YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın yüksək beynəlxalq nüfuzunun daha bir göstəricisi

       “Azərbaycan koronavirus pandemiyasına qarşı qlobal mübarizədə həmişə  fəal mövqeyi, bu sahədə digər ölkələrlə konkret həmrəyliyi ilə fərqlənib. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianənin ayrılması və 30-dan artıq dövlətə humanitar yardımın göstərilməsi məhz  beynəlxalq  həmrəyliyin bariz nümunəsi kimi dəyərləndirilməlidir”. Bu  sözləri  yap.org.az  saytına Azərbaycan Respublikası  Milli Məclisinin  deputatı Kamaləddin Qafarov  söyləyib.

        Millət vəkili qeyd edib ki, pandemiya dünyada  bəzən kritik iqtisadi, siyasi, tibbi, sosial və psixoloji  ovqatlar  yaratmaqla  bərabər, bir sıra  humanitar və təhlükəsizlik sahələri üzrə nihilizmin, hətta xaotik  problemlərin yaşanmasına da  rəvac vermişdir. Belə bir tarixi məqamda qlobal həmrəyliyin yaradılması məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirildi.  

     Bu ilin may ayında isə Prezident İlham Əliyevin  təşəbbüsü ilə 2019-2021-ci illər üzrə Qoşulmama Hərəkatının sədri kimi Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, bir sıra beynəlxalq təşkilatların yüksək vəzifəli  nümayəndələri iştirak etdi.

     Məlum olduğu kimi, ölkəmizin  Prezidenti bu onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Prezident İlham Əliyevin   bu təklifi Qoşulmama Hərəkatına üzv olan 120  ölkə arasında yekdilliklə razılaşdırıldı  və xüsusi sessiyasının keçirilməsi ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlandı.   

       Millət vəkili bildirmişdir ki,   Azərbaycan Prezidenti İlham Əliyevin hazırda rəhbərlik etdiyi Qoşulmama Hərəkatı ölkələri adından koronavirusla mübarizədə birgə tədbirlər görmək üçün BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət etməsi, əslində, dərindən düşünülmüş ağıllı bir gedişin məntiqi nəticəsi idi. BMT-nin Baş katibi mayın 28-də Baş Assambleyanın prosedur qaydalarına  uyğun olaraq, bütün üzv ölkələrə müraciət edərək  bu il  iyunun 27-nə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etdi.  BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə) təşəbbüsə dəstək verdiyi halda, xüsusi sessiya təşkil oluna bilirdi. Sözügedən müddət ərzində 130 ölkənin  təşəbbüsə dəstək verməsi, ölkəmizin, onun liderinin yüksək beynəlxalq nüfuzunun daha bir göstəricisi kim dəyərləndirilməlidir.

       K.Qafarov qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyanın keçirilməsi beynəlxalq səviyyədə pandemiyaya qarşı güclü birliyin formalaşmasına  xeyli təkan verəcəkdir. Bu mövzunun BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında müzakirəyə çıxarılması  dünyada cərəyan edən bu böhranın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, dünya əhalisinin sağlamlığının qorunmasına xidmət edəcək, bu sahədə beynəlxalq inteqrasiyaya kömək edəcəkdir.

      Sessiya həm də bütün üzv ölkələrin problemin həlli istiqamətlərində səylərini birləşdirməklə COVID-19-a qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməsinə mühüm töhfə olacaq, bəşəriyyətin bu bəladan qurtarılması işinə öz təsirini göstərəcəkdir..

DİGƏR Xəbərlər Arxiv