YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Abdullayeva: Ermənistanın baş naziri dünya birliyini aldatmağa müvəffəq olmayacaq

Ermənistanın baş naziri N.Paşinyanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan SSR-dən zor gücü ilə ayrılmasını Azərbaycanın SSRİ-dən çıxması prosesi ilə əsaslandırmaq cəhdi onun hüquqi savadsızlığının və ya yalana əl atmasının sübutudur. Ermənistanın baş naziri əgər xalqını barmağına dolamaq istəyirsə, bu, onun öz işidir. Lakin o, dünya birliyini aldatmağa müvəffəq olmayacaq, xüsusilə də məsələnin hüquqi tərəfinə gəldikdə.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın açıqlamasında yer alıb.

Mətbuat katibi deyib: “İlk olaraq, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936-cı və 1977-ci illər SSRİ konstitusiyalarında təsbit edilmişdir, üstəgəl müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Erməni millətçilərinin DQMV-nin Azərbaycan SSR-dən ayrılmasına yönəlmiş qanunsuz hərəkətləri ilə əlaqədar olaraq, SSRİ Ali Soveti öz qərarlarında mövcud sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünü birmənalı şəkildə təsdiq etdi. Beləliklə, Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılması cəhdləri SSRİ Konstitusiyasının açıq şəkildə pozulması ilə müşayiət olunurdu və buna görə də heç bir hüquqi nəticə doğurmadı.

İkincisi, Ermənistan tərəfinin tez-tez istinad etdiyi 1990-cı il 3 aprel tarixli "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında" SSRİ qanununun məqsədi müttəfiq respublikaların SSRİ-dən ayrılması halında SSRİ daxilindəki qarşılıqlı münasibətləri müəyyən bir prosedur yaratmaqla tənzimləməkdən ibarət idi. Müttəfiq respublikanın SSRİ-dən çıxması yalnız mürəkkəb çoxmərhələli prosedurdan keçdikdən və nəticədə SSRİ Xalq Deputatları Qurultayı tərəfindən müvafiq qərar qəbul edildikdən sonra tamamlanmış hesab edilə bilərdi. Lakin qeyd olunan qanun heç vaxt tətbiq edilmədi və heç bir müttəfiq respublika, o cümlədən Azərbaycan və Ermənistan bu qanunda nəzərdə tutulmuş ayrılma qaydasından istifadə etmədi.

Üçüncüsü, SSRİ dağıldıqdan sonra Azərbaycan BMT-yə, eləcə də digər beynəlxalq təşkilatlara SSRİ dövründəki öz inzibati sərhədləri çərçivəsində daxil olub və həmin hüdudlar bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycanın beynəlxalq sərhədləri qismində tanınır. Ermənistanın iddia etdiklərindən fərqli olaraq, Müstəqil Dövlətlər Birliyinin məqsəd və prinsiplərinə dair 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsini imzalayan dövlətlər, o cümlədən Ermənistan öz üzərilərinə bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyini götürüblər.

Seçicilərinə qızıl dağlar vəd edən Ermənistan baş nazirinin iddiaları mövcud vəziyyətdən konkret çıxış yollarının göstərilməməsi səbəbindən daha çox iflasa uğrayır. Çünki bu vəziyyətin düzəldilməsi qonşu Azərbaycanla münasibətlər normallaşdırılmadan mümkün deyil. Burada, həmçinin iqtisadiyyat, demoqrafiya, hərbi və digər amilləri nəzərə almaq lazımdır.

Bununla yanaşı, qeyd etmək istərdik ki, Ermənistanın bu və ya digər rəhbərinin mövqeyindən asılı olmayaraq, Azərbaycan özünün beynəlxalq tanınmış və əzəli torpaqları, o cümlədən Dağlıq Qarabağ bölgəsi üzərində suverenliyini bərpa edəcək, çünki ədalət və hüquq Azərbaycanın tərəfindədir. Bu vaxt gəlib çatacaq və bölgədə vəziyyətin inkişafını nəzərə alaraq bu vaxt hər an yetişə bilər”.