YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Nikol Paşinyanın bu cür bəyanatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə ciddi zərbə vurur

“Ermənistanın baş naziri Nikol Paşinyan müxtəlif hallusinasiya xarakterli bəyanatlarla çıxış edərək xaricdən ona dəstək olan qüvvələrin başını aldatmaq və demokratik imic qazanmaq istəyir”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, N.Paşinyan vəzifəyə gəlməmişdən əvvəl hələ küçə mitinqləri zamanı ermənilərə onların sosial problemlərini həll edəcəyi, analara övladlarının qonşu ölkənin işğal etdikləri ərazisində qurban verilməyəcəyi haqqında vədlər vermişdi. Lakin heç bir öhdəliyi və vədi yerinə yetirə bilməyən Paşinyan müxtəlif imitasiya xarakterli hərəkətlərlə öz hakimiyyətinin vaxtını uzatmağa çalışır. Bu yaxınlarda onun pan-erməni oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə səfərə getməsi də məhz bu səbəblərdən qaynaqlanır. Ermənistan vətəndaşı bizim torpaqlarımızda ölür. Erməni anaları Paşinyana sual verirlər ki, axı bizim övladlarımızın Azərbaycan torpaqlarında nə işi var idi? Paşinyan isə bu cür bəyanatlarla çalışır ki, daxili auditoriyanın fikrini əsas problemlərdən yayındırsın. Ermənistanın büdcəsi yoxdur. Bütün dünya bilir ki, işğalçı ölkənin büdcəsi beynəlxalq fondların, bəzi dövlətlərin dəstəyi hesabına dolur. Ermənistan əhalisi də görür ki, iki ildir vəd verilməsinə baxmayaraq, onların vəziyyətində heç bir dəyişiklik yoxdur.

“Ən əsası isə Paşinyan beynəlxalq hüququn prinsiplərini pozmaqla bölgədəki mövcud gərginliyi daha da artırır. O, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırışla beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə məhəl qoymadığını, Minsk qrupunun həmsədrlərinə total hörmətsizlik nümayiş etdirdiyini bir daha sübut etdi. N.Paşinyanın bu cür bəyanatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə ciddi zərbə vurur”-deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.