YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Azərbaycanın bügünkü inkişafı Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanan siyasətin məntiqi nəticəsidir

“Bu gün Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada Ulu Öndər Heydər Əliyevin əməyi, nişanəsi olmasın. Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına həsr edib və bu gün bütün sahələrdə Ümummilli Liderin əməyi özünü göstərir. Heydər Əliyevin həyatı bütöv bir tarixdir. Onun bütün həyatı, fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildirib ki, xüsusilə Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtması Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Onun sözlərinə görə, məhz Ulu Öndərin qayıdışından sonra müstəqilliyimiz təhlükədən xilas oldu, ölkədə sabitlik bərpa olundu və Azərbaycanda bütün sahələrdə inkişafa doğru addımlar atıldı. Həmin dövrdən etibarən  Ulu Öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı: “Əgər həmin çətin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan xalqının başına hansı faciələrin gələcəyini heç kim bilmirdi. O vaxt səriştəsiz hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi təhdid altında idi, lakin Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində böyük işlər həyata keçirilməyə başlandı. Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Bu kontekstdə bir sıra kompleks məsələlərə nəzər yetirmək vacibdir. 15 iyun 1993-cü ilin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olması nəinki Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının, eyni zamanda, ölkəmizin bugünkü reallıqlarının başlanğıcının təsdiqidir. Azərbaycan xalqı daim azadlıq, müstəqillik uğrunda mübarizə aparıb, bu istəyinə nail olmaq üçün böyük qurbanlar verib. 1991-ci ilin 18 oktyabrında Azərbaycanın Dövlət Müstəqilliyi Aktının qəbul olunmasına baxmayaraq, ilk illərdə ölkəyə idarəçilik qabiliyyəti olmayan, öz şəxsi maraqlarını dövlətin mənafeyindən üstün tutan şəxslərin rəhbərlik etməsi Azərbaycanı böyük uçurum qarşısında qoymuşdu. Belə bir ağır durumda Ulu Öndər Heydər Əliyev xalqın köməyinə gəldi”.

Millət vəkili qeyd edib ki, Azərbaycanın bügünkü inkişafı Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanan siyasətin məntiqi nəticəsidir: "Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə altında dövlətimiz hər ötən  gün özünün siyasi və iqtisadi qüdrətini artırmaqdadır. Bu gün ölkəmiz dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılıb-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Azərbaycanın bölgədə və dünyada artan siyasi gücü dövlətimizin milli maraqlarının beynəlxalq arenada daha ciddi şəkildə qorunmasına xidmət edir. Biz dünyada bir inkişaf modeli yaratmışıq.  Bütün bunların əsası məhz Ulu Öndər tərəfindən qoyulub. Heydər Əliyev Azərbaycana böyük və olduqca qiymətli irs qoyub. Bu gün Ümummili Liderimizin irsini daha da dərindən öyrənmək, təbliğ etmək, dünyaya çatdırmaq hamımızın borcudur”.