YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın turizm potensialını Fransanın məşhur telekanallarında 100 milyondan artıq tamaşaçı izləyib

Azərbaycanın turizm potensialının aparıcı xarici telekanallarda yayımlanması tədbirləri çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi ilə Fransanın televiziya kanalları arasında əməkdaşlıq uğurla davam etdirilir. Bunun məntiqi nəticəsi olaraq 2014-cü ildə Fransanın “TV5 Monde” və “France 24” telekanallarında Azərbaycanın turizm potensialını təbliğ edən müvafiq reklam çarxı nümayiş olunub.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, “TV5 Monde” telekanalında ölkəmizin turizm imkanlarını əks etdirən reklam çarxı ən baxımlı vaxtlarda 378 dəfə nümayiş etdirilərək 4 milyona yaxın insan tərəfindən izlənilib. Adıçəkilən televiziya kanalında ölkəmizin reklam çarxı 18 həftə yayımlanıb.
Artıq 25 ildir ki, fəaliyyət göstərən “TV5 Monde” telekanalının hazırladığı verilişlərə dünyanın istənilən ölkəsində baxmaq mümkündür. Həftə ərzində bu telekanalı fransız, ingilis və ərəb dillərində ümumilikdə 55 milyon tamaşaçı izləyir.
Qeyd etmək lazımdır ki, əməkdaşlıq çərçivəsində elektron KİV vasitəsilə də Azərbaycan uğurla təbliğ olunmaqdadır və ölkəmizin turizm imkanlarına həsr edilən reklam çarxının yayımlandığı “TV5 Monde” telekanalının www.tv5monde.com rəsmi veb-səhifəsinə hər ay 50 milyona yaxın insan daxil olur.
Azərbaycana dair reklam çarxı, həmçinin “France24” telekanalında da yayımlanıb. Maraqlıdır ki, Şimali Afrika, Yaxın Şərq və Avropada yayımı əhatə edən bu televiziya kanalı həftə ərzində 45 milyon insan tərəfindən izlənilir.
Ümumilikdə qeyd olunan telekanallarda Azərbaycana həsr edilən reklam kampaniyasını 100 milyondan artıq tamaşaçı izləyib.
Azərbaycanın turizm potensialının bu ölkədə təbliğatının 2015-ci ildə də davam etdirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi adıçəkilən telekanallarla danışıqları davam etdirir.