YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Koronavirus pandemiyası ilə mübarizədə müsbət nəticələrin əldə olunması vətəndaşların davranışlarından da çox asılıdır

“Hazırda Azərbaycan dövləti koronavirus infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib. Millət vəkilinin sözlərinə görə, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, təəssüf ki,  yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başladı. Bu səbəbdən də,  əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb.

S.Hüseynova qeyd edib ki, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır: “Bildiyiniz kimi, TƏBİB tərəfindən pandemiya ilə əlaqədar ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün metodiki göstərişlər, qaydalar işlənilib hazırlanıb. Əlbəttə ki, bu maarifləndirmə işləri böyük əhəmiyyət kəsb edir. Əgər obyekt sahibləri, vətəndaşlar həmin metodiki göstərişlərə və qaydalara əməl edərlərsə infeksiyaya yoluxma halları da minimum səviyəyyə enə bilər. Ona görə də, bu qaydalara mütləq qaydada riayət etməlidir. Bu mənada, burada maarifləndirmə işlərinin rolu böyükdür və hazırkı şəraitdə maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir”.

Millət vəkili söyləyib ki, infeksiyaya yoluxma hallarının artmasının qarşısını almaq məqsədilə Operativ Qərargah müvafiq yerlərdə tibbi maskalardan istifadənin zərurliyi haqqında qərar qəbul edib.  Eyni zamanda, Azərbaycanda epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib. Milli Məclis tərəfindən bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib.   Deputat deyib ki, belə bir təcrübə dünya ölkələrində də mövcuddur. Uzun müddətdir ki, ayrı-ayrı ölkələrdə tətbiq olunan qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzas da tətbiq olunur. əslində, cərimələrin tətbiq olunması vətəndaşların məsuliyyətini artıracaq və bununla da infeksiyaya yoluxma halları da azalacaq.

“Burada vacib məqamlardan biri də ictimai qınaq məsələsidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Ona görə də, prosesə ictimai nəzarət və ictimai qınaq vacib şərtlərdən biridir. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Məhz qaydalara riyaət etməklə, tövsiyələrə əməl etməklə infeksiyadan qoruna bilərik. Bu məsələdə hər kəs həmrəy olmalıdır”-deyə, S.Hüseynova vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv