır. Bu, sosial məsafənin  gözlənilməsi fonunda infeksiyanın yayılmamasını şərtləndirir. Bu gün hər bir vətəndaşın borcu  ölkəmizdə koronavirusun növbəti dalğalarının yaşanmaması üçün   məsuliyyət hissini artırmaq,  şəxsi gigiyena, özünütəcrid qaydalarına riayət etmək, kütləvi toplantılardan uzaq olmaq, sosial məsafəni gözləməklə  həm özünü, həm də ətrafdakıları qorumaqdır. Bununla da COVID-19 adlı qorxulu hekayənin geridə qalmasına nail ola bilərik.»

    Millət vəkili qeyd edib ki, hazırda Azərbaycan korona­virusla mübarizə sahəsində nümunə göstərilən ölkələrdəndir: «Eyni zamanda, Azərbaycan pandemiya dövründə bir daha  birliyin, həmrəyliyin, birgə səylərin hədəflərə nail olmaq üçün vacib amil olduğunu dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi bir daha dünyaya bu mesaj oldu ki,  COVID-19-la mübarizədə birlikdəyik. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan məsuliyyətli və beynəlxalq müstəvidə böyük nüfuz qazanmış ölkə kimi, digər ölkələrə də humanitar yardım göstərib.  Artıq Azərbaycan 30-dan çox ölkəyə humanitar yardım göstərib və bu, bizim ümumi mübarizəyə verdiyimiz böyük töhfədir.»

  Millət vəkili dövlətimizin başçısı İlham Əliyevin videoformatda iştirak etdiyi açılış mərasimindəki çıxışında bu çağırışına  da xüsusi diqqət yönəldib ki,  qanun hər kəs üçün qanundur, heç kim qanundan üstün ola bilməz: «Təbii ki, karantin rejiminin qaydalarına əməl etmək hər birimizin vətəndaşlıq borcudur. Ən əsası nəzərə alsaq ki, cəmiyyəti idarə edən qanunlardır, vəzifəsindən, siyasi mənsubiyyətindən, siyasi əqidəsindən asılı olmayaraq hər kəs bu qanunlar qarşısında eyni məsuliyyətə  malikdir.  Karantin qaydalarına  riayət etməklə  COVID-19-a qalib gələk, əvvəlki normal həyata qayıdaraq, postpandemiya dövrünün hədəflərinin gerçəkləşməsinə dəstək olaq. Möhtərəm Prezidentimiz  İlham Əliyev «Ancaq əlbəttə ki, biz postpandemiya dövrünə də hazır olmalıyıq» çağırışı ilə hər birimizdən məsuliyyətli olmağı tələb edir: «Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, - mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti doğrudan da görürük, hiss edirik, bu, real nəticələrdə öz əksini tapır, - hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik. Amma buna nail olmaq üçün əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir.»


 

DİGƏR Xəbərlər Arxiv