YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “General Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “General Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncamda 2015-ci ilin aprelində Azərbaycanın görkəmli hərbi xadimi, tanınmış hərbçi alim, general-leytenant Əlağa Şıxlinskinin anadan olmasının 150 illiyinin tamam olması qeyd edilir. Həmçinin XX əsrin əvvəllərindən etibarən irimiqyaslı hərbi əməliyyatların iştirakçısı olan general Əlağa Şıxlinskinin döyüş meydanlarındakı şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazdığı xüsusi vurğulanır. Diqqətə çatdırılır ki, general Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna fəaliyyət göstərib, sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq ölkənin silahlı qüvvələrinin formalaşdırılmasına töhfələr verib.

Sərəncama əsasən, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyəti nəzərə alınaraq Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan general-leytenant Əlağa Şıxlinskinin 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə Müdafiə Nazirliyinə Təhsil, Mədəniyyət və Turizm nazirlikləri ilə birlikdə görkəmli hərbi xadim, general-leytenant Əlağa Şıxlinskinin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.