YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Beynəlxalq reytinq agentliklərinin Azərbaycanın uğurlu inkişafını təqdir etməsi tamamilə qanunauyğundur

“Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və ölkəmizin hərtərəfli dinamik inkişafını hədəfləyən ardıcıl, məqsədyönlü siyasət nəticəsində bu gün respublikamız dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biri kimi qəbul olunur. Bunu beynəlxalq səviyyəli reytinq agentliklərinin dəyərləndirmələri, beynəlxalq tədqiqat mərkəzləri tərəfindən aparılan təhlillərin nəticələri də bir daha təsdiqləyir”. Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova ABŞ-ın nüfuzlu Pensilvaniya Universitetinin "BAV Group and Wharton School" Qrupunun analitikləri tərəfindən tərtib edilən reytinq sıralamasında Azərbaycanın 45-ci pillədə qərarlaşmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu kimi uğuru göstəricilər ölkəmiz üçün ənənəvi haldır. Bundan əvvəl də Davos İqtisadi Forumunun, Dünya Bankının son hesabatlarında Azərbaycanın rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğu, islahatların reallaşdırılması, əhaliyə göstərilən dövlət xidmətlərinin inklüzivliyinin artırılması, biznes mühitinin daha da optimallaşdırılması və digər istiqamətlərdə qazandığı möhtəşəm nailiyyətlər qeyd olunur, bir sıra indikatorlar üzrə ölkəmizin mövqeyinin ildən – ilə əhəmiyyətli dərəcədə yaxşılaşdığı aydın şəkildə müşahidə olunur: "Son olaraq isə bu günlərdə ABŞ-ın "U. S. News & World Report" jurnalının 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısında Azərbaycanı da yüksək pillələrdə qeyd eyməsi bir daha Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərə verilən qiymətin ifadəsidir. Pensilvaniya Universitetinin "BAV Group and Wharton School" Qrupunun analitikləri tərəfindən tərtib edilən reytinq sıralamasında Azərbaycan yenə də yüksək yerdə - 45-ci pillədə qərarlaşıb. Növbəti reytinq sıralamasında Azərbaycanın belə yüksək yer tutması ölkəmizin uğurlu siyasət kursu həyata keçirməsinin daha bir əyani təsdiqidir. Belə ki, siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Sevindirici məqamlardan biri də odur ki, təqdim olunan reytinqdə ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə bir neçə Avropa ölkəsini - Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub".

Bu amilləri sadalayan millət vəkili S.Qafarova deyib ki, son 16 ildə davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Bu dövrdə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə yüksəlib. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. İqtisadiyyatın genişlənməsi ilə paralel şəkildə, ölkəmizin maliyyə təminatı da güclənir. Son 16 ildə respublikamıza daxili və xarici mənbələrdən 260 milyard dollardan çox investisiya yönəldilib. Eyni zamanda, respublikamızın valyuta ehtiyatları da əsaslı şəkildə artıb. Artıq respublikamızın strateji valyuta ehtiyatları 49 milyard dollara çatıb.

Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycanın daxili siyasətdə əldə etdiyi nailiyyətlər xarici siyasətlə bağlı da uğurlu və praqmatik addımların atılmasını şərtləndirib. "Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, praqmatik xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan dünya ictimaiyyəti tərəfindən güclü, etibarlı, sözünə etimad olunan bir

dövlət kimi qəbul olunur. Bu gün Azərbaycan BMT kimi mötəbər bir qurumun Təhlükəsizlik Şurasında təmsil olunmuş bir dövlət kimi beynəlxalq münasibətlər sistemində fəal rol oynayır. Eyni zamanda, çox az bir vaxt bundan əvvəl Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ölkəmizin müstəqillik tarixində mühüm siyasi hadisədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qoşulmama Hərəkatında ciddi uğurlara imza atdı. Azərbaycan üç il ərzində bu təşkilata sədrlik edəcək. Bu, BMT-dən sonra dünyada ən böyük ikinci təşkilatdır. Azərbaycan bu təşkilatda fəal rol oynamaqla, həm Qoşulmama Hərəkatının fəaliyyətinə uğurlu töhfələr verir, həm də özünün xarici siyasətdəki maraq və mənafelərinin daha güclü əsaslarda müdafiə olunmasına imkan qazanır. Azərbaycan dünyada mədəniyyətlərə və sivilizasiyalar arasında dialoq prosesinə çox mühüm töfhələr verən, ciddi təşəbbüslərin müəllifi kimi böyük nüfuz qazanan bir dövlətdir. Və belə olan halda beynəlxalq reytinq agentliklərinin Azərbaycanın uğurlu inkişafını təqdir etməsi, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi tamamilə qanunauyğundur".