YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Siyasi məhbus məsələləsi ilə bağlı ölkəmizin ünvanına səsləndirilən ittihamlar qərəzli və qeyri-obyektivdir

"Bu gün hələ də "siyasi məhbus" anlayışından istifadə edilməsi ilə bağlı nümunələr nə universal, nə də regional səviyyədə qəbul edilmiş beynəlxalq-hüquqi meyarlar hesab edilə bilməzlər. Çünki bununla bağlı real hüquqi sərhədlər bəlli deyil və Avropa Şurasının özündə belə birmənalı rəy yoxdur. Belə olduğu halda hansısa bir ölkədə kimin siyasi məhbus, kimin cinayətkar olduğunu hansı kriteriyalar üzrə müəyyənləşdiririk". Bunu Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində keçirilən müzakirələrdə çıxış edən Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib. Onun sözlərinə görə, biz bu günə qədər Azərbaycana qarşı uydurma "siyasi məhbus" məsələsi ilə bağlı iddiaları bir daha nəzərdən keçirərək görürük ki, hətta ən ağır cinayətlərdə adı hallanan və həmin cinayəti törətməsi hüquqi instansiyalar tərəfindən təsdiqlənmiş insanların belə "siyasi məhbus" adlandırılmasına cəhdlər olmuşdur: "Azərbaycanın hüquqi dövlət quruluşuna qarşı yönəlmiş təxribat cəhdlərinə, ölkədə vətəndaşların təhlükəsizliyini, qanunun aliliyini təhdid edən cinayətkarları "siyasi məhbus" adlandırmaq olarmı?".

Bu məruzədə əksini tapan bəzi iddialara münasibət bildirən Sahibə Qafarova deyib ki, Azərbaycanda guya tənqid yazan jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının yaxud siyasətçilərin həbsi ilə bağlı ittihamlar tamamilə yalan və qərəzli informasiyalara əsaslanır: "Heç kəs media fəaliyyətinə və yas siyasi fəaliyyətinə görə hüquqi sanksiyalarla üzləşməyib. Siyasi mövqeyi yaxud fəaliyyət növü də heç kəsə qanunları pozmaq imkanı, fövqəladə hüququ vermir. Əgər siz haqqında danışdığınız məsələlərlə bağlı real vəziyyətlə yerində tanış olsanız, Azərbaycanın hüquqi instansiyalarının tamamilə adekvat qərarlar qəbul etdiyini görərsiniz.

Yaxud Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı" haqqında qanunu bir çox beynəlxalq ekspertlərin iştirakı ilə qəbul olunub və parlamentdə təsdiqlənib. Həmçinin bu qanunun tələbləri çərçivəsində istənilən siyasi təşkilat və partiyaya öz mitinq və ya aksiyasını keçirmək imkanı yaradılıb. Rəsmi qurumlar mitinq və ya aksiya ilə bağlı müraciətlərə əsasən müsbət cavab verib. Amma bəzi siyasi təşkilatlar müvafiq qanunvericiliyin tələblərini heçə sayaraq qanunsuz aksiya keçriməyə, bununla da bir çox qanunun tələblərini pozmağa cəhd edirsə, hüquqi mühafizə orqanları qanuna əməl olunmasını təmin etməlidir. Mən burada Avropanın dövlətçilik təcrübəsi çox olan, demokratik inkişafı ilə öyünən bir çox dövlətlərdə qanunsuz aksiya iştirakçılarına qarşı hansı metod və təzyiqlərin olunduğunu geniş şəkildə xatırlatmaq istəmirəm. Hesab edirik ki, Azərbaycanda qanuna əməl olunması, qanunun tələblərinin yerinə yetirilməsi heç də Avropadakı digər ölkələrdən az əhəmiyyətli deyil. Qanun və hüquqa əməl etmək, onu qorumaq digər ölkələrdə nə qədər əhəmiyyətlidirsə, Azərbaycan hüquq mühafizə orqanları üçün də o qədər önəmlidir".

"Mən Azərbaycan parlamentdə Gəncə ətrafı bölgəni təmsil edirəm. Ona görə də Gəncə hadisələri ilə bağlı yetəri qədər informasiyalara sahibəm. Həm bir parlamentari kimi, həm də bu ölkənin məsuliyyətli vətəndaşı kimi ilk gündən bu hadisələri diqqətlə saxlamış, bütün informasiyalara yiyələnməyə çalışmışam. Gəncədə radikal qanunsuz dini qrupun ölkədəki sabitliyi və asayişi pozmaq cəhdinin qarşısı alınıb. Azərbaycan dövlətinə, ölkənin suverenliyinə qarşı yönəlmiş təxribat cəhdinin iştirakçısı olan şəxslərlə bağlı qanuni tədbirlərin görülməsini siyasiləşdirmək cəhdi tamamilə ədalətsizdir. Xatırlatmaq istəyirəm ki, həmin hadisələr zamanı iki nəfər yüksək rütbəli polis əməkdaşı da cinayətkarlar tərəfindən qətlə yetirilib. Eynilə, Nardaran hadisələri ilə bağlı da eyni hal müşahidə olunur. Orada da radikal dini qanunsuz qrup dövlət çevrilişinə cəhd edib, asyiş keşikçilərinin qanuni tələblərinə tabe olmayaraq, bir neşə nəfər polis əməkdaşını qətlə yetiriblər", - deyən S.Qafarovanın fikrincə, siyasi məhbus məsələləsi ilə bağlı ölkəmizin ünvanına səsləndirilən ittihamlar qərəzliliyi və qeyri-obyektivliyi ilə seçilməklə, birbaşa Azərbaycanı hədəf alıb.

Nümayəndə heyətinin üzvü sonda bildirib ki, Azərbaycan dövləti hər zaman beynəlxalq təşkilatlarla əməkdaşlığa, obyektiv dialoqa hazır olduğunu bəyan edib: "Amma haqsız, ədalətsiz və qərəzli münasibəti Azərbaycan heç vaxt qəbul etmir".