YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İcra Katibliyində “Koronavirus pandemiyasına qarşı mübarizədə dövlətin həyata keçirdiyi işlər və vətəndaş məsuliyyəti” mövzusunda videokonfrans formatında tədbir keçirilib

İyunun 10-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Koronavirus pandemiyasına qarşı mübarizədə dövlətin həyata keçirdiyi işlər və vətəndaş məsuliyyəti” mövzusunda videokonfrans formatında tədbir keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, dünyada tüğyan edən koronavirus  pandemiyası (COVID-19) həm dövlətlərin, həm cəmiyyətlərin, həm də insanların həyatına ciddi şəkildə öz təsirini göstərib. Onun sözlərinə görə, bu gün bütün dövlətlərin gündəliyində ən aktual məsələ pandemiyaya qarşı mübarizə ilə bilavasitə əlaqədardır. Təbii ki, Azərbaycan hökuməti də bu mənada istisna deyil. Azərbaycanda da  COVID-19 pandemiyası yayıldığından hökumətin başlıca vəzifələrindən biri pandemiya ilə mübarizənin aparılmasından ibarətdir.

Baş Nazirin müavini qeyd edib ki, Azərbaycan hökumətinin pandemiya ilə mübarizədə özünü biruzə verən ən vacib cəhətlərdən biri böyük humanizmdir və  Prezident İlham Əliyevin siyasətində bunu aydın şəkildə görmək mümkündür: “Hazırkı şəraitdə insanların sağlamlığı və pandemiyanın iqtisadiyyata vurduğu zərbə aradan qaldırılır. Prezidentimizin qeyd etdiyi kimi, bizim həyata keçirdiyimiz siyasətlə əlaqədar olaraq insanların sağlamlığının qorunması ilə pandemiyanın iqtisadiyyata vurduğu ziyanın aradan qaldırılması arasında seçim etmək lazım gələrsə, bizim üçün əsas olan insanların sağlamlığıdır. Məhz bunun nəticəsində Azərbaycanda pandemiyaya qarşı aparılan mübarizə daha müsbət nəticələr verib. Bu gün dünyada pandemiyaya yoluxanların sayı 7 milyondan, onun qurbanlarının sayı isə 400 min nəfərdən çoxdur. Dünyada hər 1 milyon nəfərə pandemiya qurbanlarının sayı təxminən 440 nəfərdir. Azərbaycanda isə bu göstərici dünya göstəricisindən 5 dəfədən azdır. Bu müsbət nəticə Prezidentimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi siyasətin ifadəsidir”.

Azərbaycan hökumətinin koronavirusla mübarizə çərçivəsində gördüyü işləri təhlil edən Əli Əhmədov söyləyib ki, burada birinci amil yoluxma hallarının qarşısının alınmasında qabaqlayıcı tədbirlərin əhəmiyyətidir. Belə ki, mart ayından etibarən karantin rejimi, məhdudlaşdırıcı tədbirlər nəticəsində yoluxmada artım çox olmayıb. Bununla da, ölkədə epidemoloji vəziyyətə nəzarəti həyata keçirmək mümkündür.

Digər istiqamət isə, virusa yoluxmuş insanların müalicəsi ilə bağlıdır. Baş Nazirin müavini deyib ki, ölkə Prezidentinin  tapşırığı ilə yaradılmış müasir səhiyyə infrastrukturu virusa yoluxmuş insanların müalicəsi üçün səfərbər edilib.

Əli Əhmədovun sözlərinə görə,  pandemiya ilə mübarizədə məhdudlaşdırıcı tədbirlərlə əlaqədar insanların sosial müdafiəsi gücləndirilməsi də vacib amillərdən biridir. Bu istiqamətdə böyük layihələrin həyata keçirildiyini deyən Əli Əhmədovun fikrincə, bu tədbirlər əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı virusa  yoluxmanın qarşısını da alır.

O qeyd edib ki, Yeni Azərbaycan Partiyası da sosial layihələrdə fəal iştirak edib. Belə ki, YAP Koronavirusla Mübarizə ilə Dəstək Fonduna 530 min manatdan çox vəsait köçürüb. Bunun 230 min manatı partiyanın hesabından, 300 manatı isə YAP-ın strukturlarında çalışanların bir aylıq əmək haqlarından ianə edilib. Eləcə də, YAP-ın könüllüləri 7770 ailə qoruyucu tibbi vasitələrdən çatdırıblar. 13 234 ailəyə isə YAP və onun yerli strukturlarının maddi dəstəyi ilə ərzaq yardımı edilib. Bununla yanaşı ƏƏSMN-lə birgə layihə çərçivəsində 21 234 ailəyə ərzaq yardımı çatdırılıb. Həmçinin, YAP könüllüləri Heydər Əliyev Fondunun 33 355 ailəyə ərzaq yardımlarını paylayıblar.    

“Bütün dünyanın göstərdiyi təcrübə ondan ibarətdir ki, koronavirusla mübarizə ilə bağlı dövlət siyasəti yalnız o halda müsbət nəticə verir ki, dövlətin həyata keçirdiyi siyasət hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi ilə tamamlanmış olsun. Koronavirus tüğyan etdikcə hər bir fərdin həyatında dəyişikliklər baş verir, onlar öz həyatında müəyyən məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalır. Ancaq bu məhdudiyyətlərin tətbiq edilməsi yalnız bir məqsəd üçündür. Bu da hər bir insanın virusa yoluxmasının qarşısının alınmasına və aparılan mübarizənin istənilən nəticə verməsinə xidmət edir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan vətəndaşları yüksək sosial məsuliyyət nümayiş etdirir. Etiraf etmək lazımdır ki, koronavirusla mübarizə çərçivəsində vətəndaşlardan tələb olunan sosial məsuliyyət o qədər də böyük əziyyət tələb etmir. Bu, tibbi maskalardan istifadə etmək, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etməkdən ibarətdir. Bunların verəcəyi fayda hər bir insan üçün, bütövlükdə cəmiyyət üçün əhəmiyyətlidir. Hər bir vətəndaşın sosial məsuliyyətinin artırılmasına ehtiyac var. Vətəndaşlar ətrafındakı insanlara bu çağırışı etməlidir. Biz də YAP üzvləri olaraq sosial məsuliyyətə əməl etməklə yanaşı digər insanlara da bunu təşviq etməli, insanları sosial məsuliyyətli olmağa çağırımlıyıq. Bu işləri görmək bizim vətəndaş kimi vəzifələrimizdən biridir”-deyə, YAP Sədrinin müavini vurğulayıb.

Tədbirdə daha sonra  Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək ölkəmizdə koronavirusla mübarizə ilə bağlı səhiyyə sisteminin gücləndirilmiş iş rejimində çalışdğını diqqətə çatdırıb. Onun sözlərinə görə, bir sıra dövlət xəstəxanalarının sırf bu prosesə cəlb olunması, modul tipli xəstəxanaların açılması, laboratoriyaların yaradılması, qoruyucu vasitələr istehsal edən müəssisələrin açılması və s. tədbirlər bu baxımdan önəmlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini  Anar Əliyev isə çıxışında pandemiya dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rəşad Mahmudov koronavirusla mübarizədə Azərbaycan həkimlərinin fədakarlığından bəhs edib, vətəndaşları verilən tövsiyələrə əməl etməyə çağırıb.

DİGƏR Partiya xəbərləri Arxiv