YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Dünya miqyasında güclü ordular sırasında yer alan Azərbaycan Ordusunun qüdrəti davamlı olaraq artır

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın sürətli inkişafını təmin edib, ölkəmizin siyasi, iqtisadi və hərbi qüdrəti artıb. Bu kontekstdə ölkəmizdə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin reallaşdırılması da xüsusi əhəmiyyətə malikdir. Görülən işlərin nəticəsi kimi, Azərbaycan Ordusu istər döyüş qabiliyyətinə, istər maddi-texniki bazasına, istərsə də müasir silah-sursat arsenalına görə dünyada aparıcı yerlərdən birini tutur. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəylərində də ifadə olunduğu kimi, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır”. Bu fikiri Milli Məclisin deputatı Malik Həsənov deyib.

Onun sözlərinə görə,  dünya miqyasında güclü ordular sırasında yer alan Azərbaycan Ordusunun qüdrəti davamlı olaraq artır: “İyunun 26-da Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir”,-deyə vurğuladı. Bəli, Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə davam edir, ordumuz ən müasir texnika ilə təchiz edilir”.

Millət vəkili əlavə edib ki, Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malikdir və  qarşıya qoyulan istənilən vəzifəni icra etməyə qadirdir: “Ordumuz öz gücünü və məharətini döyüş meydanında göstərmişdir. Bilirsiniz ki, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun qoşunları təmas xəttində düşmənin növbəti təxribat cəhdinin qarşısını qətiyyətlə aldı və qarşı tərəfə sarsıdıcı əks həmlələr endirdi. Bundan başqa, ordumuz 1992-ci ildən erməni silahlı birləşmələrinin işğal etdiyi Şərur rayonunun Günnüt kəndini də qəhrəmanlıqla azad etdi. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Mehridağ işğaldan azad olundu, ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alındı. Bütün bunlar bir daha göstərdi ki, qüdrətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək əzmindədir”.