YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Azərbaycanda insan amilinə dəyər dövlət siyasətinin əsasını təşkil edir

«Günümüzün əsas müzakirə mövzusu olan  koronavirus təhlükəsi ölkəmizdə səhiyyə sisteminin mövcud vəziyyətini, dövlətimizin bu sahənin inkişafına xidmət edən addımlarını və uğurlu nəticələrini bir daha nəzərdən keçirməyi bir zərurət duyulur.  Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladağı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Bu vəzifənin uğurlu icrası ilk növbədə  regionların malik olduğu potensial imkanlardan səmərəli istifadəni aktuallaşdırdı, təsdiqlənən Dövlət proqramlarında  insan amilinə dəyərdən irəli gələn   addımlar və onların icra mexanizmləri öz əksini tapdı. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların təhlükəsiz, sağlam şəraitdə  yaşayışının təminatı dövlət siyasətinin əsasını təşkil edir. Regional inkişaf proqramlarında  əksini tapan müddəalardan biri sosial layihələrin tərkib hissəsi olaraq bölgələrdə müalicə-diaqnostika mərkəzlərinin inşa edilməsi və insanların  istifadəsinə  verilməsidir. Səhiyyə sistemində  aparılan təkmil,  ardıcıl islahatlar bu sahənin yeni, müasir mərhələyə qədəm qoymasına geniş imkanlar yaradır.  Beynəlxalq standartlara cavab verən  müasir xəstəxana və tibb ocaqları vətəndaşların sağlamlığının qorunmasını, onların müayinə-müalicə işini yüksək səviyyədə həyata keçirmələrini şərtləndirir. Göstərilən diqqət və qayğı, həmçinin  həkim heyətinin daha səylə çalışmalarına, vətəndaş məmnunluğunun artırılmasına  öz töhfələrini verməyə stimul yaradır.” Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə  dövlətimizin başçısı İlham Əliyevin  koronavirusla  mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında  Sərəncamı ilə bağlı KİV-ə  açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki,  hazırda dünya gündəmini zəbt edən koronavirusla mübarizə tədbirlərinin gücləndirilməsi ölkəmizdə davamlılığı ilə diqqət çəkir.  Dövlətimizin başçısı İlham Əliyevin göstərişinə uyğun olaraq Nazirlər Kabinetinin yanında xüsusi Operativ Qərargah yaradılıb.  Daim bu çağırış edilir ki, hər kəs bu xəstəliklə mübarizə aparmaq üçün  profilaktik tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirməli, xəstəliyə yoluxmamaq üçün maarifləndirmə işinin daha da gücləndirilməsinə  öz dəstəyini göstərməlidir. Ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb. Ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə, dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkələr üçün səciyyəvi hal alıb.

Baş redaktor bildirib ki, Prezident İlham Əliyev tərəfindən atılan   addımlar,  bütün fövqəladə hallarda ölkə vətəndaşlarının yanında olması   böyük rəğbətlə qarşılanır. Sosial problemlər həll olunduqca, rifah halı yüksəldikcə, insan amili öndə saxlanıldıqca  vətəndaş da dövlətinə daha çox güvənir, ölkəsinin daha da güclənməsinə  töhfəsini vermək üçün məsuliyyət hissini daha da artırır. Bu güvənc,  inam öz növbəsində dövlətlə vətəndaş arasında birlik,  sarsılmaz bağlılıq yaradır.

Vüqar Rəhimzadə  Azərbaycanın Birinci  vitse-prezidenti Mehriban xanım Əliyevanın  koronavirus  infeksiyası ilə bağlı xalqımıza müraciətində ifadə edilən bu əminliyi bir daha diqqətə çatdırıb  ki,  ümumi səylər mütləq  nəticə verəcək. Təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət  və intizamlılıq özümüzü və ətrafımızdakıları  qorumağın  əsas şərtləridir.

Baş redaktor bu gün  infeksiya ilə mübarizədə ön cəbhədə olan, Azərbaycan vətəndaşlarının  sağlamlığının keşiyində dayanan, onların  həyatını  qorumaq üçün bütün lazımi tədbirləri həyata keçirən  həkimlərə, tibbi personala öz minnətdarlığını ifadə edərək, dövlətimizin başçısı İlham Əliyevin  koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə  xidmət edən Sərəncamını ümumilikdə ölkə səhiyyəsinin inkişafına, insanların sağlamlığına, bir sözlə, insan amilinə  göstərilən  diqqət və qayğının tərkib hissəsi kimi dəyərləndirib.

V.Rəhimzadə  bu mühüm məqamı da xüsusi qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı  hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biri kimi dəyərləndirir.  Hazırda Azərbaycan hökuməti ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması, virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir.