YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kaliforniyanın Qərbi Hollivud şəhərində 28 may tarixi “Azərbaycan Milli Günü” elan edilib

ABŞ-ın Kaliforniya ştatının Qərbi Hollivud şəhərində 28 may tarixi “Azərbaycan Milli Günü” elan edilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildiriblər ki, bununla bağlı şəhər meri Con Damiko və Şəhər Şurasının üzvləri tərəfindən müvafiq bəyannamə imzalanıb.

Ölkəmizin Los-Ancelesdəki baş konsulluğuna göndərilən bəyannamədə Azərbaycan xalqının 1918-ci il 28 may tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də əvvəl qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə qeyd olunur ki, Los-Ancelesdəki baş konsulluğu vasitəsilə Azərbaycan Qərbi Hollivud şəhəri ilə güclü tərəfdaşlıq əlaqələri qurub.

Bəyannamənin sonunda 28 may tarixi Qərbi Hollivud şəhərində “Azərbaycan Milli Günü” elan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət olunur.