YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin baş direktoru ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin baş direktoru Mixael Şpindeleqqer ilə görüşüb.

Nazirlikdən bildiriblər ki, görüşdə “Azərbaycanla Avropa İttifaqı arasında Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBILAZE) layihəsi çərçivəsində Bakıda keçirilən “Yerdəyişmə üzrə Tərəfdaşlıq” mövzusunda illik beynəlxalq konfrans zamanı faydalı müzakirələrin aparıldığı qeyd edilib. Miqrasiya məsələsinin hazırda beynəlxalq gündəlikdə, o cümlədən Aİ üçün önəm kəsb edən ən vacib məsələlərdən biri olduğu ifadə edilib.

Tərəflər Azərbaycanın Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə miqrasiya sahəsində sıx əməkdaşlıq etdiyini bildirərək, MOBILAZE layihəsinin Aİ-Azərbaycan arasında əməkdaşlığın mühüm ölçüsü olan yerdəyişmə proseslərini və insanlararası əlaqələri dəstəkləməkdə rolunu yüksək qiymətləndiriblər. Eyni zamanda, tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Viza Rejiminin Sadələşdirilməsi və Readmissiya sazişlərinin bu ölçüyə xidmət etdiyini söyləyərək sözügedən sazişlərin icrasında Azərbaycanın sadiqliyini xüsusilə vurğulayıblar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov münaqişə nəticəsində ölkəmizin genişmiqyaslı daxili miqrasiya problemi ilə üzləşdiyini bildirib. Nazir Azərbaycanın müvafiq qurumlarının səyi nəticəsində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı işlər görüldüyünü xüsusilə qeyd edib. Elmar Məmmədyarov, eyni zamanda, həmsöhbətini münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinin son durumu ilə bağlı məlumatlandırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.