YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dünyada sülh və sabitlik yaradılması işinə mühüm töhfələr verir

"Azərbaycan dövləti hər zaman mədəniyyətlərarası dialoqun inkişafında aparıcılıq mövqeyini ortaya qoyub və əsas təşəbbüskar kimi çıxış edib". Bu fikri AMEA-nın vitse-prezidenti, akademik  İsa Həbibbəyli Bakıda "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, bu xüsusda ilkin faktor cəmiyyətlərin multikultural dəyərlərə önəm verməsi, bu yöndə fəaliyyət göstərməsidir: "Bu baxımdan, qeyd etmək istərdim ki, ayrı-seçkiliyə, qeyri-bərabərliyə və zorakı münaqişəyə qarşı ən güclü mübarizə üsulu məhz multikulturalizm və tolerantlıq mühitinin yaradılmasıdır." Akademik həmçinin qeyd edib ki, ölkəmizdə bu istiqamətdə davamlı işlər aparılır: "Multikulturalizmin geniş mənada mahiyyəti ondan ibarətdir ki, dövlət cəmiyyətdəki müxtəlif və bir-birindən fərqli mədəniyyətlərin daşıyıcıları olan fərdlər, yaxud sosial qruplar arasında fərq qoymur, onların heç birini digərindən üstün, yaxud aşağı hesab etmir və bütün mədəniyyət daşıyıcılarına bərabər hüquqlar tanıyır. Başqa sözlə desək, dövlət cəmiyyətdə olan mədəni dəyərlərə birbaşa müdaxilə etmir və dövlət tərəfindən əvvəlcədən formalaşdırılmış mədəni dəyərlər sistemini cəmiyyətə yeritmir. Bu məsələdə sosial subyektlərə bir növ sərbəstlik tanıyır. Prezident İlham Əliyevin yürütdüyü siyasətin tərkib hissələrindən biri də bu kimi önəmli məsələlərdir ki, Azərbaycan bütün dünyaya öz yüksək dəyərlərini təqdim edir".

İ.Həbibbəyli Bakıda belə bir Forumun keçirilməsinin önəmli olduğunu və yüksək qiymətləndirildiyini bildirib: "Bu, artıq xoş bir ənənə şəklini alıb. Burada müzakirə olunan məsələlər olduqca mühümdür. Multikulturalizm məsələsi ətrafında müzakirələr də çox maraqlı mövzuları əhatə edir. Həmçinin, bu tədbirdə, elmin, mədəniyyətin, ictimai həyatın müxtəlif sahələrində çalışan təcrübəli insanlar bir-biri ilə görüşərək fikir mübadiləsi aparmağa, öz təcrübələrini bölüşməyə imkan tapırlar. Məsələ bundadır ki, dünyada sivilizasiyalararası konfliktlər gündən-günə daha da ağırlaşır və onların müzakirə edilərək həllinin tapılması aktual məsələyə çevrilir. Belə problemlərin həllində isə dövlətlərarası dialoqun rolu böyükdür. Mən deyərdim ki, sivilizasiyaları, müxtəlif xalqları bir araya gətirən belə forumların Azərbaycanda keçirilməsi ölkə üçün böyük uğurdur". Akademik qeyd edib ki, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dünyada sülh və sabitlik yaradılması işinə mühüm töhfələr verir.