YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini ürəkdən dəstəkləyir, Onu milli birliyin, dayanışmanın və həmrəyliyin simvolu kimi görür

Hikmət BABAOĞLU,

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı

Prezident İlham Əliyev hər zaman Öz xalqının, xalq isə Öz Prezidentinin yanındadır

Hazırda yaşadığımız ya da elə bütün dünya xalqları kimi tarix qarşısında imtahan verdiyimiz bu çətin günlərdə dövlətimizin hər bir vətəndaşına himayəsi və qayğısını, xalqımızın isə öz Prezidentinə dəstəyini və inamını ancaq bu şəkildə ifadə edə bilərik: Prezident İlham Əliyev hər zaman Öz xalqının, xalq isə Öz Prezidentinin yanındadır. Mətbuatda hər gün Azərbaycan Prezidentinə ünvanlanan çoxsaylı minnətdarlıq və təşəkkür məktublarına rast gəlirik. Bu məktubların məzmunu səmimi minnətdarlıq sözlərindən ibarət olmaqla həm də əsl qədirşünaslıq nümunəsidir. Qədirbilən Azərbaycan xalqı Prezident İlham Əliyevin sosial siyasətini ürəkdən dəstəkləyir, postkorona mərhələsi üçün aldığı iqtisadiyönümlü paket qərarları yüksək qiymətləndirir, Öz Prezidentini milli birliyin, dayanışmanın və həmrəyliyin simvolu kimi görür.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilmiş yeni növ koronavirus infeksiyasının (COVİD-19) sürətlə yayılaraq pik həddə çatması ciddi qlobal çağırışların meydana çıxmasını şərtləndirməklə yanaşı, bir çox ölkələrin sosial-iqtisadi problemlərlə üzləşməsinə səbəb olub. Hazırkı situasiya ondan ibarətdir ki, dövlətlər bütün zəruri resurslarını səfərbər etməklə bu təhdidlə mübarizə aparır, vəziyyətin daha acınacaqlı olmaması üçün mövcud imkanlardan maksimum istifadə edirlər. Lakin bir sıra ölkələrdə ümumi mənzərə qənaətbəxş hesab olunmur, mövcud vəziyyət postkorana erası üçün optimist proqnozlar ifadə etməyə imkan vermir.

Azərbaycanın təcrübəsi müsbət və mütərəqqi nümunə kimi...

Azərbaycan isə bu mənzərənin fonunda müsbət mənada fərqlənən, pozitiv nümunə ortaya qoyan ölkələr sırasındadır. Yüksək texnoloji inkişafa, geniş maliyyə imkanlarına və dinamik iqtidasi sistemə malik olan aparıcı ölkələrin aciz - çarəsiz vəziyyətdə qaldıqları şəraitdə Azərbaycan dövlətinin istər xalqın sağlamlığının, təhlükəsizliyinin qorunması, istərsə də milli iqtisadiyyata xarici mənfi təsirlərin minimuma endirilməsi və insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində atdığı qətiyyətli addımlar ölkəmizin milli gücünü və həyata keçirilən məqsədyönlü siyasətin səmərəliliyini göstərir. Ümumiyyətlə, dünyanı cənginə almış yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində həm tibbi, həm də sosial-iqtisadi müstəvidə reallaşdırılan təxirəsalınmaz tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində məhz vətəndaşların rifahı və mənafeyinin dayandığını bir daha təsdiq edir. Dövlət başçısının qeyd etdiyi kimi: "Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdirdik". Şübhəsiz ki, əsas məqsəd, ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və onların rifahıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, pandemiya dövründə Azərbaycan digər məsuliyyətli ölkələr kimi, ilk növbədə, vətəndaşların sağlamlığını nəzərə alır. Bu istiqamətdə mövcud çağırışlara uyğun qərarlar qəbul olunur, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Sosial rifahın yüksəldilməsi, makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində strateji fəaliyyət

Xüsusi olaraq vurğulanmalıdır ki, hazırkı şəraitdə verilən qərarların, qəbul olunan sənədlərin mühüm bir hissəsi pandemiya şəraitinin əhalinin rifahına, ölkə iqtisadiyyatına böyük ölçüdə mənfi təsirinin qarşısını almaqdan ibarətdir. Təqdirəlayiq haldır ki, ölkəmizdə iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, həmçinin makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar vəsait ayrılıb. Ümumiyyətlə, indiyə qədər Prezident İlham Əliyev müxtəlif istiqamətlərdə dövlət dəstəyi mexanizmlərini özündə ehtiva edən çoxsaylı sənədlər imzalayıb. Bu kontekstdə dövlət başçısının 19 mart 2020-ci il tarixində imzaldığı “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamın əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Eyni zamanda, Azərbaycan Respublikasının Baş Naziri 4 aprel 2020-ci il tarixində dövlət başçısının bəhs olunan Sərəncamının icrasını təmin etmək məqsədilə Tədbirlər Planını təsdiqləyib. Sənəddə müxtəlif istiqamətlərdə konkret tədbirlərin reallaşdırılması nəzərdə tutulur və artıq onların bir çoxunun icrasına start verilib. Tədbirlər Planının iqtisadi artıma, sahibkarlığa, məşğulluq və sosial rifaha dəstəyi, makroiqtisadi və maliyyə sabitliyini əhatə etməsi müəyyən olunmuş strateji hədəflərin genişmiqyaslı və çox mühüm əhəmiyyətə malik olduğunu göstərir.

Postkorona erası: öz Liderinə inanan Azərbaycan xalqı ölkəsinin gələcəyi barədə nikbin düşünür

Şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü siyasətin həyata keçirilməsi, strateji xarakterli addımların atılması təkcə qlobal pandemiya şəraitində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etmir, eyni zamanda, postkoronavirus erasında milli iqtisadiyyatın yeni şəraitdə dayanıqlı inkişafının təmin olunmasına hesablanıb. Bu, ilk növbədə, Cənubi Qafqazın lider dövlətinin qətiyyətli Liderinin uzaqgörən siyasətinin rasional və praqmatik xarakter daşıdığını, atılan addımların - həyata keçirilən tədbirlərin uzunmüddətli perspektivə hesablandığını sübuta yetirir. Təbii ki, bütün bu aşkar reallıqların fonunda öz Liderinə inanan, Onun rəhbərliyi ilə dinamik inkişaf yolunda əmin addımlarla irəliləyən qüdrətli dövlətinə güvənən Azərbaycan vətəndaşları yeni dönəmdə - postpandemiya dövründə öz gələcəyi və dövlətinin siyasi-iqtisadi taleyi ilə əlaqədar nikbin düşünür. Azərbaycan vətəndaşları məhz Prezident İlham Əliyevin gördüyü mühüm işlər nəticəsində xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminliklərini bildirir, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq edirlər. Dövlət başçısının ünvanına yönəlik minnətdarlıq məktublarında əksini tapmış fikir və ifadələr də bunu bariz şəkildə əks etdirir. Müraciətlərin birində "Biz bu ağır günlərdə bir daha əmin olduq ki, Prezidentimiz çox hörmətli İlham Əliyev cənabları hər zaman Öz xalqının yanındadır",- deyə qeyd olunur. Başqa bir məktubda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə və qətiyyətli mövqeyi fonunda görülən işlərin milli birliyə - həmrəyliyə xidmət etdiyi vurğulanaraq “Biz birlikdə güclüyük” deməklə xalqımızı bir yumruq halında birləşdirə bildiniz. Elə onun nəticəsidir ki, bu gün xalqımız həm özünü, həm də dövlətini düşünərək bir-birinə dəstək olur, tezliklə bu ümumbəşəri bəladan üzüağ, alnıaçıq çıxmaq yolunda səfərbər olub",-deyə bildirilir. Daha bir məktubda dövlətimizin başçısının xalqın yanında olaraq, vətəndaşların problemlərinə həssaslıqla yanaşaraq dünya miqyasında böyük bir nümunə yaratdığı qürurla qeyd edilərək "Koronavirusla mübarizə apardığımız bu ağır dönəmdə Siz xalqın yanında olur, onun hər bir probleminə həssaslıqla yanaşır və onu həll edirsiniz. Siz dünya dövlətlərinin başçılarının etdiklərinin daha mükəmməlini reallaşdırırsınız", - deyə vurğulanır. Beləliklə, Öz fəaliyyətində milli mənafeyi və dövlətçilik maraqlarını rəhbər tutaraq Azərbaycanın sabitlik və tərəqqi şəraitində davamlı inkişafını təmin edən Prezident İlham Əliyev hər zaman olduğu kimi, qlobal pandemiya şəraitində də lider qətiyyəti və yüksək dövlət qayğısının tələb olunduğu bir vaxtda xalqının, ölkə vətəndaşlarının yanındadır. Bu, dövlət-vətəndaş, xalq-iqtidar birliyinin daha bir real təzahürü olmaqla yanaşı, postpandemiya erasında da ölkəmizdə milli həmrəyliyin, sabitlik və inkişafın davamlı olacağına əminlik yaradır.