YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ASC sədrinin müavini: Torpaqlardan təyinatına görə istifadə edilməməsi su qıtlığı yaradır

“Qlobal iqlim dəyişiklikləri şəraitində dünyanın müxtəlif ölkələrində, o cümlədən, Azərbaycanda son iki ildə su qıtlığı yaranıb. Anbarlarda bu müddət ərzində az su toplanıb”. 
Bu fikirləri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov Yeni Tv-nin canlı efirində bildirib. 
R.Aslanov deyib ki, son illər yağıntıların az düşməsi, buzlaqların əriməsi çaylarda sululuğun azalmasına gətirib çıxarıb: “Buna görə də anbarlara da suyun yığılmasında çətinlik yaranıb. Su qıtlığı bəzi rayonlarda özünü daha çox biruzə verdi. Bunun nəticəsi kimi ötən illə müqayisədə təqribən məhsuldarlıqda 1 sentner fərq yarandı. Bu da qeyd etdiyim kimi bir neçə rayonun ərazisində yaranan su çatışmamazlığı ilə əlaqədardır”.
ASC sədrinin müavini qeyd edib ki, su qıtlığı probleminin yaranmasına səbəb bəzi hallarda torpaqlardan təyinatına görə istifadə edilməməsidir: “Bu gün vətəndaşların istifadəsində olan pay torpaqlarında bəzi hallarda təyinata uyğun məhsul yetişdirilmir. Bizim əsas şəbəkələrin 90 faizi demək olar ki, pay torpaqlarında yerləşib. İndi yem bitkilərinə maraq artıb. Təsərrüfatçı yem bitkilərindən daha çox gəlir götürdüyü üçün bu bitkilərin əkilməsinə üstünlük verir. Yem bitkiləri isə digər məhsul əkininə nisbətən daha çox suvarılır. Bu da su qıtlığına səbəb olan amillərdən biridir”. 
Qurum rəsmisi bildirib ki, su probleminin yaranmasına digər səbəb isə yaşayış massivi olmayan ərazilərə su xətlərinin çəkilməsidir: “Bəzi hallarda yaşayış olmayan ərazidə vətəndaş ev tikir. Sonra orada təsərrüfatla məşğul olmağa başlayır. Beləliklə, belə ərazilərə su xətlərinin çəkilməsi zərurəti yaranır. Belə olan halda isə su çatışmamazlığı problemi yarana bilir. Çünki sudan istifadə artıq olur”.