YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

QDİƏT PM-nin müşahidə missiyası Azərbaycanda keçirilən parlament seçkilərini yüksək qiymətləndirib

Milli Məclisə seçkiləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) müşahidə missiyası fevralın 10-da müşahidələrinin nəticələri ilə bağlı mətbuat konfransı keçiriblər.

QDİƏT PM-in Baş katibi Asəf Hacıyev fevralın 9-da Bakıda 10-dan çox seçki məntəqəsində olduqlarını, heç bir pozuntu halına rast gəlmədiklərini bildirib: “Maştağa və Bilgəhdə də 10-a yaxın məntəqədə olduq. Buralarda fəallıq daha çox idi”.

Baş katib deyib ki, hər bir seçki demokratiyanın ölçüsüdür. Dünənki seçkilər nəinki Avropa, hətta dünya standartlarına uyğun keçirildi. Soyuq havaya baxmayaraq, səsvermədə 45 faizə yaxın seçici iştirak etdi.

QDİƏT PM-in müşahidə missiyasının üzvü, türkiyəli deputat Camal Öztürk bildirib ki, Azərbaycanda demokratik, azad və ədalətli seçki keçirildi: “Qardaş Azərbaycanda parlament seçkilərində müşahidəçi kimi iştirak etdim. Müşahidələr apardığım zaman hər hansı neqativ hadisəyə rast gəlmədim. Azərbaycan xalqını təbrik edirəm. Bu seçkilər Azərbaycanın daha da inkişafı üçün yeni başlanğıcdır. Azərbaycan xalqı ən yaxşılarına layiqdir. Biz hər zaman Azərbaycanın yanında olmuşuq, bundan sonra da olacağıq”.

QDİƏT PM-in müşahidə missiyasının üzvü, rusiyalı deputat Maksim Şablikin deyib ki, Azərbaycanda seçkilər demokratik keçirdi: “Ən əsası, məndə seçkilərin təhlükəsiz, sakit şəraitdə keçməsi ilə bağlı çox gözəl təəssürat yarandı. Vətəndaşların çox sakit və azad şəkildə seçkilərdə iştirak etdiyini gördüm. Seçkilərin demokratik keçirilməsini çox yüksək qiymətləndirirəm. Azərbaycanda namizədlərin sayına baxanda başa düşmək olur ki, Milli Məclis ölkənin həyatında nə qədər böyük rol oynayır. Düşünürəm ki, bu seçkilər, ilk növbədə, Azərbaycan xalqının qələbəsidir”.

Parlament Məclisinin müşahidə missiyasının digər üzvü, bolqarıstanlı deputat Petar Kanev bildirib ki, o, Azərbaycanda üçüncü dəfədir seçkilərdə müşahidəçi kimi iştirak edir. “Hava soyuq olsa da, seçkiyə maraq çox yüksək idi. Seçkilərin şəffaf keçirilməsinin şahidi oldum. Azad və demokratik seçkilər münasibətilə Azərbaycan xalqını təbrik edirəm”, - deyə o əlavə edib.

QDİƏT PM-in müşahidə missiyasının üzvü, gürcüstanlı deputat Ramaz Nijolaişvili də seçkilərin demokratik şəraitdə keçdiyini vurğulayıb.