YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Cəfərov: Azərbaycan turizm iqtisadiyyatı baxımından dünya ölkələri üçün maraqlıdır

“Son dövrlərdə respublikamızda təsərrüfat fəaliyyətinin əsas dairəsi kimi turizm böyük əhəmiyyət kəsb edir və bir sıra xarakterik cəhətlərə malikdir. Demək olar ki, turizm insanların, bütövlükdə cəmiyyətin maraqlarının ifadəçisi, mikro və makro səviyyələrdə gəlirlərin mənbəyi kimi çıxış edir. Ölkənin xarici ticarət balansının aktivləşməsində turizm mühüm rol oynayır. Turizm ölkə iqtisadiyyatının hakim mövqelərində duran nəqliyyat və rabitə, tikinti, kənd təsərrüfatı, istehlak mallarının istehsalı və digər əlaqəli sahələrə güclü təsir göstərir, sosial-iqtisadi inkişafın özünəməxsus katalizatoru kimi çıxış edir”. Bu fikirləri  Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov bildirib ki, hələ 2013-cü ildə ümumdünya iqtisadi bazarının verdiyi məlumatlara əsasən turizmin iqtisadi inkişaf göstəriciləri əksər ölkələrdə ən dinamik inkişaf edən sahə kimi daim artım tempə malikdir. Dünyada bu sahənin inkişafına müsbət təsir edən amillər var. Buna elmi-texniki tərəqqi, əhalinin yaşayış səviyyəsinin və asudə vaxtının, məzuniyyətin artması, iqtisadi və siyasi sabitliyi misal göstərmək olar.

Beynəlxalq turizmin inkişafına təkan verən əsas amilin dövlətlərarası əlaqələrin və mədəni mübadilələrin genişlənməsinin olduğunu deyən M. Cəfərov qeyd edib ki, son zamanlar ölkədə telekommunikasiya sahəsində texnoloji tərəqqinin stimullaşdırılması turizm mübadilələrinin coğrafiyasını və miqyasını genişləndirməsinə münbit şərait yaradıb. Ümumiyyətlə beynəlxalq turizmi inkişaf etdirən ən vacib şərt valyutanın ölkədən çıxarılmasına olan məhdudiyyətlərin tədricən ləğvi və sərhəd rəsmiyyətlərinin sadələşdirilməsi olmuşdur.

Azərbaycan Respublikası yüksək turist potensialına sahibdir, dünya turist bazarında özünəməxsus yer tutur. Ümumdünya Turizm Təşkilatının 2011-ci ilə olan məlumatına əsasən, Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 1562.0 min nəfərə çatmışdır. Bu isə dünya dövlətləri arasında 83-cü yer deməkdir. Turizm ölkənin iqtisadiyyatına, onun təsərrüfat, sosial və humanitar əsaslarına aktiv təsir göstərməsinə kömək edir.

Deputat bildirib ki, 2006-cı ildən ölkəmizdə mövcud turizm potensialından səmərəli istifadə olunması məqsədilə bu sahədə ardıcıl işlər görülüb. Bununla da beynəlxalq əməkdaşlığın yeni genişləndirilmiş prioritet istiqamətləri müəyyənləşdirilib, həyata keçirilib. Bura Azərbaycanı turizmin inkişafı üçün əlverişli şəraiti olan ölkə kimi dünyada tanıtmaq məqsədilə yeni turizm əmtəə nişanının və turizm sahəsində olan yerli brendlərinin reklam-təbliğat fəaliyyətinin canlandırılması, beynəlxalq proqramlar çərçivəsində regional turizm marşrutlarının yaradılması və inkişaf etdirilməsi daxildir. Turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi qiymətləndirilir. Bu müddətdə həm daxili turizmin inkişafı, həm də Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası ölkəmizə daha geniş miqyasda xarici turist səfərlərinin cəlb edilməsi diqqət mərkəzində olub. Daxili turizmlə yanaşı, xarici turizmin inkişafı hər bir ölkənin iqtisadiyyatının fundamental əsası hesab edilə bilər.

Qeyd edilib ki, hər sahədə olduğu kimi turizm sahəsində də dünya ölkələri Azərbaycanla əməkdaşlığa yüksək dəyər verirlər. 2019-cu ilin iyulunda Bakıda ÜTT-ün 110-cu sessiyasında təqdim olunan statistika göstərir ki, son bir neçə il ərzində beynəlxalq səyahətlər və onlardan əldə edilən gəlirlər dünyanın bütün regionlarında artmışdır.

Bakıda dünyanın ən böyük mehmanxana şəbəkələrinə daxil olan hotel komplekslərinin fəaliyyəti dünya turistlərinin axın səbəbi kimi qiymətləndirilə bilər. Yalnız dünyanın ən inkişaf etmiş ölkələrində rast gəlinən bu cür obyektlər iş adamları, turistlər və qonaqlar üçün maksimum xidmətlər təklif edir. Görülən bütün tədbir və fəaliyyətlərin əsas məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm xidməti sahələrinin formalaşdırılması, turizm sahəsinin ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsini təmin etməkdir.

Zəngin tarixi-mədəni irs, əlverişli təbii-coğrafi şərait və müasir istirahət mərkəzləri Azərbaycanı dünya turizminin mərkəzinə çevirir.

Bu gün Azərbaycanın turizm marşrutları üzərində rayonlarda müxtəlif turist layihələri həyata keçirilir, həmin layihələr çərçivəsində bölgələrimiz beynəlxalq səviyyədə təbliğ olunur. Bu layihələr ölkəmizə gələn turistlərin sayının artırılmasına və çoxçeşidli turizm məhsulunun yaradılmasına xidmət edir.

Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə baş tutan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında videokonfrans bir daha sübut etdi ki, Azərbaycan turizm iqtisadiyyatı baxımından da dünya ölkələri üçün maraqlıdır.

DİGƏR Xəbərlər Arxiv