YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Quliyev: Yeni sistem aqrar sahədə subsidiyaların verilməsində şəffaflığın təmin olunması üçün ciddi mexanizmdir

“Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq 2020-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyənləşdirilməsi barədə qərar qəbul edib. Qərara əsasən, kənd təsərrüfatı bitkiləri üzrə baza məbləği 200 manat olmaqla 2020-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği müəyyən edilib”. Bu fikirləri kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

İ.Quliyev bildirib ki, bu sistem aqrar sahədə subsidiyaların verilməsində şəffaflığın və operativliyin təmin edilməsi, dövlət büdcəsindən qənaətlə istifadə olunması, bürokratik əngəllərin aradan qaldırılması üçün ciddi mexanizmdir. Onun sözlərinə görə, əmsallar məhsulun növündən, strateji əhəmiyyətindən, ixrac potensialından asılı olaraq müəyyənləşdirilib.

“Subsidiya sisteminin icraçısı Aqrar Kredit və İnkişaf Agentliyidir. Açıqlanan əmsallar bir il müddətində qüvvədə olacaq. Hər il yanvarın 15-dək Aqrar Subsidiya Şurası yeni il üçün əmsalları elan edəcək. Elektron Kənd Təsərrüfatı Sistemində qeydiyyatdan keçən, öz torpağı və əkəcəyi bitki haqqında məlumatları düzgün əks etdirən hər bir fermerə “Fermer kartı” verilir və o, il ərzində həmin kart vasitəsilə subsidiyaları elektron qaydada ala biləcək. Karta köçürülən məbləğin 25 faizi nağdlaşdırıla, qalanı isə post-terminallar, bankomatlar vasitəsilə hər bir təchizatçıya köçürülə bilər. Əgər fermer öz kartında olan vəsaitdən qənaətlə istifadə edibsə, təkrar əkin zamanı da həmin kartda qalan vəsaitdən yararlana bilər”-deyə, nazir müavini vurğulayıb.