YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni beynəlxalq kontekstdə Azərbaycanın geosiyasi önəmi

Noyabrın 11-də Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə, Rumın-Amerikan Universitetində “Yeni beynəlxalq kontekstdə Azərbaycanın geosiyasi önəmi” mövzusunda elmi konfrans keçirilib. Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev konfransda çıxış edərək son zamanlar beynəlxalq aləmdə baş verən proseslərin mənfi təsirinə baxmayaraq, Azərbaycanın getdikcə inkişaf etdiyini bildirdi. İ.Hacıyev qeyd etdi ki, Azərbaycanın siyasət, iqtisadiyyat, təhsil, mədəniyyət, idman və digər sahələrdə uğurları əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə, dövlətimizin başçısının rəhbərliyi ilə ölkədə bütün sahələrdə mühüm islahatların həyata keçirilməsinə söykənir. Sonra Azərbaycanın nailiyyətlərindən bəhs edən film nümayiş olundu. Çıxış edən Azərbaycanın Rumıniyadakı səfirliyinin müşaviri İrfan Davudov Cənubi Qafqaz regionunda bir çox münaqişələrin cərəyan etdiyini və bu münaqişələrin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına mənfi təsir göstərdiyini, sabitliyə təhlükə yaratdığını bildirdi. O, Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolunu oynadığını və bir çox beynəlxalq layihələrdə iştirak etdiyini vurğuladı. Diplomat Rumıniyanın Azərbaycanı beynəlxalq təşkilatlarda hər zaman dəstəklədiyini qeyd etdi. Rumın-Amerikan Universitetinin prorektoru, professor Florin Bonçu Azərbaycanın dünyanın ən qədim neft istehsalçılarından biri olduğunu dedi. Azərbaycanın enerji potensialından söhbət açan F.Bonçu bildirdi ki, regionun və dünyanın geosiyasi dəyişikliklərini nəzərə alaraq, həm Rumıniyanın, həm də bütövlükdə Avropa İttifaqının Azərbaycanla əlaqələri möhkəmləndirməsi zəruridir. O, rəsmi Bakının hər zaman əməkdaşlığa açıq olduğunu vurğuladı. ARDNŞ-in Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimov çıxışında Qara dəniz və Xəzər dənizi ölkələrinin regional əməkdaşlığı, Avropanın qaz bazarı, Azərbaycan təcrübəsi, Rumıniya üçün imkanlar və digər mövzulara toxunub. Ölkəmizin neft strategiyası, enerji siyasəti barədə məlumat verən H.Kərimov Avropanın enerji xəritəsini dəyişəcək TAP və TANAP layihələrindən, eləcə də XXI əsrin layihəsi adlandırılan “Cənub” qaz dəhlizindən bəhs etdi. O, ARDNŞ-in Qara dəniz bölgəsində enerji sahəsindəki strateji layihələrdə region ölkələri ilə birgə çalışmağa, öz təcrübəsini bölüşməyə hazır olduğunu vurğuladı. “Geopolitika” Assosiasiyasının sədri, “Geopolitika” jurnalının baş redaktoru Vasile Simileanu Azərbaycanın regionda gücü barədə ətraflı məlumat verdi. O, Avro-Asiya layihələrində uğurla iştirak edən Azərbaycanın regionun inkişaf modelinə çevrildiyini söylədi. V.Simileanu Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-konstruktiv mövqe göstərməsi nəticəsində beynəlxalq layihələrdən uzaqlaşdığını, öz iqtisadiyyatına zərər vurduğunu bildirdi. Enerji təhlükəsizliyi üzrə ekspert Dan Barbuts isə Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu söylədi. Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Rumıniya Qabaqcıl Strategiya Mərkəzinin rəhbəri Rızvan Buzatu Rumıniya ilə Azərbaycan arasında əlaqələrdən danışdı. Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətinə toxunan R.Buzatu Azərbaycanın dünyada təkcə enerji resurslarına görə deyil, həm də bəşəriyyətin gələcəyi üçün vacib olan məsələlərin müzakirə edildiyi mötəbər tədbirlərə ev sahibliyi etdiyinə görə tanındığını vurğuladı.