YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Babək Məmmədzadə: Gənclərin potensialının inkişafı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas prioritetlərindən birini təşkil edir

“Son iki onillikdə Azərbaycanın müxtəlif sahələrdə davamlı inkişafı ciddi formalaşmış daxili və xarici siyasətin bariz nümunəsidir. Gənclər sektorunda əldə olunmuş nailiyyətlər dinamik inkişafın əsasını təşkil etməsi ilə bərabər hökumətin hər zaman bu sahəyə önəm verməsini sübut edir. Cənab Prezidentin Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi siyasətinin uğurla həyata keçirilməsi kontekstində gənclərin hərtərəfli inkişafı üçün yaradılan şərait və onların Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsili qloballaşan dünyada Azərbaycan gəncliyinin beynəlxalq təcrübədən yararlanması üçün geniş imkanlar yaradır.” Bu fikirləri Azərbaycan Prezidenti yanında Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun baş məsləhətçisi Babək Məmmədzadə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gəncliyin inkişafını nəzərdə tutan prinsipləri şərh edərkən bildirmişdir.

Babək Məmmədzadə qeyd etmişdir ki, 1996-cı ilin 2 fevral tarixində Ulu öndərin təşəbbüsü ilə keçirilən ölkə gənclərinin I Forumu ölkədə gənclər siyasətinin formalaşmasında önəmli rol oynaması ilə bərabər bu sahəyə sistematik yanaşmanı ortaya qoydu. Müntəzəm olaraq ölkədə akademik və qeyri-akademik sahələrin stimullaşdırılması məqsədi ilə yerli və beynəlxalq səviyyəli yarışların keçirilməsi “Bakı-2015” ilk Avropa Oyunları fonunda uğurlu siyasətin əsasını təşkil edir. Bu siyasətə uyğun olaraq, gənclərin potensialının inkişafı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas prioritetlərindən birini təşkil edir. Bu məqsədlə 2013-2023-cü illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyasının həyata keçirilməsi də bu yanaşmanın davamlılığını təmin edir.

Beynəlxalq təhsil və təcrübəyə əsaslanaraq qeyd etməliyik ki, əksər dünya ölkələrində gənclər siyasətinin əhəmiyyəti dövlət səviyyəsində vurğulanmadığı kimi gənclərə dövlət qayğısı da bu miqyasda nəzərə çarpmır. Bu baxımdan, əsas məsələ gənclərin bu şəraitdən necə faydalanmasıdır. C.Kennedinin “soruşma ki, ölkən sənin üçün nə edib, soruş ki, sən ölkən üçün nə etmisən” sözlərindən fərqli olaraq cənab Prezidentin bu sahədə yürütdüyü siyasətin nəticəsi öz dolğun bəhrəsini vermişdir.

““Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası prizmasından gənclərin sabahı hökumətin bu sahədə yaratdığı imkanlar baxımından parlaqdır. Ən əsası gənclərin ölkədaxili və ölkəxarici fəaliyyəti hökumətin bu sahədəki siyasəti ilə mütənasib olmalıdır ki, Azərbaycan gələcəkdə də dünyanın nüfuzlu ölkələri arasında müxtəlif sahələrdə davamlı inkişafını təmin etsin. 
Bu baxımdan, Ulu öndərin “hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir” sözləri gənclərin amalına çevrilmişdir.”-deyə, Babək Məmmədzadə bildirmişdir.